Ukraynaya dəstək baha başa gəldi

9 Sentyabr 2024 12:31 (UTC+04:00)

Son günlər Cənub-Şərqi Avropa ölkələrində elektrik enerjisinin qiymətinin artması istehlakçıların üsyanına səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Aİ üzvü Balkan ölkələri, infrastrukturu dağıdılan Ukraynaya elektrik dəstəyinin yükünü daşımaq məcburiyyətində qaldıqlarını bildirərək enerji sahəsində ortaq bir strukturun qurulmasını istəyirlər.

Rusiyanın hücumları nəticəsində enerji infrastrukturu məhv edilən Ukraynada elektrik enerjisi böyük Avropa İttifaqının (Aİ) dəstəyi ilə təmin edilir. Lakin Şərqi Avropa, xüsusilə Balkan ölkələrindən şikayətlər var ki, bu məsələdə Aİ də onları tək buraxıb. Balkan ölkələri coğrafi yaxınlıq səbəbi ilə enerji dəstəyi yükünü böyük ölçüdə öz üzərinə götürərkən, Yunanıstanın bu mövzuda yeni bir addım atmaq üzrə olduğu bildirilir. "Kathimerini" qəzetindəki xəbərə görə, elektrik enerjisi qiymətlərində ilk dəfə keçən iyul ayında Cənub-Şərqi Avropada müşahidə edilən nəhəng artım qalıcı ola bilər. Xəbərdə bildirilir ki, artım hökumətin təşviqləri ilə aradan qaldırıla bilmədiyi üçün Avropa Birliyinə üzv olan Balkan ölkələri ilə ortaq cəbhə yaratmaq təşəbbüsü irəli sürülüb.