"Bunlar təhlükəsizliyin genişləndirilmiş ölçüləridir" - MÜNASİBƏT BİLDİRİLDİ

4 Sentyabr 2024 13:35 (UTC+04:00)

“Prezident İlham Əliyevin Kəlbəcərə səfəri və onun etdiyi açılışlar Şərqi Zəngəzurun modernləşdirilməsi və Azərbaycanın strateji yanaşmalarının işğaldan azad olunmuş ərazilər üzərindən istiqamətləndirilməsini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Aqşin Kərimov sözlərinə belə davam edib: “Artıq işğal faktı yoxdur, lakin azad olunmuş ərazilərin təhlükəsizlik əsaslarını hərtərəfli şəkildə qurmaq vacibliyi də ön plandadır. Ona görə də, Prezident Qarabağa və Şərqi Zəngəzura səfərləri zamanı təhlükəsizliyin hərbi əsasları ilə bərabər, iqtisadi, infrastruktur aspektlərinə, bu iki regiona əhali köçünə də diqqət çəkir.

Bunlar təhlükəsizliyin genişləndirilmiş ölçüləridir və Prezident İlham Əliyevin siyasətində, yürütdüyü kursda bu, böyük miqyasda görünməkdədir. Azad olunmuş ərazilərlə bağlı dövlətin yürütdüyü hərtərəfli kurs həmin regionun strateji qiymətləndirilməsinin düzgün aparılmasını da şərtləndirir. İlham Əliyevin etdiyi açılışlar deməli, regionda Azərbaycanın prioritetləri əsasında yeni təhlükəsizlik və güc dinamikasını işləkliyinə, onların inkişafına istiqamətlənən strategiyanın tərkib hissəsidir”.

Ayşən Vəli