Onların acı taleyi... - (Hekayə)

31 Avqust 2024 18:06 (UTC+04:00)

AĞALAR İDRİSOĞLU

Orta məktəb, gimnaziya olandan sonra direktor Ömürün və müəllimlərin işləri, cavabdehlikləri çox artmışdı. Çünki beş günlük dərs sisteminə keçmişdilər. Artıq iki gün evdə qalan şagirdlərin məktəbə gələndə birinci günü elə bil ki, dərs keçməyə həvəsləri olmurdu. Məhz buna görə də həftənin birinci günü çox ağır keçirdi...
Bu gün də birinci gün olduğundan artıq gün günortya çatsa da hələ də Ömür müəllim bir stəkan çay içməyə belə macal tapmamışdı. Yenicə katibə ona və müavin Mətanət müəlliməyə çay gətirmişdi. Onlar çay içə-içə günün sonuna qədər olan vacib işləri müzakirə edirdilər...
Bu vaxt katibə qapını döyüb, içəri gəldi.
-Ömür müəllim, bir nəfər gəlib, sizinlə görüşmək istəyir. Amma xahiş elədi ki, adını deməyim. Sadəcə dedi ki, otaqdan çıxsın, onunla görüşmək istəyirəm.
- Ay qızım adını niyə soruşmadın?
- Soruşdum. Hətta tanıyıram da. Amma dedi ki, adını deməyim, -deyə katibə, günahkarcasına gülümsündü.
-Ay qızım, bu nə oyundur,- deyib Ömür müəllim ayağa durub, maraqla qapıya, katibənin otağına yaxınlaşdı.
O, Abbas Mirzəni görüb, çox təəccübləndi. Cəld onu qucaqladı.
-Sənin oyunun olsun ay Abbas. Dedim görəsən mənə belə ərk eləyən kimidir. Katibənin də “saqqızını” oğurlayıbsan...
-Dedim əsl sürpriz olsun.
Onlar çox mehriban görüşdülər.
-Ay qardaş sən hara, bura hara? Hansı rüzgar, hansı küləlklər səni bura gətirib? Bir şəhərdə yaşasaq da beş ildən artıqdır ki, görüşmürük.
-Mən sənə bir neçə dəfə tamaşalara dəvətnamə göndərmişəm, amma gəlməyibsən.
-Qardaş canı, beş ildir ki, burada direktor işləyirəm. Özümü zülümə salmışam. Heyif deyildi keçmiş məktəb... Şəhərin ən ucqar rayonunda idi. Heç kim də arayıb-axtarmırdı... İndi şəhərin mərkəzindəki bu məktəbə gəlmişəm. Həm də bir ildir ki, gimnaziya olmuşuq, işlər daha da çətinləşib. Hər gün də yoxlamalar gəlir, daha səbrim qalmayıb...
-Sən işləyən adamsan. Uşaq yaşlarından da böyük cavabdehliyin vardı... Həmişə dərsə hazırlıqlı gəlirdin...
-Hə. O illər çox arxada qaldı... Amma heyif deyildi o illər... Yaxşı biz niyə burada durmuşuq? Keçək içəri.
Ömür, Abbasın qoluna girdi və əvvəlcə onu kabinetinə dəvət elədi. Sonra özü onun ardınca kabinetə girdi.
Müavin Mətanət xanım, Abbas Mirzəni görəndə çaşıb qaldı. Cəld ayağa durdu və çox diqqətlə, həm də təccüblə, sevinclə ona baxdı...
-Bu, sizsiniz? Abbas müəllim... Ola bilməz...
Mətanət müəllimənin qarşısında ilk dəfə idi ki, belə yaxından gördüyü, uca boylu, yüngül atletika ilə məşğul olan idmançılara bənzəyən bədən formalı, saçları yaşından çox tez ağaran Abbas Mirzə dayanmışdı.
Abbas da Mətanət xanımı görəndə donub yerində qaldı. Beynindən ildırım surətilə bu sözlər keçdi: “Bu nədir? Ola bilməz... Gözlərimə inana bilmirəm. Ay aman... Doğrudanmı insan-insana belə oxşayarmış? Bu ki, Gülnar Fətullazadədir”...
