Strateji tərəfdaşlıq nümunəsi

9 Sentyabr 2024 13:44 (UTC+04:00)

Əli Hüseynli

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfəri stratei əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Artıq uzun müddətdir ki, Azərbaycan-İtaliya münasibətləri strateji status qazanıb. Hazırda səmərəli əməkdaşlıq modeli möhkəm təmələ əsaslanır və uğurla inkişaf etməkdədir. Ümumiyyətlə, bu münasibətlərin siyasi-iqtisadi spektrini vurğulayan çoxsaylı məqamlar var ki, onların hər biri barədə geniş danışmaq mümkündür.

Prezident İlham Əliyevin İtaliyaya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə səslənən tezislər iki ölkə əlaqələrinin gündən-günə inkişaf etdiyinə, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın günün tələblərinə tam şəkildə cavab verdiyinə əminlik yaradır. Xüsusilə sənaye, energetika sahələrində işbirliyinin genişləndirilməsi qarşıda yeni üfüqlər açır.

Artıq uzun illərdir ki, İtaliya ölkəmizin Avropa regionunda ticarət dövriyyəsi baxımından birinci yeri tutur. İki dövlət qeyri-xammal sektorunda da ticari-iqtisadi əməkdaşlığı dinamik inkişaf etdirir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bildirdiyi kimi, 10 il əvvəl qəbul edilmiş müvafiq Bəyannamə uzun illər ərzində Azərbaycanın və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyətinə əsas yaradır: “Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”.

Nəticə etibarilə İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi qiymətləndirilir. Bir sözlə, bu illər ərzində Azərbaycan-İtaliya münasibətləri davamlı əməkdaşlıq və strateji tərəfdaşlıq örnəyinə çevrilib. İki dost ölkə arasındakı qarşılıqlı münasibətlərin belə bir xarakter qazanması Cənubi Qafqazın lider dövləti ölan qalib Azərbaycanın dinamik inkişafını həzm edə bilməyən qüvvələrə, ermənipərəst mövqe tutan Avropa dövlətlərinə, o cümlədən Fransaya da bir ismarıcdır. Artıq hər kəs görür ki, dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Bu baxımdan bir çox dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verirlər. Bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin qərəzli yanaşmalarına cavab olaraq rəsmi Bakı ikitərəfli əməkdaşlıq çərçivəsində öz nüfuzunu yüksəltməkdədir və eyni zamanda, Azərbaycanla dost olmaq istəyən dövlətlərə də yüksək dividendlər vəd edir. Bu gün Azərbaycanın Avropanın enerji təchizatında son dərəcə mühüm yer tutduğu inkaredilməz reallıqdır. Bu, dövlətimizin başçısının İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə, forum və toplantılarda kifayət qədər dolğun şəkildə vurğulanıb.

Həmçinin, humanitar-mədəni əlaqələrin inkişafı da prioritetlərdəndir. Nəzərə alsaq ki, Avropanın mərkəzində yerləşən İtaliya nəinki qitənin, bütövlükdə dünyanın qədim mədəniyyət mərkəzlərindən və sivilizasiya ocaqlarından biridir, burada ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin necə böyük önəm daşıdığı ortaya çıxmış olur. Buna qədər Azərbaycan-Türkiyə Universitetinin və Azərbaycan-Rusiya Universitetinin təsis edilməsi ilə bağlı təşəbbüslər artıq reallaşmaqdadır. Azərbaycan dövləti İtaliya ilə müştərək təhsil məsələsini qaldırmaqla həm də ikitərəfli münasibətlər sisteminə ayrıca stratei seqment əlavə edir. Bu ideya Azərbaycan cəmiyyətinin Avropa haqqında təsəvvürünün daha dolğun şəkildə formalaşması və əksinə, “Qoca qitə”nin Azərbaycan xalqı, onun mədəniyyəti, məişəti ilə daha yaxından tanış olmaq imkanı deməkdir. Məsələyə siyasi baxımdan yanaşsaq, bir məqamı vurğulaya bilərik. Mənəvi və humanitar mühit hər bir halda siyasətə də təsirini göstərir.

Məlum olduğu kimi, dövlətimizin başçısı bu il Böyük Britaniyaya, Almaniyaya və Avropanın digər paytaxtlarına, həmçinin Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirib. Bu səfərlər onu göstərir ki, ölkəmizin şaxələndirilmiş xarici siyasət kursu fəaliyyət məhsuldarlığı və istiqamət müxtəlifliyi ilə səciyyələnir. Nəticə isə göz önündədir. Azərbaycan Qərblə Şərq arasında körpü rolunu uğurla icra edir, ölkəmizə inam və etimad daha da artır, onun dövrün mürəkkəb siyasi kataklizmlərinə qarşı mövqeyini gücləndirir.

Beləliklə, tam qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi tarixə düşəcək. Azərbaycan-İtaliya əməkdaşlığı respublikamızın qlobal aktorluq ampluasını daha da zənginləşdirəcək. yap.org.az