Nə üçün çeki tələb etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

10 Sentyabr 2024 16:27 (UTC+04:00)

"Vergi Məcəlləsinin tələbinə əsasən, ticarət və xidmət obyektlərində alıcılara kassa çekləri təqdim edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, kassa çekləri ilə bağlı Vergi Məcəlləsində xüsusi tələblər müəyyən edilmişdir: "Həmin tələblərə əməl edilmədikdə və yaxud alıcılara kassa çeki təqdim edilmədikdə cərimə tətbiq edilir. Vergi Məcəlləsinin 50.8-ci maddəsində təsbit edilmiş həmin tələblərə görə, Nəzarət-kassa aparatının çeklərində mütləq vergi ödəyicisinin adı; VÖEN; çekin vurulmasının tarixi və saatı; təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; nəzarət-kassa aparatının markası və zavod nömrəsi. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). malın sürətli məlumat kodu (Quick Response Code); ödənilmiş məbləğ; avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; geri qaytarma, ləğvetmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator), nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı olmalıdır.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir".

"Lakin bütün bunlara baxmayaraq hələ də bu tələblərə əməl etməyən, vergidən yayınan kifayət qədər vergi ödəyiciləri var. Hətta, ümumiyyətlə, vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərən yüzlərlə şəxs var ki, gəlir əldə etdikləri halda həm də işsiz statusuna da malikdirlər. Bu isə təbii ki, qanunsuzdur. Ona görə də vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə qarşılaşdıqda ətraflı məlumatla “vergilər.az” saytının “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı mərkəzinə (195-1) və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır. Dövlət vergi Xidməti isə ticarət obyektlərində operativ reydləri artırmalıdır ki, vergidən yayınma hallarına, vətəndaşlara ƏDV çeklərinin verilməməsi, yaxud dərhal verilməməsi kimi qanunsuzluqlara son qoyulsun.

Vergi orqanları vergiödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergiödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur" - deyə o, əlavə edib.