Batil inanclar, yaxud "nənələrin qanunları" - ARAŞDIRMA

4 Sentyabr 2024 16:26 (UTC+04:00)

Xurafatlar mənasız görünən, müəyyən bir dinə uyğun gəlməyən, lakin insanlara psixoloji fayda verən, psixoloji və sosioloji ehtiyacları ödəyən, demək olar ki, hər mədəniyyətdə müxtəlif formalarda rast gəlinən və nəsildən-nəslə keçən irrasional əməllərdir. 13 rəqəminin uğursuz olması, qara pişik görməyin pis bir hadisəyə işarə verməsi, güzgü sındırmaq kimi bir çox inanclar xurafatdır.

Bəs, xurafatlar psixologiyamıza necə təsir edir?

Xurafatlar necə yaranıb?

Keçmişdə insanlar təbiət hadisələri qarşısında özünü aciz hiss etmiş, təbiəti anlamağa çalışmaq üçün xurafatlara üz tutmuş, müxtəlif xurafatlar nəsildən-nəslə keçərək indiki dövrümüzə qədər gəlib çatmışdır. Xurafatların əslində səhv səbəb-nəticə əlaqəsi nəticəsində yaranan inanclar olduğu düşünülür. Müxtəlif xurafatçı davranışların həyata keçirilməsi ilə insanlar özlərini şanslı hiss edir, müxtəlif təhlükələrdən qorunduqlarını zənn edir.

Xurafatlar psixologiyamıza necə təsir edir?

Boş və mənasız görünən batil inanc və əməllərin nəsildən-nəslə ötürülməsinin və bu qədər geniş yayılmasının mühüm bir səbəbi var. İnsanlar xurafatların onlara psixoloji fayda verdiyini zənn edir, çətin anlarında, çarəsiz hiss etdikləri vəziyyətlərdə xurafatlara əl ataraq özlərini təsəlli etmək istəyirlər. Xurafat və davranışların insanların psixologiyasına müsbət töhfələri olsa da, mənfi cəhətləri də ola biləcəyi məlumdur. Mövcud inancların insanların həyat keyfiyyətini pozduğu, gündəlik işlərini yerinə yetirməsinə mane olduğu, insanların həyatlarının hər anını batil inanclara uyğun davranışlarla formalaşdırsa, həddindən artıq narahatlıq, obsesif düşüncələr və müxtəlif psixoloji pozğunluqlara səbəb ola biləcəyi də məlumdur.

Digər xurafatlar:

Axşam süpürülən evdən bərəkət əskilər.

Anasına çəkən qız bəxtəvər olar.

Yuxunu hamıdan əvvəl suya denən.

Uşaq yuxuda güləndə məleykələr onu danışdırırlar.

Tikənin əldən düşməsi sevinc gətirir.

Şər qarışanda yatmazlar.

Təzə paltarı özgəsinə pay verməzlər.

Süfrə başında boşqabı təmiz siyirənin nişanlısı göyçək olar.

Süfrə üstə gəlib çıxanı qaynanası çox istər.

Sən demək istədigin sözü səndən qabaq deyən adam çox yaşayacaq.

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev: "Əlbəttə, bunlar batil inanclardır. İslamla, dinlə əlaqəsi yoxdur. Bu sadaladığınız qara pişik keçdi, bıçağı yerə qoy mən götürüm, dərman verirsənsə üstündə verməlisən ağırlıq olmasın, gecə evi süpürmə, məsələn, filankəs mənim qarşıma çıxdı işim düz gəlməyəcək. Bunlar batil inanclardır, buna ürfi deyirlər. Yəni el arasında insanların ta qədimdən özləri üçün formalaşdığı xüsusi adət və inanclardır ki, onları İslam təsdiqləmir. İslam dini ilə şəriətimizlə üst-üstə düşmür və bunun heç bir əsası yoxdur. İndi bu insanların öz arasında olan adətlərdir ki, ya olub var və yəqin ki insanlıq nə qədər var belə inanclar müxtəlif din sahiblərinin millətlərin arasında yaşanıb və yaşana bilər.

Belə şeylərə inanmasınlar, belə şeylərin ardınca getməsinlər. Bu insanları dindən uzaqlaşdırar. İnsanlar Allaha inanmalıdır, Allaha sığınmalıdır, bütün işlərini Allaha həvalə etməlidir və Allahın ona verdiyi imkanlardan ağıldan, düşüncədən, təfəkkürdən layiqincə istifadə etməlidir ki, öz işini qurmalıdır, həyat tərzini formalaşdırmalıdır".

Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov: "Batil inanclar istiqamətində dinimizin təlimatları aşkardır, şəffafdır. Sadəcə olaraq insanların bir növ öz təqsirlərindən qaçmaları, hər şeyə bir bəhanə axtarmaları bu nəticəyə gətirib çıxarır ki, səbəb-nəticə qanununu deyil də belə xürafatları əsas tutsunlar.

Allah-təala dünyanı səbəb-nəticə qanununa əsasən yaradıb, səbəb-nəticə qanununa əsasən də idarə edir. Hər bir hadisənin özünəməxsus və özünə uyğun müvafiq səbəbi var, hər bir hadisənin səbəbi var və hər səbəb də hər nəticəni vermir.

