"COP29 onu keçirən dövlətlər üçün kifayət qədər önəm daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ

9 Sentyabr 2024 13:11 (UTC+04:00)

"COP29 beynəlxalq səviyyəli tədbir olaraq onu keçirən dövlətlər üçün kifayət qədər önəm daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, bu, hal-hazırda dünyada ən vacib problemlərdən biri iqlim dəyişikliyi ilə bağlı mübarizə və dəyişikliklərin mənfi yöndə istiqamətinin qarşısının alınması üçün gələcək planlaşdırmalar, perspektivlər və atılacaq addımların müzakirə olunduğu bir platformadır: "Nəzərə alsaq ki, bu tədbirlərdə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, parlament rəhbərləri, o cümlədən rəsmi şəxslərlə bərabər dünyanın aparıcı şirkətlərinin nümayəndələri də iştirak edir. Həm də beynəlxalq təşkilatların təmsilçiləri bu tədbirlərə qatılırlar. O zaman bu tədbirin həm miqyasını, həm də onun əhəmiyyətini kifayət qədər aydın təsəvvür etmək mümkündür.

Təbii ki, COP29-un Azərbaycanda keçirilməsi də məhz enerji istehsal edən ölkə olaraq Azərbaycan üçün çox vacibdir. Belə ki, Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı hal-hazırda bərpa olunan və yaşıl enerjiyə sürətlə keçid edən ölkələrdən biridir. Xüsusilə də, 44 günlük Vətən savaşından sonra azad olunmuş ərazilərdə və Xəzər dənizində bu istiqamətdə konkret addımlar atılmaqdadır. Artıq Azərbaycanda bərpa olunan enerjinin potensialı müəyyənləşdirilərək qarşıdakı dönəmlərdə bu enerji resurslarının istifadə, istismar və onun beynəlxalq bazarlara ixrac məsələləri də gündəm məsələləridir. Noyabrda keçiriləcək bu tədbirdə təxminən 70-80 min iştirakçının Azərbaycana gələcəyi gözlənilir. Bu həm Azərbaycanı dünyaya tanıtmaq baxımından, eyni zamanda Azərbaycanın dünya ilə inteqrasiyası, yeni texnologiyaların ölkəmizə gətirilməsi, investisiyaların cəlb olunması, müştərək iri layihələrin həyata keçirilməsi baxımından çox önəmli tədbirdir.

Bütün mənalar ilə götürsək, bu tədbir Azərbaycan üçün həm siyasi, həm diplomatik, həm də iqtisadi sahədə əhəmiyyət daşıyan tədbir kimi xarakterizə oluna bilər".