"Formula 1" yarışına gənclərin BAXIŞI - SORĞU

9 Sentyabr 2024 16:21 (UTC+04:00)

Təqvimə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran-Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. Sayca səkkizinci dəfə təşkil ediləcək Bakı yarışı təqvimdə yer alan 24 yarışdan biridir. Yeni F1 mövsümü martın 2-də Bəhreyndə başlayıb ənənəyə sadiq qalaraq dekabrın 8-də Əbu-Dabidə başa çatacaq. Bəs, Azərbaycanda keçiriləcək "Formula1" yarışlarının əhəmiyyətini gənclər təşkilatları necə dəyərləndirir? SİA mövzu ilə bağlı gənclər təşkilatları arasında sorğu edərək onların fikirlərini öyrənib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Əli Abdullazadə: ""Formula 1" yarışlarına gənclər tərəfindən ölkəmizdə çox böyük maraq var. 2016-cı ildən bu yana ölkəmizdə hər il ənənəvi olaraq "Formula 1" yarışları keçirilir. Bu elə məhz Azərbaycanın digər ölkələr içərisində daha çox tanınmasına və turistin cəlb olunmasına səbəb olur. Beləliklə gənclər üçün könüllülük, yeni iş imkanları, fərqli təcrübələrə sahib olmaq, özlərini müxtəlif aspektlərdə inkişaf etmək imkanları yaranır. Həmçinin yaxın zamanlarda "Formula 1" ilə maraqlanan gənclər üçün “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən debat təlimləri, turnir təşkil olunaraq onların natiqlik və debat bacarıqları artırılıb. Gənclər təşkilatları "Formula 1" yarışlarının keçirilməsi gənclərin sosial layihələrdə daha aktiv fəaliyyətlərə cəlb edilmələrinin vasitəsi olaraq dəyərləndirir.

"Formula 1" yarışı Azərbaycanın beynəlxalq sferada mövqeyinin daha da gücləndirilməsi kimi dəyərləndiririk. Beləliklə Azərbaycan öz diplomatik əlaqələrini "Formula 1" yarışı vasitəsi ilə möhkəmləndirir, öz əməkdaşlığını beynəlxalq arenada genişləndirir.

Bildiyimiz kimi bu il, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Ekoloji problemlər günümüzdə ən aktual məsələlərindəndir. "Formula 1" yarışları eyni zamanda ekoloji məsələlərə diqqət yetirərək, yarışların ekologiyaya olan təsirini minimuma endirilməsi ilə bağlı tədbirlərin görülməsinə çalışır. Həmçinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi bu yarışları ölkəmizdə infastrukturların inkişafı, yeni texnologiyaların olması, əhalinin sosial rifahının artırılmasında bir stimul olaraq görür".

Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri Büllur Məmmədova: ""Formula 1"də əsasən gənclərin könüllü olmaları çox böyük müsbət cəhətdir ki, gənclər belə böyük yarışlarda könüllülük fəaliyyəti göstərirlər. Onlar könüllü fəaliyyəti necə olursa, onu öyrənir, onu bilirlər. Paralel olaraq gənclərin bilik səviyyəsi daha da yaxşılaşır, ünsiyyət bacarığı yaranır. Gənclərimizdə ingilis dili mükəmməl ola bilər, sadəcə onlarda ünsiyyət bacarığında bəzən problemlər yaşanır. Bu da onların ünsiyyət probleminin aradan qalxmasına bir nömrəli təkandır. Gənclər orada rahat şəkildə ingilis dilində sərbəst danışmağı öyrənirlər, utanma sindromunu "Formula 1" yarışları ilə geridə qoyurlar. Həmçinin bu yarışlar gənclər üçün yeni dostluqlar, yeni təcrübələrdir. "Formula 1" vasitəsilə başqa ölkələrin insanları ilə tanış olurlar. Bu, onlar üçün bilik və təcrübələrinin artmasına gətirib çıxaran səbəbdir. Həmçinin də, yarışmalarda yeni dostluqlar əldə olunur".

Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev: ""Formula 1" yarışı ölkəmiz üçün çox vacibdir. Birincisi, bu yarış Azərbaycana böyük diqqət cəlb edir və ölkəmizi beynəlxalq miqyasda tanıdır. Xüsusilə, bu cür tədbirlərin könüllülük fəaliyyətləri ilə sıx bağlı olması, gənclər təşkilatları üçün unikal təcrübə platforması yaradır. "Formula 1" tədbiri könüllülərə genişmiqyaslı layihələrdə iştirak imkanı verir, onların idarəetmə və kommunikasiya bacarıqlarını artırır. Yarış zamanı gənclər müxtəlif funksiyaları yerinə yetirirlər - turistlərə bələdçilik edir, təhlükəsizlik qaydalarına nəzarət edir və qonaqlara kömək göstərirlər. Bu, gənclər üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından böyük bir imkandır. Onlar beynəlxalq təcrübə qazanır, öz biliklərini təkmilləşdirir və yeni dostlar qazanırlar.

Gənclər "Formula 1"də əldə etdikləri təcrübəni gələcək karyeralarında istifadə edə bilirlər. Onlar təşkilatçılıq bacarıqlarını inkişaf etdirir, böyük tədbirlərin idarə olunması prosesini yaxından izləyirlər. Bundan əlavə, bir çox könüllü bu tədbirdə əldə etdikləri şəbəkədən yararlanaraq beynəlxalq layihələrdə və tədbirlərdə iştirak etməyə davam edirlər. Bizim üçün ən vacibi gənclərin inkişafına dəstək olmaqdır və "Formula 1" bunun üçün əla bir fürsətdir".