MDU-ya 600-dən yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib

30 Avqust 2024 20:43 (UTC+04:00)

Avqustun 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektor vəzifəsini müvəqqəti icra edən tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov bu ali təhsil müəssisəsinə 600-dən yuxarı bal toplayaraq qəbul olmuş Nərgiz Şirinova, Mədinə İbrahimova, Sevinc Abdulova və onların valideynləri ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, MDU-dan bildirilib ki, görüş zamanı tələbələri təbrik edən Üzeyir Zeynalov onlara seçimlərinə görə minnətdarlığını bildirib. Prorektor gənclərimizin daim özlərini inkişaf etdirməli olduqlarını vurğulayaraq bütün tələbələri MDU-nun imkanlarından faydalanmağa və peşəkar kadr kimi formalaşmağa dəvət edib.

Qeyd edək ki, Nərgiz Şirinova 606,3 bal, Mədinə İbrahimova 604,8 bal toplayaraq MDU-nun xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına, Sevinc Abdulova isə 605,3 bal toplayaraq riyaziyyat müəllimliyi ixtisasına qəbul olublar.

2024/2025-ci tədris ilində MDU-ya qəbul olmuş 500-dən yüksək bal toplayan tələbələrin sayı 16 nəfərdir. Onlardan 4-ü 600-dən yuxarı bal toplayıb. Ümumilikdə, ixtisas seçimi müsabiqəsinin ilkin nəticəsinə əsasən, MDU-nun qəbul planı 90 faizdən çox dolub. Cari tədris ilində 500-dən yuxarı bal toplayaraq MDU-ya qəbul olmuş tələbələr birdəfəlik təqaüd alacaqlar.