Onların bir-birinə təccüblə və maraqla baxdığını görən Ömür müəllim dedi:
-Siz bir-birinizi tanıyırsız?
-Xeyir Ömür müəllim. Mən Abbas müəllimin oynadığı çoxlu tamaşalara baxmışam. O, mənim ən çox sevdiyim aktyordur. Hətta onun oynadığı Cəfər Cabbarlının “Aydın” tamaşasında Aydın rolundan sonra uzun müddət özümə gələ bilməmişəm...
-Hə. Aydın rolunda mən ona baxanda, fikirləşirdim ki, elə indi Abbasın ürəyi partlayacaq... Bu rolu Abbas rayonda olanda Xalq teatrında da oynamışdı. Mən də həmin tamaşada Dövlət bəyi oynayırdım...
-Məgər siz bir rayondansınız,- deyə Mətanət müəllimə təəccüblə onların hər ikisinə baxdı.
-Təkcə bir rayondan yox, həm də bir sinifdə oxumuşuq. Abbası teatra getməyə də mən həvəsləndirmişəm. Orta məktəbi bitirəndən sonra Abbas aktyor oldu, mən də ədəbiyyat müəllimi. O, əvvəl afişalarda Abbas Mirzəyev kimi yazılırdı. Mənim təklifimlə “yev”i atıb, Abbas Mirzə oldu. Diqqətlə bax. Elə özü də məşhur aktyorumuz Abbas Mirzəyə oxşayır.
-Amma Ömür müəllim daha yaxşı aktyor ola bilərdi.
-Deməli, mənim taleyimə də müəllim olmaq yazılıbmış. Keç əyləş. Ay qızım tez çay gətir,- deyə Ömür müəllim katibəyə dedi.
-Mən çıxım, siz söhbət edin, Ömür müəllim.
-Yox, sən də əyləş. Deyirsən ki, Abbas müəllim sənin ən çox sevdiyin aktyordur və həm də özü-öz ayağı ilə bura gəlib. Deməli, bu, səninçün də tarixi gündür.
-Elədi,- deyə Mətanət müəllimə əlini Abbasa uzatdı. Mən Mətanət Abdullazadəyəm.
-Mənim təhsil üzrə müavinimdir,-deyə Ömür də əlavə elədi. Çox savadlı və yüksək tərbiyəli xanımdır.
-Mən kabinetə girəndə sizi görüb təəccübləndim,- deyə Abbas yenə də diqqətlə Mətanət müəlliməyə baxdı.
-Gördüm.
-Bilirsiniz niyə?
-Bilirəm,- deyə Mətanət müəllimə gülümsündü. Və bu vaxtı onun yanaqlarında kiçik çuxur yarandı.
-Deyirlər ki, insanlar qoşa yaranıb. Amma belə qoşa olmasını mən ilk dəfədir ki, görürəm. Hətta güləndə yanağınızdakı çuxur, gözünüzün, saçınızın rəngi, düzümü, danışıq tərziniz də eynidir...
-Bəli. Belə deyirlər ki, mən rəhmətlik aktrisa Gülnar Fətullazadəyə oxşayıram. O da həmin vaxtı sizinlə Aydın tamaşasında Gültəkini oynayırdı... İnanın ki, o, haqq dünyasına qovuşanda bəlkə də mən hamıdan çox ağlamışam...
-O, Hamlet tamaşasında Ofeliyanı da oynamaq istəyirdi. Amma... Amma qismət olmadı... Aydın tamaşasından sonra baş rejissorumuz istəyirdi ki, “Hamlet” tamaşasını hazırlasın. Hətta rolları da bölmüşdü. Məzuniyyətdən sonra məşqlərə başlayacağdıq. Amma Hacıkəndə gedəndə Kazım müəllim avtomobil qəzasında dünyasını dəyişdi. Həmin vaxtı təkcə bizim teatr üçün yox, respublika teatr aləmi üçün onun ölümü dəhşətli bir hadisə oldu. Mən də, Gülnar da onun tələbələri idik. Ümumiyyətlə, teatrımızın o vaxtkı cavanlarının çoxunun müəllimi və mənəvi atası idi Kazım Tofiqli. Bax, o hadisədən sonra Gülnar da çox yaşamadı...
