“Xalq arasında sümük əriməsi olaraq tanınan xəstəlik osteoporoz adlanır. Osteoporoz aşağı sümük kütləsiylə, qırılma riskinin artması ilə gedən osteometobolik xəstəlikdir. Sümüklərin zamanla zəifləməsi, yaş artdıqca incəlməsi ilə bir müddət sonra kövrəkləşib, əyilməsi, sınıqların yaranmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
O bildirib ki, osteoporoz lokalizasiya olaraq bel sümüklərində, bud-çanaq oynaqlarında və əl biləyində daha çox fəsad verir. Osteoporozun səbəbi aşağıdakılar hesab edilir:
-Yaşlanma
-Hərəkətin azalması
-Siqaret istifadəsi
-Günəş işığı çatışmazlığı
-Kəsgin dieta
-Uzun müddətli hormanal müalicə
-Uzun müddətli yuxudərmanlarının istifadəsi.
Osteoporozun müalicəsi medikamentoz və fizioterapevtik hesab olunur. Eyni zamanda həyat tərzinin yaxşılaşdırılması da osteoporozun inkişafını ləngidir.
Buraya gündəlik aktiv həyat tərzi, əzələlərə müəyyən qədər yük vermək, yetərli qədər günəş işığı qəbul etmək, siqaret və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq, ən az həftədə 3 dəfə sərt addımlarla 30-45 dəqiqə yürüyüş etmək daxildir.
Fizioterapevtik müalicəyə isə fizioterapevtik metodlarla müalicə, sümük sintezinə proqressiv təsir edən cərəyanların tətbiqi, alçaq frekanslı maqnit, lazer və s. müalicə eyni zamanda müalicəvi idman və suda idmanın təyin edilməsi nəzərdə tutulur. Lakin çox vaxt əhali bu xəstəlikdə fizioterapiyanın köməyinə müraciət etmirlər. Bunun üçün KİV də maarifləndirici mövzularda seminarlar, söhbətlər aparılmalıdır. Yaşlılıqda sosial həyatın yaxşılaşması üçün tədbirlər görülməlidir”.