"Gənclərdə biznes təfəkkürünü inkişaf etdirmək lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Sentyabr 2024 15:51 (UTC+04:00)

"İşsizliyin olmasında hər zaman düşünürəm ki, bizim iqtisadçı alimlərimizdə, həm də iqtisadiyyat sahəsi ilə məşğul olan məmurlarımızda çox böyük günah var". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, eyni zamanda bu məsələlərə Azərbaycan Respublikasının Gənclər Nazirliyi, Təhsil Nazirliyi də diqqət yetirməlidir: "Mən həm də universitet müəllimiyəm, tələbələrə dərs deyirəm, onlarla söhbət edirəm. Bizim gənclərdə biznes təfəkkürünü inkişaf etdirmək lazımdır. Başqa ölkələrlə də əlaqələrim var, gedib-gəlirəm. Biz gəncləri Sovet ənənəsi ilə elə öyrətmişik ki, bir universiteti bitirməlidir, harasa təyinat verməlidirlər, atası tanış axtarıb rüşvət verməlidir. Belə iş yerləri də azdır. Amma təsəvvür edin ki, ölkəmizin bu qədər maddi resursu var, elə etmək lazımdır ki, maddi resurslardan istifadə etmək mexanizmləri yaransın. Buna görə də iqtisadçı alimlər ciddi konsepsiyalar hazırlamalı, dövlətə təqdim etməlidir. Dövlət məmurları bu məsələlərə diqqət artırmalıdır. Aqrar sektorda çox iş potensialı var. Kənddə aqrar sahədə bu potensialı inkişaf etdirsək, kənddən olan gənclərin Bakıda nə işi var? Yəqin ki, dövlətimiz bu sahədə diqqəti artıracaq. Çox şükür ki, Qarabağ məsələsi həll oldu. Çox ciddi elmi əsaslarla konsepsiyalar hazırlamaq lazımdır. Ölkədə olan resurslardan optimal istifadə etmək üçün xeyli imkanımız var. Bundan istifadə etmirik. Kim buna etiraz etsə, hazıram ki, onunla geniş fikir mübadiləsi aparım. Konkret mənbələri də göstərə bilərəm".

"Biz çalışmalıyıq ki, gənc onu işə göndərmələrini gözləməsin. Gənclərin özündə biznes təfəkkürü inkişaf etdirməliyik. Onlar özləri ideyalar ortaya qoymalıdır, ideyanı həyata keçirəndə ətrafına da həmyaşıdlarını yığacaq, yeni iş yerləri yaradacaq. Eyni zamanda kredit, başqa sahədə çalışmalıyıq ki, insanları çətinliyə salmayaq. Şərait yaradaq ki, insanlar çalışsın. Məsələn, kənd yerində insanlar niyə kredit, gübrə axtarmalıdır, həm də malını bazara gətirmək üçün yollar axtarmalıdır? Kənddəki insanlar başını aşağı salıb kənd təsərrüfatı məhsulu hasil etməlidir. Ölkədə də konserv zavodları olmalıdır. Bu malı xaricə çıxarmaq üçün mexanizmlər olmalıdır. Ona görə bu məsələlərə bir az elmin gözü ilə baxmaq lazımdır. Bir mütəxəssis olaraq deyim ki, bu sahədə xeyli naşılıqlar var. Amma ümid edirəm ki, Qarabağ məsələsi bitdi, quruculuq işlərinə diqqət artıb, bu sahədə də diqqət artar. Yoxsa, indiki halda davam etsə, 3-5 il sonra problem daha da pis vəziyyətdə olacaq. Sadəcə olaraq bu sahədə müasir elmin imkanlarından istifadə etmək lazımdır" - deyə o, əlavə edib.