Xudatda anası tərəfindən döyülən azyaşlı və ailədəki digər iki uşaq nəzarətə götürülüb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.
"Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - deyə o bildirib.
Digər tərəfdən DİN də Xudatda anası tərəfindən döyülən azyaşlı ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.