"Qarabağ Universiteti bizim üçün Zəfər simvoludur" - MÜNASİBƏT BİLDİRİLDİ

2 Sentyabr 2024 17:12 (UTC+04:00)

"Bildiyimiz kimi 9-19 avqust tarixlərində universitetlərə ixtisas seçimi həyata keçirildi. Bir neçə gün sonra isə ixtisas seçiminin nəticələri açıqlandı. Biz ixtisas seçiminin nəticələrinə əsasən Qarabağ Universitetinə xeyli marağın olduğunu gördük". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, Qarabağ Universitetinə maraq olmasının bir nömrəli səbəbi, təbii ki, mənəvi bir göstərici idi: "Şəxsən biz ixtisas seçimində bir çox gənclərə dəstək olduq. Onlarla söhbət zamanı, həqiqətən də, gənclər, yeniyetmələr, məktəbi bitirən 17 yaşlılar arasında yüksək vətənpərvərlik hissinin, Vətənə olan mənəvi bağlılığın şahidi olduq.

Uşaq ortaq məktəbi bitirir, parta arxasından çıxır, onun universitetlərarası müqayisə aparmaq, tədris keyfiyyəti arasında müqayisə aparmaq imkanları zəifdir. Biz bu barədə onlara məlumat verirdik. Yenə də əksəriyyəti Qarabağ Universitetində oxumaq arzusunu bildirirdilər. Maraqlı tərəflərdən biri bundan ibarət idi ki, hətta valideynlər də xüsusi istək göstərirdilər. O zaman şəxsən başa düşdüm ki, həqiqətən də, bizdə Qarabağ Universiteti ilk növbədə vətənpərvərlik və mənəviyyat hadisəsidir. Bizim üçün Qarabağ Universiteti Zəfər simvoludur. Zəfər simvolu olduğuna görə bizim gənclik, valideynlər də oraya sanki daha çox can atırdılar.

Məsələnin digər tərəfi isə tədris keyfiyyəti ilə bağlıdır. Hamı bilir ki, Qarabağ Universitetinin tədris proqramı həddindən artıq peşəkar, həddindən artıq çağdaş təhsil brendləri, markalarının tələbləri ilə uyğunlaşan sistemdir. Qarabağ Universiteti digər universitetlərdən təkcə nəzəri baza ilə yükləməklə yox, həm də tədqiqat universiteti kimi formalaşacaq. Bizdə tədqiqat universitetinin olmasına həddindən artıq böyük ehtiyac var. Biz burada çox əziyyət çəkirik. İkinci maraq da bununla əlaqədardır. Şagirdlərin bunun fərqində nə qədər olduğunu deyə bilmərəm. Hər halda ali təhsil seqmentində olan insanların bu istiqamətdə tövsiyələri olmamış olmaz".

"Üçüncü məsələ isə plan yerlərinin azlığıdır. Qarabağ Universitetinə 36 ixtisas üzrə cəmi 960 plan yeri ayrılıb. Düzdür, 1100 plan yeri deyilirdi, sonradan qəbulda gördük ki, bu rəqəm 960 olub. Birinci ildir, uzun illərdən sonra məhz bu il orada təhsil yenidən bərpa olunub. İlk il üçün düşünürük ki, normal göstəricidir. Amma Qarabağ Universitetinə olan xüsusi maraqla müqayisədə 960 rəqəmi çox kiçikdir. Bu plan yerləri uğrunda mübarizə getdi. Plan yerlərinin azalması ixtisasla bağlı rəqabəti xeyli artırdı. Keçid balları da hər ixtisas üzrə bu meyara görə qalxmış oldu. Nəticədə Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasının balı Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının keçid balı ilə demək olar ki, eynilik təşkil etdi. Birində 612 oldu, digərində 608 bal oldu. Qarabağ Universiteti 4 bal geri qaldı.

Dördüncü məsələ isə Qarabağ Universitetində oxuyacaq tələbələrə xüsusi imtiyaz və güzəştlərin tətbiq olunmasıdır. Onlar yalnız ödənişsiz təhsil, pulsuz yataqxana və digər ləvazimatlarla təmin olundular, noutbook və digər stimullaşdırıcı hədiyyələr, bir sözlə diqqət meyarı tələbələri özünə çəkmiş oldu. Düşünürük ki, Qarabağ Universiteti bu meyarı nəzərə almasaq belə, yenə özünə marağı bundan sonra da cəlb edəcəkdir" - deyə o, əlavə edib.