“Şəhərdə mərasim yerləri olduqca çoxdur. Bəzi insanlar məclislərində yalnız çay verdikləri halda, bəzirləri yemək verməyə üstünlük verir. Yəni, məclisin təşkil olunması birbaşa insanların özündən asılıdır. Təbii ki, insanlar yas məclislərini həyata keçirərkən bir çox hallarda israfçılığa yol verirlər və bu böyük günahdır. Amma insanların bunu nə dərəcə diqqətə aldığı sual altındadır. Məsələn, keçdiyimiz gün toyların birində qiymət 300 AZN təşkil edirdi. Şadlıq evlərindəki qiymətlər insanı dəhşətə gətirir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
O bildirib ki, İsraf Azərbaycan insanı üçün adi hala çevrilib. Bu isə həyatı çətinləşdirir, cəmiyyətdəki problemləri artırır”.
Məsələ ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov fikirlərini bölüşüb: “Hər bir xalqın özünəməxsus inancları, adət-ənənələri və dini baxışları var. Son zamanlar dini baxışların fərqli çalar aldığını görürük. Dünyasını dəyişən insanlar üçün 3, 7 mərasimləri vermək, 40 gün ərzində məzarı başında yaxınlarının Yasin oxutdurması, il mərasimin qeyd edilməsi Azərbaycan xalqının son əsrdə formalaşmış adət-ənənəsi sayılır. 1970-ci illərdə yas mərasimi olduqda qohum və qonşular yemək bişirər və öz yaxınlarına verərdilər. Yas evində isə çaydan başqa heçnə verilməzdi. Yas mərasimlərinin hazırda böyük, təmtəraqlı keçirilməsinə səbəb vaxtıykən xalqımızın Sovetə öz adət-ənənələrini təsdiq etməsinin nəticəsi kimi təzahür edir. Sonralar isə bu proses daha da genişləndi.
Hazırda mərasim evlərində bir çox menyular var və bu normaldır. Hər kəs öz gücünə uyğun şəkildə məclisini həyata keçirir. Əvvələr toyla bağlı mübarizə aparırdıq, amma bu bir nəticə vermədi. Zənnimcə, formatı dəyişməli və maarifləndirmə işləri aparmalıyıq”.