"Prezidentin İtaliyaya işgüzar səfəri çox məhsuldar oldu" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Sentyabr 2024 14:28 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya avqustun 31-də səfəri başladı və bu səfər sentyabrın 2-də başa çatdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, İtaliya bizim üçün çox önəmli ölkədir: "Həm NATO ölkəsidir, həm də dünyanın aparıcı ölkələrindən biridir. Eyni zamanda Azərbaycanın Avropada ilk neft ixrac etdiyi ölkədir. Bizim iqtisadi əlaqələrimiz çox güclüdür, getdikcə də artır.

Sentyabrın 1-də Azərbaycan Prezidenti Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışında iştirak etdi. Bina beşmərtəbəlidir, binanın 1 və 2-ci mərtəbəsində Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada Azərbaycana aid çoxlu rəsm əsərləri, qədim xalçalar, incəsənətə aid çox güclü materiallar var. Bu da Azərbaycanın daha da təbliğ olunmasında böyük töhfə verəcək. Binanın 3-4-5-ci mərtəbələrində isə Azərbaycanın İtaliyadakı səfirliyi yerləşir. 5-ci mərtədə iclas salonudur.

Azərbaycan Prezidenti "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış oldu. Bu açılışda həmin gün İlham Əliyev Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak etdi və çıxış etdi. Çıxışında bildirdi ki, çox şadam ki, Azərbaycanın yeni açılmış binasında ilk sənəd Azərbaycanla İtaliya arasında birgə universitetin yaradılması ilə əlaqədar sənədlərin imzalanması mübadiləsi oldu. Sonra isə Azərbaycan Prezidenti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdü. Görüşdə qarşılıqlı münasibətlər sərgiləndi. Azərbaycan Prezidenti İtaliyanın Nazirlər Şurasının sədri Mario Draghi ilə görüşdü. Mario Draghi ilə enerji, iqtisadiyyat sahəsində aparılan işlərdən danışıldı, bildirildi ki, Azərbaycan İtaliyaya neft-qaz sahəsində çox böyük kömək edir, bağlanmış müqaviləyə əsasən bu ilin 7 ayında Azərbaycan İtaliyaya 11 milyard dollar həcmində təbii qaz ixrac edib. Bu, çox böyük göstəricidir".

"İlham Əliyev İtaliyanın Cernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak etdi və çıxış etdi. Bu tədbirdə də Səudiyyə Ərəbistanın investisiya naziri ilə görüşdü. Bu tədbirdən sonra İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi. Bu müsahibədə də Azərbaycanla İtaliya arasında əlaqələrin daha da inkişaf etdirilməsi yollarından danışdı. İtaliyanın Azərbaycanın sadiq tərəfdaşı olduğunu bildirdi. Eyni zamanda Azərbaycan Prezidenti göstərdi ki, Azərbaycanın qaz ixracatını artırmaq üçün böyük imkanları var. Bununla bağlı da böyük sərmayələr qoyulur, eyni zamanda tərəfdaş ölkələr də bu sahədə ciddi iş aparırlar. Həmin müsahibədə Azərbaycan Prezidenti bildirdi ki, bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çox böyük işlər aparılır. Bu işlərdə İtaliya şirkətləri, Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Onlar çox böyük işlər aparır, həm də Şuşa məscidinin yenidən dizayn edilməsi də məhz İtaliya şirkətlərinə tapşırılıb.

Burada İlham Əliyev bildirdi ki, 2,6 trilyon kub metr qaz ehtiyatı var, bu da gələcəkdə çıxarılaraq xarici dövlətlərə, Avropaya satılacaq. Bu mənada Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çox məhsuldar oldu. Bu da hər iki ölkənin gələcəkdə daha da inkişaf etməsi, birgə səylər göstərməsi üçün vacibdir" - deyə o, əlavə edib.