Azərbaycan səfiri etimadnaməsini Maldiv Prezidentinə təqdim edib - FOTOLAR

10 Sentyabr 2024 12:20 (UTC+04:00)

Sentyabrın 9-da Azərbaycan Respublikasının Maldiv Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Muizzuya təqdim edib. SİA Səfirliyə istinadən xəbər verir ki, rəsmi təqdimetmə mərasimindən sonra baş tutan qəbul zamanı Prezident Muizzu səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında dostluq əlaqələrinin vəziyyətindən məmnunluq ifadə edib, onların daha da genişləndirilməsi üçün böyük potensial olduğunu bildirib.

Səfir E.Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Məhəmməd Muizzuya çatdırıb. Minnətdarlığını bildirən Prezident Muizzu öz növbəsində onun səmimi salamlarını həmkarına çatdırmağı xahiş edib.

Söhbət əsnasında Azərbaycan və Maldiv arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında sədrliyi dövründə Azərbaycanın həyata keçirdiyi qlobal təşəbbüslər, təşkilatın institusional inkişafı üzrə gördüyü işlər, Maldiv kimi inkişaf etməkdə olan kiçik ada dövlətləri də daxil olmaqla 80-dən çox ölkəyə göstərdiyi humanitar və maliyyə yardımları barədə məlumat verilib.

Səfir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabr ayında Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) ev sahibi kimi ölkəmizin iqlim dəyişikliyinin inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərə xüsusi diqqət ayırdığını, onların ehtiyaclarına və prioritetlərinə cavab verən razılaşma əldə etmək üçün maksimum səy göstərdiyini, milli səviyyədə geniş dəstək verdiyini diqqətə çatdırıb.

Prezident Muizzu COP29-un ev sahibi kimi Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirərək, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak üçün Azərbaycan Prezidentinin dəvətini qəbul etdiyini və ölkəsinin bu mühüm qlobal tədbirə qatılacağını bildirib.

Maldivə səfəri çərçivəsində səfir E.Hüseynli həmçinin ölkənin xarici işlər naziri Musa Zamir, dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim və iqlim dəyişikliyi, ətraf mühit və enerji naziri Thoriq İbrahim tərəfindən də qəbul edilib. Görüşlər zamanı siyasi, iqtisadi, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində əlaqələrə, COP29-a aid məsələlərə dair fikir mübadiləsi aparılıb, növbəti addımlar müzakirə olunub.