Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində pasiyentlərə yüksək səviyyədə uroloji tibbi xidmət göstərilir. Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov və uzman uroloq-androloq Samir Ağalarov tərəfindən uroloji xəstəliklərinin diaqnostikası, bütün növ uroloji müayinə və müalicə prosedurları, androloji xəstəliklərin müalicəsi, açıq və qapalı cərrahi uroloji əməliyyatlar uğurla həyata keçirilir. Şöbənin yüksəkixtisaslı həkimləri tərəfindən tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərir. Şöbəyə müraciət edən bütün pasiyentlərə yüksək səviyyədə uroloji tibbi xidmət göstərilir.
Beynəlxalq tələblərə cavab verən ən müasir və yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş Urologiya şöbəsinin yüksəkixtisaslı tibb personalı tərəfindən zərbə-dalğa litotripsiyası, sidik yolları və böyrək daşlarının müalicəsi, lazer və pnevmatik ureterolitotripsiyası, böyrək daşlarının qapalı ureterolitotripsiyası, litoekstraksiyası, böyrək daşlarının ultrasəs litolapaksiyası, açıq sidik axarı və böyrək daşları əməliyyatları, laparoskopik böyrək daşları əməliyyatları, perkutan nefrolitotomiya, fibroureterorenoskopiya kimi əməliyyatlar, eləcə də sidik-cinsiyyət sisteminin şişləri, kişilərdə cinsi disfunksiya, kişi sonsuzluğu, sidik problemləri, prostatit və prostat vəzinin hiperplaziyası, qadınlarda sidik qaçırma, sidik yollarının infeksiyaları, sidik yollarının anadangəlmə qüsurları, sidik ifrazatları kimi tipik xəstəliklərin müalicəsi icra edilir.
Ölkəmizdə ilk dəfə kəsik aparılmadan tulium lazerlə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı Mərkəzi Gömrük Hospitalında uğurla icra olunmuşdur. Müasir müalicə üsulu sayılan holium lazer cihazı vasitəsi ilə daşların yerləşmə yerindən və ölçüsündən asılı olmayaraq əridilməsi əməliyyatı Urologiya şöbəsində uğurla tətbiq olunur.
Urologiya şöbəsinin işinin əsas istiqamətləri cərrahi kəsik olmadan, istənilən sıxlıqda və istənilən yerdə daşların lazer və ultrasəs kontaktı ilə əzilməsi, androloji xəstəliklərin, sidik-cinsiyyət sisteminin xoş və bədxassəli yeni törəmələrinin müalicəsindən ibarətdir. Böyrək və sidik yollarının şiş və kistlərinin müalicəsi əsasən laparoskopik və endoskopik üsullarla aparılır. Urologiya şöbəsinin əsas vəzifəsi əhaliyə yüksək ixtisaslaşmış və yüksək texnologiyalı uroloji yardım göstərməkdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində endoskopik böyrək daşı əməliyyatı (Perkutan Nefrolitotomiya və Mini Perkutan Nefrolitotomiya) və endoskopik prostatektomiya (TUR Prostatektomiya) əməliyyatları icra edilir.