"Beynəlxalq Çernobbio Forumu ümumən İtaliyanın dünyadakı yerini və sivilizasiyanın inkişafına verdiyi töhfənin müzakirəsi üçün təşkil edilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, ancaq bununla belə Azərbaycan Prezidentinin İtaliya səfərinin həmin Forum dövrünə salınması Azərbaycanla bağlı xüsusi panel müzakirəsinin təşkil edilməsi Azərbaycanın, şəxsən cənab Prezidentin dünyada artan nüfuzunu göstərir: "Bu gün İtaliyanın simasında Avropa Azərbaycana çox böyük diqqət edir. Azərbaycan müstəqil daxili-xarici siyasəti ilə dünya birliyində nüfuz qazanıb. Azərbaycan özünün enerji resurslarını Avropa kimi mühüm bir bölgənin enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldir. Azərbaycanın qarşısında duran məsələlərin həllinə dair tətbiq etdiyi siyasi texnologiyalar dünyanın diqqətini cəlb edir.
Heç də təsadüfi deyil ki, cənab Prezidentin çıxışı həm ümumdünya, həm də region, Azərbaycanla bağlı məsələlər idi. Cənab Prezident auditoriyanı Azərbaycanla bağlı məlumatlandırdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə barəsində geniş söhbət açdı. Bu, auditoriyanın böyük marağına səbəb oldu. Eyni zamanda moderatorun ona verdiyi suallara milli maraqlarımıza uyğun və beynəlxalq hüququ nəzərə almaqla cavab verilməsi də diqqəti çəkən məsələlərdən biri idi. Bütün məsələlər üzrə cənab Prezident Azərbaycanın açıq mövqeyini ortaya qoydu. Bir daha göstərdi ki, Azərbaycan müstəqil siyasət yeridir".
"Rusiya-Ukrayna münaqişəsinə gəldikdə bütün ölkələrdə olduğu kimi Ukraynanın da ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Bununla belə münaqişənin hər hansı tərəfində olmayacağını bildirdi. Çünki özü də qeyd etdi ki, 70 il Rusiya, Ukrayna, Azərbaycan bir dövlətin tərkibində olub. Bizləri çox sıx əlaqələr birləşdirir. Biz məsələnin tezliklə sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Eyni zamanda Rusiya ilə olan münasibətlərimiz toplusu onu deyir ki, Azərbaycan heç bir zaman Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Bu, heç də məsələni həll etmir, daha da məsələni dərinləşdirir. Hesab edirəm ki, cənab Prezidentimizin cavabları müstəqil siyasət yeridən ölkənin nə qədər böyük uğur qazana biləcəyinin bariz nümunəsi oldu" - deyə o, əlavə edib.