Valideynlər və birincilər məktəbə necə hazırlaşır? - TƏƏSSÜRATLAR

10 Sentyabr 2024 16:07 (UTC+04:00)

Məlumdur ki, artıq yeni tədris ilinə sayılı günlər qalıb. Bəs, valideynlər və birincilər bu mərhələyə necə hazırlaşır? Bazarlıq prosesi necə gedir? SİA birincilərin valideynlərinin bu barədə fikirlərini öyrənib.

6 yaşlı Piriyev Yusifin anası İlqanə Piriyeva: "Yusif bir neçə gün sonra Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin "1Ç" sinifinə yollanacaq. 1- ci sinif üçün övladıma nələr lazım olacaqsa hamısını almışıq. Çanta, dəftərlər, qələmlər, karandaşlar, pozan, su qabı, yemək qabı, forma və s. bunlara daxildir. Yusif bizim ilk övladımızdır və bu ilk məktəb təcrübəmiz olacaq.

Həmçinin məktəb üçün 2 dəst forma almışıq. Onlardan biri ağ köynək, ağ şalvar və ağ ayaqqabı olmaqla dəstdir. Bu dəst ilk Bilik Günü və özəl tədbirlər üçün nəzərdə tutulub. Bunlara ümumilikdə 70 AZN ödəmişik. Digər bildiyimiz məktəb forması isə ayaqqabı ilə birlikdə 150 AZN civarında edib.

Məktəb əşyaları içərisində ən çox diqqətimi çəkən ortopedik çantalardır. Yusifə biri 40, digəri isə 45 AZN olmaqla iki çanta almışıq. Məncə, gəliri orta səviyyəli olan ailə üçün bu da bahadır.

İlk günə xüsusi hazırlaşırıq. Bilik gününə mən, yoldaşım və qızım Yusiflə birlikdə yollanacağıq. Oğlum məktəbə getmək üçün çox həyəcanlıdır. Hər gün tədrisin nə zaman başlayacağını soruşur. Buna səbəb də onun məktəbəqədər hazırlıqda fəal iştirak etməsidir. Məncə, məktəbəqədər hazırlıq uşaqların məktəb mühitinə adaptasiya olması üçün çox yaxşı yoldur.

Bir çoxları məktəb üçün 7 yaşın ideal olduğunu düşünür. Məncə də bu belədir. İndiki uşaqlar cılızdır, keçmişdəki kimi deyil. Dərslər çox çətin, çantalar ağırdır. Birinci sinifə yollanan uşağa İngilis dili tədris olunur. Öz dilində oxuyub-yazmağı yeni öyrənən uşaq İngilis dilinə necə alışsın?!

Düşünürəm ki, ümimilikdə çox bahalıqdır. Ucuz olan da keyfiyyətsiz məhsuldur. Hər kəsin büdcəsi fərqlidir, ola bilər ki, bizə baha görünən başqası çüün münasib olsun, yaxud da əksinə".

6 yaşlı Aybəniz İsmayılovanın anası Rüfanə İsmayılova: "Qızım Aybəniz bir neçə gün sonra Xırdalan şəhər B.Y. Cəfərov adına 3№-li məktəb-liseyin "1C" sinifinə yollanacaq. Onun üçün tədris ilinə məktəbli forması, ayaqqabı, çanta, saç aksesuarları, su qabı, yemək qabı, dəftər, qələm, kitab, dəftər-kitab üzlükləri, silgi, sadə və rəngli karandaşlar, rəngli kağız, xetkeş, qayçı, kley və saha nələr-nələr almışıq.

Digər qızıma da məktəb alış-verişi keÇən ildən bəri edirik. Düşünürəm ki, bu il məktəb ləvazimatlarında kəskin bahalaşma var. Hər şey çox baha, seçim etmək çox çətindir.

Məncə, ilk tədris ili üçün ən azından valideynin 300-350 AZN pulu olmalıdır. Hələ bu ən minimum məbləğdir. İki köynək, iki ətək üçün 100 AZN ödədim. Ayaqqabı sport və klassik olmaqla 85 AZN etdi. Çanta 65 AZN, digər məktəb ləvazimatları da 130 AZN etdi. İç geyimləri də 30 AZN oldu.

Bu il mənim üçün tədris ili bir başqa olacaq. Ötən il şəhidlərimiz var idi, ürəyimiz qeyd etməyə yol vermədi. Bu il onların sayəsində qeyd edəcəyik.

Aybəniz ilk tədris ili üçün çox həyəcanlıdır. O yeni müəllim və şagirdlərlə qarşılaşacaq. Qızımla hər gün məktəb barədə söhbətlər edirik. Ona məktəbdə necə davranmalı olduğunu, nəyi edib nəyi etməyəcəyini izah edirəm.

Məncə uşaqlar hamısı məktəbdə eyni yaşda, yəni 6 yaşında yollanmalıdır. Məktəbdə eyni sinifdə olan uşaqların yaş fərqinin olması düşünürəm yaxşı hal deyil".

Ayşən Vəli