-Hə. Deyəsən Kazım müəllimin ölümündən beş-altı ay sonra Gülnar xanım da qanında olan xərçəng xəstəliyindən haqq dünyasına qovuşdu,- deyə Ömür müəllim, elə bil ki, nələrisə yadına saldı... O, Gülnarla Abbasın ər-arvad kimi yaşadığını bilirdi. Bunu ona Abbas özü demişdi. Hətta onlar dəfələrlə evlənmək istəsələr də Gülnarın anası, o vaxtlar böyük vəzifədə olan Gülnarə xanım neyçünsə icazə verməmişdi. Hətta bir dəfə mətbuatda müsahibə verəndə dolayısı ilə belə demişdi: “Gülnarı bir maraqlı aktyor istəyirdi, amma özündən çox razı adam idi. Bir az xasiyyətində də ötkəmlik vardı. Fikirləşdim ki, bir yerdə çox yaşamayacaqlar. Mən onların evlənməsinə icazə vermədim. Allah buna görə mənə hansı cəzanı versə razıyam”...
-Hə. O da xərçəng xəstəliyindən xəstəxanada yatanda yanına getmişdim və ona dedim ki, niyə belə müsahibə vermisiz? Dedi ki, elədiyim həmin bağışlanılmaz səhvə görə Allah mənə bu cəzanı verib, ölə də bilmirəm... Həmin görüşümüzdən üç gün sonra haqq dünyasına qovuşdu. Gülnarla qəbirləri yaxındır. Tez-tez ora gedib, onları yad eləyirəm. Orada özüm üçün də yer saxlatdırmışam... Nə isə... Talehdi də yaşayırıq... Deməli, bu da mənim alın yazımdı...
O, sözlərinin ardını deyə bilməyib, doluxsundu...
-Ay qardaş. Bilmək olmaz bizim öz başımıza nə gələcək. Hər birimizin bir alın yazısı var. Mən, buna çox inanıram,- deyə Ömür müəllim Abbasa ürək-dirək verdi. Həmin hadisədən on il keçir. Sən hökmən ailə qurmalısan. Bax, mənim artıq nəvələrim var. Allah sənə də qismət eləsin. Bilirsən nəvə necə şirin nemətdi?..
Mətanət Abdullazadə söhbəti dəyişmək üçün dedi:
-Sizin oynadığınız Hamlet rolunu çox tərifləyirlər... Mətbuatda da bu haqda çox oxumuşam. Televizorda da tamaşadan bir neçə parçanı göstəriblər.
-Hə. Bu rolu oynamaq on ildən sonra mənə nəsib oldu, amma Gülnara Ofelyanı oynamaq nəsib olmadı...
-İndi oynayan İlknur xanım da deyirlər pis oynamır,- deyə Mətanət xanım Abbasa baxıb gülümsündü.
Gülnarın gülüşünü, saçının quruluşunu, gözlərinin rəngini, baxışlarını, danışıq tərzini gözlərinin qarşısında canlandıran Abbas zarafatla dedi:
-Əgər mən sizi əvvəllər tanısaydım, rejissordan xahiş edərdim ki, bu rolu sizə versin. Bütün gücümü sərf eləyərdim ki, siz bu rolu oynayasınız. Axı hər bir insanın daxilində aktyorluq bacarığı var, -deyə Abbas, Mətanət xanıma baxıb, gülümsündü.
-Elə bilirsən oynamazdı. Mətanət müəllimə çox yaxşı ədəbiyyat müəllimidi. Universiteti qırmızı diplomla bitirib. Özü də çox yaxşı şeir demək qabiliyyəti var.
-Məsəslə budur ki, mən də aktrisa olamaq istəmişəm. Siz “Aydın” tamaşasını oynayanda mən, Dövlət Universitetinin birinci kursunda oxuyurdum. Bu tamaşa məni necə valeh elədisə, atama dedim ki, Teatr İnstitutuna keçmək istəyirəm. O, qəti icazə vermədi.