Pişiyin rəngi, bir nəfərin asqırması, bıçağı açıq vermək və s. bunlar heç bir elmi dini əsaslara əsaslanmır ki, nəyinsə səbəbi olsunlar. Bunlar xurafatlardır. Əlbəttə, burada biraz ehtiyatlı olmaq lazımdır. Bəzən dini mənbələrdən, dini ədəbiyyatdan məlumatı olmayanlar bir sıra dini səbəbləri də xurafatlara qoşurlar. Bu da yolverilməzdir. Çox savadlı şəkildə bu sahədə araşdırma aparıb nəticə almaq lazımdır.

Ümumiyyətlə dinimizdə nəyisə pisə yozmaq pis hadisələrin səbəbi kimi qeyd olunur. Hədislərdə deyilir ki, mümkün qədər Allaha xoşbin olun, bədbin olsanız ola bilər ki bəd hadisə baş versin. Yəni, elə pisliyi çağırmaq insanın həyatında mənfi təsir qoyar. Bu psixologiyada da özünü göstərir. Ətrafa müsbət enerji yaymaq, ətrafdan müsbət gözləmək təkcə bunlar deyil, "bəxtim belə idi", "taleyim belə yazılmışdı" bunlar da həmin xurafatlardan ibarətdir. Ümumi bəxt adlı varlıq yaradılmayıb. Deyəsən ki, bu insandır, bu heyvandır, bu dünyadır, bu evdir, bu da bəxtdir. Bəxt adlı, şans adlı bir varlıq yoxdur. İnsanlar bunu qondarırlar. Görürsən, vaxtında oxumur, diplom almır, lazımlı bir işdə işləmir, sonra deyir ki, mənim də bəxtimə fəhləlik yazılıb. Sənin bəxtinə fəhləliyi özün yazmısan heç kəs yazmayıb. Bəxt haradır ki kim yazıb, necə yazıb, hansı xətlə yazıb. Bunlar əsassız şeylərdir. Dinimiz bunu qəbul etmir.

Əlbəttə, insanların həyatını gözəlləşdirən amillər var. Məsələn, valideynləri sıx-sıx yoxlamaq, onlara baş çəkmək insanın həyatını gözəlləşdirər, gecələr durub ibadət etmək insanın ruzisini çoxaldar. Əksinə qohumları ilə əlaqəni kəsən insanların ömrü qısalar. Bunlar qeyd olunub, bunlar var. Amma xürafat şeylər əsassızdır. İndi bir məsələ də var ki, bu əsassız məsələləri biz əldə əsas tutub döşəmək xalqın üzərinə ki siz müşriksiz, siz kafirsiz, siz bunlara inanırsınız. Bu da doğru deyil. Sadəcə cəhalətdir, avamlıqdır. Allah xalqımızı belə şeylərdən qurtarsın".

İnsanlar xurafatlara üz tutmağa ehtiyac duyduqları vəziyyətlər hansılardır?

İnsanların gələcəyi bilmək və qeyri-müəyyənlik hisslərini azaltmaq istəyi

İnsanlar gələcəyi bilmək və qarşılaşacaqları hadisələrə özlərini hazırlamaq istəyirlər. Gələcəklə bağlı psixoloji olaraq narahat olan insanlar qeyri-müəyyənlik hisslərini azaltmaq və başlarına nə gələcəyini bilmək arzusunda olurlar. Bu hiss və istəkləri ilə batil işlərə əl atan insanlar, naməlum kimi görünən gələcək haqqında fikir sahibi ola biləcəklərini düşünürlər.

İnsanların qorxu, stress və çarəsizlik kimi duyğularını idarə etmək istəyi

Xurafatların daha çox qorxudan qidalandığı düşünülür. Qorxu və stress anlarında insanlar nəzarəti itirəcəklərini və ya təhlükələrlə qarşılaşacaqlarını düşünərək mövhumatçı davranışlara üz tutur və özlərini rahatlaşdırmaq istəyirlər. Həqiqi həll yollarının işə yaramayacağını düşünən və problem qarşısında aciz hiss edən insanlar fərqli həll yolları tapmaq üçün batil inanc və davranışlardan kömək alırlar.

İnsanların özlərini təhlükəsiz hiss etmələri lazımdır

İnsanlar başlarına pis bir şey gəlməyəcəyinə, xəstəliklərdən, çətin vəziyyətlərdən uzaqlaşacaqlarına, təhlükəsiz olacaqlarına inanmaq istəyirlər. İnsanlar xurafatlar sayəsində psixoloji cəhətdən rahat və təhlükəsiz hiss etdiklərini düşünürlər. Rusiyada universitet tələbələri arasında aparılan araşdırmada tələbələrin 86%-nin özlərini təhlükəsiz hiss etmək üçün mövhumat əməllərə əl atdığı bildirilib.

İnsanların uğurları üçün məqsədləri
İnsanlar uğur qazanmaq, istədikləri yerdə oxumaq, arzuladıqları işdə çalışmaq, işlərində irəliləyiş əldə etmək, maliyyə qazanclarını artırmaq istəyirlər. Buna görə də müvəffəqiyyətli olmaq istəklərini yerinə yetirəcəyini düşündükləri davranışlara əl atırlar.

Yaşadığımız informasiya əsri həyatımızın bir çox aspektlərini dəyişir. Ancaq insanların gələcəyi bilmək istəyini, özünü təhlükəsiz hiss etmə ehtiyacını, uğur qazanmaq istəyini, qorxu və acizlik hisslərini aradan qaldıra bilməz. Bu səbəbdən müasir dövrdə də xurafatlar varlığını davam etdirir.

Ayşən Vəli