"Toyuq ətində bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan tələbatın artmasıdır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, bu ilin əvvəlində də ayrı-ayrı satış məntəqələrində bu məhsulun satışında müəyyən qədər bahalaşmaya rast gəlinib: "Amma bu tendensiya hələ ki, geniş vüsət almayıb və topdansatış istehsal müəssisələrini əhatə etməyib.
Toyuq ətinin bahalaşmasının əsas səbəbləri bunlar ola bilər:
1. Mal və qoyun ətinin qiymətləri bahalaşıb. İndi qoyun əti 20 manat, mal əti 18-19 manatdır. Ona görə camaat toyuq ətinə üstünlük verir.
2. Məndə olan məlumatlara görə Azərbaycanda fəaliyyət göstərən böyük broylerlərdən biri fəaliyyətini saxlayıb. Bu da bazara təsir edə bilər.
3. Kənd toyuqlarının, fərdi təsərrüfatlarda yetişdirilən toyuqların açıq şəkildə satışına müəyyən qadağalar var. Bu da qiymətlərə təsir edə bilər.
4. Digər məsələ isə getdikcə broyler toyuqlarına insanların tələbatının artmasıdır.
5. Broyler fabriklərində yetişdirilən toyuqlar üçün olan yemlərin qiymətinin bahalaşması ola bilər.
Bütün bu amillərdən broyler toyuqlarının qiymətinin bahalaşması göz önünə gəlir".
Onun sözlərinə görə, qiymət artımının səbəblərindən biri kimi payız mövsümündə kənd təsərrüfatı qidalarının tükənməsi, qış aylarında əhalinin ətə olan tələbatının artması məsələsidir: "Lakin əsas məsələ buğda və arpanın dünya bazarında və Azərbaycanda qiymətinin artmasıdır. Çünki heyvandarlığın yem bazasını buğda və arpa təşkil edir".