-Elə yaxşı ki, aktrisa olmayıbsınız,- deyə Abbas ucadan güldü. Teatr aləmində elə yazılmamış qanunlar var ki... Kənardan hər şey yaxşı görünür. Amma adam yalnız həmin mətbəxin içərisinə girəndə bunları görür... Çox adam da orada olan haqsızlıqlara davam gətirməyib, oradan uzaqlaşır... Əmək haqqları da çox azdır. Amma kapitalist dünyasında aktyorlar çox yaxşı yaşayırlar. Mən, kinoda, teatrda oynadığım rollara görə əgər hansısa kapitalist ölkəsində yaşasaydım, indi, milyonlarım olardım. Amma burada mənim iki otaqlı bir mənzilim və bir də köhnə maşınım var... Yaxşı ki, kinofilmlərə çəkilirəm. Yoxsa...
O, acı-acı gülümsündü.
-Ay qardaş, xahiş edirəm həmin mətbəxin sirrini açma. Elə biz müəllimlərin də vəziyyət heç də yaxşı deyil... Təsəvvür elə ki, ali dərəcəli müəllimlərin, ali dərəcəli aktyorların əmək haqqı, sıravi polis işçisinin əmək haqqından çox azdır. Mən də məktəb direktoru kimi çox az əmək haqqı alıram. Məktəb direktoru olsam da, heç bir səlahiyyətim yoxdur. Bu gimnaziyanın “mədəni keçikçisiyəm”. Nə isə... Əsas de görüm səni doğrudan da hansı rüzigar bura gətirib?
- Mənim bacım qızı sizin gimnaziyada oxuyur. Mən bunu dünən bilmişəm. Onlara getmişdim. Dedi ki, “gimnaziyamızın direktoru Ömür adlı çox savadlı bir müəllimdir”. Dedim, Ömür Beydullazadə deyil? Dedi ki, “hə, odur”. Mən də dedim ki, Ömür, orta məktəb yoldaşım olub. Bacım qızı çox sevindi. Səndən çox söhbət etdik. O, indi onuncu sinifdə oxuyur. Gəldim ki, ona kömək eləyəsən. Orta məktəbi bitirəndən sonra həkim olmaq istəyir.
-Adı nədir?
- Bahar Qədimli.
- O ki, dərsləini əla qiymətlərlə oxuyur. Heç repetitor yanına da getmir.
-Elədi. Onsuz da repetitora verməyə elə də pulları yoxdur.
-Bundan sonra mən ona necə lazımdırsa köməklik edərəm. Elə gəlib desəydi ki, Abbas Mirzə mənim dayımdır, bəs edərdi. Amma yaxşı ki, gəldin və məni cavanlıq illərimizə apardın. Fikrim bir az dağıldı...
Onlar çox söhbət etdilər. İki gündən sonra “Hamlet” tamaşası olacaqdı. Abbas onları tamaşaya dəvət elədi. Amma Ömür dedi ki, gələ bilməyəcək. Çünki nəvəsinin ad günüdür. Mətanət Abdullazadə dedi ki, o, bacısı ilə gələr. Sonra bu sözləri də əlavə elədi:
-Elə bu, həm özüm, həm bacım üçün də böyük mükafat olar.
Sonra onlar üçü bir yerdə bir qismət çörək kəsdilər. Məlum oldu ki, Mətanət xanım ailəlidir və iki övladı var. Amma əri bir ildir ki, küsüb rayona gedib. Orada yaşayır...
-Axmaq adamdı. Bizim gimnaziyada riyaziyyat müəllimi idi. Özü də çox savadlı müəllimdi. Mətanət müəlliməni mənə qısqandığına görə küsüb rayona gedib. Amma hamı bilir ki, mən, Mətamət müəlliməyə kiçik bacım kimi baxıram,- deyə Ömür heyifisləndi. Yəqin ki, gec-tez başa düşəcək və geri qayıdacaq...
