“Mən insanam, xeyirxahlıqdır peşəm...”

1 Sentyabr 2024 16:16 (UTC+04:00)

“Mən insanam, xeyirxahlıqdır peşəm...”

Elə bil bu insan üçün deyilib bu deyim.

Haqqında danışmaq istədiyim Zahid Babayev ali texniki təhsilli olsa da, amma onun özünün poetik bir dünyası var.

Və bu dünya, məndən əvvəl də onun barəsində deyildiyi kimi, Vətən, torpaq, ana və s. sevgisi ilə qidalanır.

Deyim ki, Zahid Babayev sovetlər dövründə göndərişlə

bir müddət Azərbaycandan kənarda yaşayıb və təbii ki, bu da onun şeirlərində öz əksini tapmış olub.

...Aşağıda şairin bir neçə şerini diqqətinizə çatdırırıq.

Ana

Ana, Anacan girirsən hər gecə yuxuma yenə,

Öpürsən gözlərimdən, məzəmmət edirsən.

Yox daha dözümüm bala,həyat zindan olub mənə,

Qayıt oğul evimizə, qayıt deyirsən.

Deyirsən ki, bəsdir daha qaldın oğul qürbət eldə,

Baxçamızda susub bülbül, qəribsəyir qərənfil də.

Qəribsəyir sevgilin də, gəl-gəl deyir gözəl gül də,

Gəl deməkdən yorulubdur inan oğul, bizdə dil də.

Diz çökürəm qarşında mən öpmək üçün əllərindən,

Gecdir, oğul, söyləyirsən, uzaqlara sən gedirsən.

Qanad salıb uçuram məntutmaq üçün əllərindən,

Sənsə, ana, baxıb mənə uzaqlardan əl edirsən,

Qayıt oğul evimizə, qayıt deyirsən.

Vətənim mənim

Torpaqına, daşına,

Oğul şəhid verən,

Anaların göz yaşına qurban,

Vətənim mənim, Vətənim mənim.

Keşiyinə sayıq duran,

Bayrağını uca tutan,

Əsgərinə, zabitinə qurban

Vətənim mənim, Vətənim mənim.

Bakına, Gəncənə,

Sumqayıt kimi neçə-neçə

şəhərinə, kəndinə qurban

Vətənim mənim, Vətənim mənim.

Uca dağlarına, gen dərələrinə,

Ürək açan mənzərələrinə,

Bir də Anamın bu gözəlliyi,

Vəsf etdiyi zümzümələrinə qurban,

Vətənim mənim, Vətənim mənim.

Kədərim olmisan

Əvvəllər sevincim idin,

indi kədərim olmisan,

Həsrətin işləyir lap iliyimə,

Ətirli bir gül idin,

indi solmusan.

Fələk bir xətt çəkdi,

Sənlə bağlı hər bir arzuma,

hər diləyimə.

Deyirlər xoş o qəmə ki,

Ürəkdə həsrətdən atəş gizlədir.

Xoş o ürəyə ki, onda od yuva salmış olsun.

O od da, o atəş də hər ikimizin ürəyindədir.

Xoş o günə də ki, həzin və xoş xatirələrimiz,

O atəşin şöləsiylədaima işıqlansın,

alovlansın.