“Prezidentin çıxışı Azərbaycanın xarici siyasətinin növbəti uğurudur” - MÜNASİBƏT BİLDİRİLDİ

10 Sentyabr 2024 16:34 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin İtaliyada Beynəlxalq Çernobbio Forumunda iştirakı və orada yeni geosiyasi şəraitdə Azərbaycanın rolu mövzusunda çıxışı diplomatik və siyasi sahədə növbəti uğur kimi qiymətləndirilməlidir. Ölkə başçısının çıxışı orada böyük diqqətlə dinlənilmiş və forum iştirakçılarının böyük marağına səbəb olub. Moderatorun müxtəlif səpkili suallar verməsi bunun təsdiqidir ki, Azərbaycanın Avropa məkanında rolu və yeri barədə istər İtaliyada, istərsə də forum iştirakçısı olan digər dövlətlərdə ciddi maraq olduğu görünür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O bildirib ki, cənab Prezident çıxışı zamanı müxtəlif məqamlara toxunmuşdur və bu məqamların hər biri Azərbaycan və bölgə üçün çox əhəmiyyətlidir: “Azərbaycan-İtaliya münasibətlərinə toxunan ölkə başçısı bizim münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasını qeyd etmiş və on il öncə strateji tərəfdaşlıq barədə bəyannamənin imzlanmasının xüsusi əhəmiyyətini vurğulamışdır. Azərbaycanla İtaliya bir çox sahələr üzrə əməkdaşlıq edirlər. Xüsusilə Azərbaycanın neft və qaz ehtiyyatlarının İtaliyaya çatdırılması və İtaliyanın Azərbaycanın karbohidrogen ehtiyyatlarından bəhrələnən ölkə olduğunu vurğulaması və İtaliya üzərindən də digər Avropa dövlətlərinə Azərbaycan qazının şaxələnməsi olduqca böyük əhəmiyyətə malikdir.

Eyni zamanda bizim humanitar əlaqələrimizin genişlənməsi, Azərbaycan universitetləri ilə İtaliyanın müxtəlif universitetləri ilə əlaqələrin qurulması, ölkəmizdə İtaliya universitetinin açılması xalqlar arasında humanitar və mədəni əlaqələrin güclənməsinə səbəb olan çox vacib amillərdir.

Cənab Prezident Azərbaycanın torpaqlarının 30 il ərzində işğal altında qalması və BMT-nin qərarlarının icra olunmaması, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi barədə də danışaraq çox ciddi məqama toxunmuşdur. Çünki danışıqlar masasında bəyanatlardan fərqli olaraq digər alətlər də olmalıdır ki, problem qısa müddət ərzində həllini tapsın.

Cənab Prezident öz çıxışında moderatorun sualına uyğun olaraq Rusiya-Ukrayna məsələsinə də toxunmuş və ədalətli qiymət vermişdir ki, sözügedən iki dövlət arasındakı müharibənin dayanması və sülh danışıqlarının başlamasının tərəfdarıyıq. Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik. Çünki Azərbaycan uzun illər öz ərazisi işğal altında qalmış dövlət kimi bu məsələdə hər zaman həssasdır. Eyni zamanda Rusiyaya qarşı sanksiyaları da doğru hesab etmirik. Rusiya ilə Ukrayna arasındakı münasibətlərin tənzimlənməsində Azərbaycan da öz dəstəyini göstərə bilər.

Avropa Şurasının Azərbaycana qarşı ədalətsiz mövqeyinin də cənab Prezident növbəti dəfə təndiq etdi. Göstərmişdir ki, biz torpaqlarımızı işğaldan azad etdikdən sonra və erməni separatizminə Qarabağda son qoyduqdan sonra Avropa Şurası Azərbaycana qarşı çox ədalətsiz qərar qəbul etdi və Azərbaycan deputatlarını səsvermə hüququndan məhrum etdi. Azərbaycan da adekvat reaksiya verərək, orada iştirak etməkdən imtina etdi. Əgər Avropa Şurası öz ədalətsiz qərarını korreksiya edərsə, Azərbaycan AŞ-nın iclaslarında iştirak etmək məsələsinə də baxa bilər.

Bütövlükdə cənab Prezidentin sözügedən səfəri və oradakı çıxışı istər İtaliya, istər Azərbaycan, istərsə də dünyanın müxtəlif mətbuat orqanlarında geniş yayıldı, müzakirələrə səbəb oldu. Bu da ölkə başçısı və Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirilməlidir”.