“Bu il Azərbaycan mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransına - COP29-a ev sahibliyi edəcək. COP-29 Azərbaycan üçün və bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir. Qlobal iqlim dəyişikliyinin fəsadları artıq gündəlik həyatımızda hiss edilməyə başlayıb. Qlobal istiləşmənin əsas səbəbi antropogen amillərdir. Sənaye müəssisələrinin fəaliyyəti, qalıq yanacaqla işləyən nəqliyyat vasitələrinin artması istixana effekti yaradan qazların atmosferi çirkləndirməsinə səbəb olur. Karbon emissiyasını azaltmaq dövlətlər qarşısına qoyulan əsas öhdəlikdir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
O bildirib ki, Azərbaycan 2050-ci ilə qədər karbon emissiyasını 40 faizə qədər azaltmağı öhdəsinə götürüb: “Ölkəmiz yaşıl enerjiyə keçid istiqamətində mühüm addımlar atır. Ölkəmizin 3 böyük region: Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Ölkəmizdə külək və günəş enerjisi əsasına elektrik enerjisi istehsalı sahəsində önəmli addımlar atılır.
Qaradağda regionun ən böyük günəş enerjisi stansiyası açılıb. Azərbaycan COP29-dan öncə də bərpa olunan enerjiyə keçid istiqamətində beynəlxalq səyləri dəstəkləyir, bu yöndə iri layihələr həyata keçirirdi. Son illər Bakı və Abşeronda milyonlarla ağac əkilib, yaşılııq zolaqları salınıb. Bakı və Sumqayıtda nəqliyyat infrasturukturu yenidən qurulur. Velosiped və skuter zolaqları yaradılır. Elektrik qatarları şəbəkəsi genişlənir. Paytaxtda ekektriklə işləyən velosiped taksilər fəaliyyətə başlayıb. Şəhərdə mədəniyyət və istirahət parkları yenidən qurulur. “28 may” metrostansiyasının çıxışında meydan təmir edilir, “Nərimanov” metrosunun qarşısındakı park yenidən qurulub. Paytaxtda 470 bina, 48 fəvvarə və 43 heykəldə təmir-bərpa işləri aparılır. Hətta paytaxtın ucqar rayonlarında belə binalar tərmir edilir, rənglənir, liftlər yenilənir. Bütün bu hazırlıqlar təsadüfi deyil. Ölkəmizə COP-29 tədbirinin keçirildiyi günlərdə 80 minə yaxın turist gələcək. Yeri gəlmişkən, bu, iqtisadiyyatın canlanmasına səbəb olacaq. Turizm sektorunda, mənzil bazarında aktivləşmə müşahidə olunacaq. Hesab edirəm ki, turizm sektorunda, otelçilikdə, nəqliyyat sahəsində çalışanlar beynəlxalq tədbirə yaxşı hazırlaşmalıdırlar. COP 29 ölkəmizin son 20 ildə əldə etdiyi sosial iqtisadi uğurların təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu fürsəti əldən verməməliyik. Ölkəmizi, onun əldə etdiyi nailiyyətləri uğurla nümayiş etdiməliyik”.