... Mətanət iki günü çox böyük səbirsizliklə gözləyirdi. Ömrünün keçmiş illərini də bir sarı sim kimi xatırlayırdı... O, dediyi kimi “Aydın” tamaşasına baxanda ali məktəbin birinci kursunda oxuyurdu. Abbas Mirzəni orada görəndə dəlicəsinə ona vurulmuşdu. Amma həmin vaxtı yenicə görüşməyə başladığı indiki həyat yoldaşı Murad demişdi ki, Abbas Mirzə, Gülnar Fətullazadə ilə yaşayır. Sonra Mətanəti qısqandığına görə Abbas haqqında əlavə artıq-əskik də danışmışdı və onu Mətanətin gözündən tam salmışdı... Bu iki gündə yenidən Mətanətin qəlbində Abbasa qarşı olan ilk sevgisi cücərmişdi...
“Hamlet” tamaşası çox yaxşı keçdi. Tamaşaçılar tez-tez aktyorların oyununu alqışlarla qarşıladılar. Tamaşa qurtarandan sonra isə tamaşaçılar ayaq üstə on dəqiqə aktyorları alqışladılar və hətta tez-tez “bravo” da dedirlər.
Mətanət və bacısı iki dəstə gül gətirmişdilər. Mətanət özü gətirdiyi gülü Abbasa verdi. Bacısı Minayə isə Ofelya rolunu oynayan İlknura verdi.
Mətanət səhnədə gülü Abbasa verəndə o, dedi:
-Mətanət xanım. Məni teatrın qarşısında gözləyin.
-Oldu. Abbas müəllim.
Çox maraqlıdır ki, tamaşada oynayan aktyorların, aktrisaların da çoxu maraqla və təəccüblə Mətanətə baxırdılar. Çünki bugünkü geyimində və saç düzümündə Mətanət, Gülnar Fətullazadəyə daha çox oxşayırdı...
Tamaşadan sonra Abbas, Mətanət və Minayə bir qismət çörək kəsdilər. Çox maraqlı söhbət etdilər. Abbas onları sabah olacaq, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşasına dəvət elədi. O, bu tamaşada Molla Abbası oynayancaqdı...
Sabah tamaşaya Mətanət tək gəldi. Çünki “Hamlet” tamaşasından sonra evə gedəndə Mətanət, bacısına Abbas Mirzənin onun ilk sevgisi olduğunu demişdi. Bacıların aralarında heç bir sirr olmadığına görə Minayə də ona belə demişdi:
-Bəlkə elə bu, Allahın yazısıdı. Gülnar Fətullazadə dünyasını dəyişib. Sənin ərin Murad da küsüb, öz rayonlarına gedib. Deməli, bu, bir qismət də ola bilər. Bəlkə Allah istəyir ki, sizi birləşdirsin. Ona görə də tamaşaya sən tək get və tamaşadan sonra da ona açıq de ki, o, sənin ilk məhəbbətin olub... Onu da eşitmişəm ki, Abbas indi heç kimlə yaşamır. Özün də görürdün ki, o, gözünü səndən çəkmir...
Bacısının bu fikiri Mətanətin ürəyincə oldu. Beyninə batdı. Ona görə də sabah tamaşaya tək gəldi.
Bu tamaşa da Mətanətin xoşuna gəldi. Tamaşadan sonra Abbasla Mətanət çox maraqlı söhbət etdilər. Abbas Gülnar Fətullazadədən çox danışdı. Sonra dedi:
-Açığı sizi görəndən sonra elə bildim ki, Gülnar ölməyib. Dörd gündür ki, sizi yaddan çıxara bilmirəm.
-Mən isə sizi on beş ildir ki, yadımdan çıxara bilmirəm, -deyə Mətanət onun gözlərinə baxdı.
-Maraqlıdır. Necə yəni on beş il?
-Sizi Aydın rolunda görəndə dəlicəsinə vuruldum. Amma sonra öyrəndim ki, siz Gülnar xanımla yaşayırsınız... Sonra da indiki həyat yoldaşım Muradla ailə qurduq. İki övladımız dünyaya gəldi və mən də bu həyatımla barışdım... Mən, alın yazısına çox inanıram...
Abbas tutuldu və bir müddət heç nə demədən gözlərini geniş açıb, Mətanətə baxdı. Sonra onun əlini tutdu. Mətanət də o biri əlini onun əlinin üstünə qoydu.
