“Savadlı din xadimlərinin yetişdirilməsi üçün xalqın tələbi olmalıdır” - DİN XADİMİ DANIŞDI

9 Sentyabr 2024 15:49 (UTC+04:00)

“Dini inancların sarsılmasına səbəb olan faktorlar birdən çoxdur. Burada din xadimlərinin kifayət qədər savadlı olmaması, həmçinin dini həyatı doğru şəkildə yaşamamaları mühüm rol oynayır. Eyni zamanda insanların dindən kənara, məsuliyyətsizliyə, əyləncəyə, səfil həyata meyillənmək üçün bəhanə axtarmaları da böyük rola sahibdir. Dünyadakı insan cildində olan şeytanların ağılasığmaz dərəcədə geniş təbliğatı da dini inancların sarsılmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, sözügedən insanlar gəncləri dinsizləşdirmək üçün bütün yolları sınayırlar: “Onlar əllərində olan imkanlardan faydalanaraq xalqların insani duyğular və bütövlükdə insanlıqdan kənarlaşdırılması üçün addım atırlar. Bu gün dünyada ən aparıcı fəlsəfələrdən biri, bəlkə də birincisi fərdi mənfəətin önəmli yer tutması təbliğatıdır. Bütün dünya iqtisadiyyatı günümüzdə fərdi karyera üzərində qurulub. Belə olan halda insanlara qarşı tərəfə yardım etmək, qarşı tərəfin inkişafına səbəb olmaq, ictimai yardımlaşma kimi prinsiplərdən danışmaq olmaz. Bu səbəbdən də dini təbliğat şeytani təbliğatın müqabilində tab gətirə bilmir. Buna misal olaraq Şəhid Mübariz İbrahimovun Azərbaycan gəncliyinin ümumiyyətlə Qarabağı düşünmədiyi bir zamanda meydana çıxmasını göstərmək olar. Qarabağın, vətənpərvərliyin formal xarakter daşıdığı dövrdə 21 yaşlı gənc inamı, inancı göstərmiş oldu.

Bütün dünya ölkələrində insanlara kütləvi şəkildə insanlığa hörmət etməmək, axirət aləmini düşünməmək, vicdan əzabı çəkməmək kimi xüsusiyyətlər aşılanır. Müasir gedişat təəssüf ki, uzun illərdir bu cürdür. Savadlı din xadimlərinin yetişirilməsində isə əsas önəm kəsb edən məqam xalqın tələbinin olmasıdır”.