"Belə bir halın şahidi oluruqsa, mütləq qaydada müayinə etməliyik" - PSİXOLOQ İZAH ETDİ

10 Sentyabr 2024 14:35 (UTC+04:00)

"Dırnaq yemək, bəzi uşaqlarda saçlarını çıxarmaq kimi əlamətlər olur. Bu, aqressiya, streslə bağlı davranışdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

O bildirib ki, buna biz autoaqressiya deyirik: "Yəni özümüzə qarşı yönələn aqressiyanı, başqa adama, obyektə qarşı göstərə bilmirik və özümüzə zərər verməyə başlayırıq. Çünki bu cür bütün davranışlar fiziki olaraq özümüzə zərər vermək kimi dəyərləndirilir. Bu, güclü stress prosesində ortaya çıxır.

Stress deyəndə bu ancaq əsəblə bağlı olan hadisələr deyil. Hər hansı çox emosiya tələb edən hadisə baş verir və uşaq onun altından çıxa bilmirsə, onu davranışlarında əks etdirməyə başlayır. Burada tibbi məsələ də var. Dırnaq yemək qurdla da bağlı ola bilir. Belə tibbi tərəfini müayinə etmək də olar ki, əgər tibbi tərəfi yoxdursa, psixoloji səbəb ola bilər. Bu hal müalicə olunur. Əsasən kiçik yaşlarında və yeniyetmə yaşlı uşaqlarda görünür. Bu cür uşaqları danlamaqla, yaxud da qadağalar qoymaqla məsələ düzəlmir. Çünki bu, onların özlərindən asılı olmayan davranışdır.

Bəzən də yaxşı ki, baş verir, çünki uşaq içində tuta bilmədiyi aqressiya, stressi bu şəkildə ifadə edə bilir. Yaxşı tərəfi odur ki, həm üzə çıxara bilir, həm də ailə bunu görüb problemi həll etmək prosesinə başlaya bilər. Digər hallarda xəbərsiz qala bilər. Ona görə uşaqlara qarşı bu məsələlərdə diqqətli olmaq lazımdır. Belə bir halın şahidi oluruqsa, mütləq qaydada müayinə etməliyik. Həm tibbi baxımdan, həm də psixoloji baxımdan müayinə vacibdir".