-Eşitdiyimə görə sən ərindən boşanmaq istəyirsən. Gülnar də artıq haqq dünyasındadır. Deməli, bizim indi birləşmək imkanımız var. Yəqin ki, Böyük Yaradan da bu xoşbəxtliyi məhz indi bizə qismət eləyib. Həyat yoldaşınla ayrıl və biz evlənək. Sənin övladlarını da doğma övladlarım kimi qəbul eləyərəm.
... Onlar razılaşıb, ayrıldılar. Sabah Mətanət rayona, həyat yoldaşı Murada zəng vurub, onunla ayrılmaq istədiyini deyəcəkdi. Və sabah, ya da biri gün ZAKSA-a gedib, boşanmaq üçün ərizə verəcəkdi. Üç gündən sonra onlar görüşəcəkdilər. Və Mətanət “Məhəbbətsiz həyat” tamaşasına baxmağa gələcəkdi. Həmin gün səhər Abbas, Mətanətə zəng vurdu. O, dedi ki, “əri ilə danışıb və boşanmaq üçün də ərizə verib. Axşam da tamaşaya gələcək”.
... Həmin axşam Mətanət tamaşaya gəlmədi. Çünki Abbas onun üçün ikinci sırada, düz ortada yer saxlatdırmışdı. Həmin yer boş idi. Tamaşa gedən vaxtı Abbas həmin yerin boş olduğunu görmüşdü. Beynindən min cürə fikirlər keçdi... Tamaşanın fasiləsi vaxtı Mətanətə zəng vurdu. Telefonu əhatə dayirəsindən kənarda idi...
Tamaşa bitəndən sonra Abbas teatrın qarşısındakı meydançaya gəldi. Fikirləşdi ki, ola bilər Mətanət tamaşa başlayandan sonra gəlib və öz yerində otura bilməyib. Ona başqa yer veriblər. Mətanət də zəng vurub, onu narahat etməyib. O, teatrın qarşısında bir qədər gözlədi. Tamaşaçılar getmişdi və heç kimi yox idi. Abbas yenə də zəng vurdu. Telefon yenə də əhatə dairəsindən kənarda idi. O, Mətanətin votsapına zəng vurdu. Zəng səsi eşidilsə də amma Mətanət votsapı açmadı. Bu vaxt Abbasın beyninə çoxlu fikirlər gəldi və heç birinə cavab tapa bilmədi... Sonra öz maşınına yaxınlaşıb, qapını açdı. Bir az da maşında əyləşdi. Yenə də Mətanətə zəng vurdu. Yenə də telefon əhatə dairəsindən kənarda idi. Abbas, çox pis oldu. Əli ilə alnını möhkəm ovuşdurdu. Qaş-qabağını salladı. Bu, onun şakəri idi. Əsəbiləşəndə alnını möhkəm ovuşdurur, qaş-qabağını sallayır və fikirləşirdi ki, əsəbi bunula keçib gedəcək. Maşından düşdü. Fikirləşdi ki, bu əsəblə maşın sürə bilməyəcək. Teatrın növbətçisini çağırdı. Növbətçi gəldi.
-Eşidirəm sizi Abbas müəllim.
-Maşını teatrın həyətinə sür. Narahatam. Əllərim də əsəbdən əsir. Belə vəziyyətdə maşın sürə bilmərəm. Metro ilə evə gedəcəm.
-Baş üstə Abbas müəllim.
Növbətçi maşının açarını Abbasdan alıb, onun maşınını teatrın həyətinə sürdü. Abbas ağır addımlarla metroya tərəf getdi.
Bu vaxt onun telefonuna bir mesaj gəldi. Abbas telefonu açıb, eynəyini gözünə taxdı və bu mesajı bir neçə dəfə oxudu... Sonra yenə də əsəbi alnını ovuşdurdu.
