Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir. SİA xəbər verir ki, Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edir.
Forumun sentyabrın 11-də keçiriləcək rəsmi açılış mərasimində ŞƏT-in üzvü olan ölkələrin qadın liderləri, Çin rəsmiləri, Ümumçin Qadınlar Federasiyasının rəhbəri, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi çıxış edəcəklər. Foruma 26 ölkədən nümayəndələr qatılıblar.
Qeyd edək ki, 2001-ci ildə yaradılan Şanxay Əməkdaşlıq Təşkilatının hazırda 10 daimi (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçi üzvü (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.