Mətanət mesajda belə yazmışdı: “Məni bağışlayın Abbas müəllim. Mən, on beş il bundan əvvəlki kimi indi də sizə vəfasız oldum. Bu gün həyat yoldaşım qaynatamla evə gəldilər. Atamı erkən itirdiyimə görə qaynatama öz atam kimi hörmət edirəm. O da məni qızı kimi sevir. Hətta desəm ki, Muraddan daha çox hörmət edir, bu, daha düzgün olar. Uşaqlar babalarını, atalarını görən kimi onlara möhkəm sarıldılar. Onları duz kimi yaladılar. Murad da, uşaqlar da ağladılar. Qaynatam bizi barışdırdı... Mən də məcbur olub, razılaşdım. İstəmədim ki, uşaqlar atasız böyüsünlər. Atasız-anasız böyüyən uşaqlar yarımçıq olur. Mən, atamı erkən itirdiyimə görə bunun acısını dadmışam... Deməli, mən, məcbur olub, öz məhəbbətimi uşaqlarıma qurban verdim. Ola bilər ki, siz buna görə məni bağışlamayacaqsız. Çünki sizə birinci zərbə Gülnar xanım öləndə dəymişdisə, ikinci zərbəni də mən vurdum. Əgər mümkünsə məni bağışlayın... Və bilin ki, əgər birinci Gülnar haqq dünyasına qovuşubsa, ikinci Gülnar, yəni mən həmişə uzaqdan-uzağa sizi seyr edəcəm... Mən, ərizə verib, iş yerimdən də bu gün çıxmışam. Ömür müəllim razı olmaq istəmirdi, amma qaynatam onu məcbur elədi, o da razılaşdı. Biz, sabah rayona gedəcəyik və mən orada işləyəcəm. Deməli, daha Bakıda yaşamayacam. Bundan sonra teatra da gələ bilməyəcəm. Amma sizin haqqınızda yazılanları böyük həvəslə, sevgi ilə oxuyacam və televizorda göstərilən tamaşalarınıza, çəkildiyiniz kinofilmlərə baxacam. Həmişə də fikirləşəcəm ki, bax, bu müqəddəs insan, mənim sevdiyim, ürəyi çox geniş, xalqımızın sevimli aktyorudur... Siz, çox tərbiyəli insansız. Sizinlə görüşdüyümüz bu müddətdə məni heç öpmədiniz də...
Bu yazını yazandan sonra telefonumun nömrəsini dəyişəcəm. Mənim üçün çox çətin olsa da sizin də nömrənizi telefonumdan siləcəm. Deməli, siz daha mənə zəng vura bilməyəcəksiz... Allahdan bircə arzum var ki, bizi heç olmasa o dünyada birləşdirsin”...
... Abbas metroya girmədi. Metronun yanındakı kafeyə gedib, möhkəm içdi və çoxlu siqaret çəkdi. O, uzun illər idi ki, spirtli içki içmişdi. Gülnar Fətullazadə öləndə son dəfə spitli içki içmişdi. İndi də ikinci dəfə idi ki, belə möhkəm içirdi. Ayaqlarını sürüyə-sürüyə yenidən teatra qayıtdı. Novbətçi onu belə görəndə çaşıb qaldı.
-Abbas müəllim. Axı siz içki içmirdiniz... Sizə nə oldu?
-Nə isə oldu... Mənim qrim otağımın açarını ver.
-Gedəyin qapını mən açım.
-Gedək, -deyə Abbas növbətçiyə baxıb gülümsündü.
Onlar teatrın birinci mərtəbəsində olan Abbasın qrim otağına getdilər. Novbətçi onu çətinliklə də olsa, elə paltarlı divana uzatdı.
... Gülnar xanım öləndə o, hönkürtü ilə ağlamışdı və elə bu divanda da paltarlı yatmışdı... İndi yenə də hönkürtü ilə ağlayırdı. O, göz yaşlarını silmirdi. Gözlərinin yaşı köynəyinə tökülürdü və oradan da sinəsini isladırdı...
Səhərə yaxın Abbası yuxu tutdu. Yuxusunda Gülnarı və Mətanəti gördü. Onlar, əllərində olan ağ dəsmalla onun göz yaşlarını silirdilər... Abbas isə sağ əlini ürəyinin üstünə qoymuşdu. Ürəyində, kürəyində ağrılar hiss eləyirdi...
“Dəsmal ayrılıq əlamətidir”,- deyib ulularımız. Mən, ulularımızın bu sözlərinə heç nə əlavə eləyə bilmədim...

Sumqayıt şəhəri,
12-30 avqust-2024-cü il