Molla Nəsrəddin:
-Ay bala, bu nədir, bu qadınların hamısı niyə bir-birinə oxşayır? Bunların dodağı-başı niyə bu gündədir? Adam qorxur...
-Ay Molla əmi, dəbdir də. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür edir.
- Bismillahir-rəhmanir-rəhim. Nə danışırsan, burunların kiçildilməsi, dodaqların şişirdilməsi nə deməkdir, bu nəyə lazımdır?
- Belədir də, ay Molla əmi, biri görür burnu böyükdür, çirkin görünür, gedir həkimə, kiçiltmək istəyir. Həkim də pulunu alır, burnunu balaçalaşdırır, vəssalam. Bu illərdir, belədir. Yəqin sən təzə xəbər tutmusan.
-Allah, nələr eşidib görəcəkmişik. Dodaqlarını niyə şişirdir bu qadınlar? Bu da vacibdir burun kimi? Bu, nəyi dəyişir, nəyə xidmət edir?
-Bu, heç nəyi dəyişmir. Sadəcə qadınlar var ki, dodaqlarının böyük görünməsini istəyirlər. Onlara elə gəlir ki, dodaqları böyük olanda cazibədar görünürlər. Bax, vallah, mən də sizin kimi bu suallara illərdir ki, cavab axtarıram, lakin hələ də tapa bilmirəm. Küçədə, mağazada, marketdə bir də baxırsan ki, neçə qadın varsa, hamısı bir-birinin bənzəridir. Dodaqlar, necə deyərlər, üç metr qabaqda, burunlar yuxarıda- ox kimi.
-Mən də gördüm. İlahi, insan da özünü bu günə salarmı? Bu boyda dodaqların nə mənası var? Axı Allah-təala məsləhət bilib bunu qaydasında-qanununda verib də...
-Yox, Molla əmi, bunu anlayan, düşünən varmı? Elə bu səbəbdən də şişmə dodaqlar dəbə düşüb və əksər qadın düşünmədən-daşınmadan qaçır kosmetoloq yanına ki, mənim dodağımı şişirt. Bu iş üçün həm də qadınlarımız heç də həmişə həkim-kosmetoloqlara deyil, adi bir gözəllik salonunda bu işlə məşğul olanlara müraciət edirlər ki, nəticə adamı dəhşətə gətirir. Bir də baxırsan ki, qarşıdan bir qadın gəlir, ağız-dodağını heç cür yığıb-yığışdıra bilmir. Vallah, adamın yazığı gəlir. Bəzi halda utandıqları, insanlardan qüsurlarını gizlətməyə çalışdıqları da gözdən yayınmır. Amma, çox təəssüf ki, iş işdən keçmişdir.
-Mən həqiqətən deməyə artıq söz tapa bilmirəm. Mən elə bilirdim "Molla Nəsrəddin" dövründə camaat avam idi. Lakin indi görürəm ki, elə onları necə qoyub getmişiksə, eləcə də qalıblar. Dəyişən bir şey olmayıb. Onda bir başqa, indi bir başqa...
- Molla əmi, gördüyünüz bu oxşarlıq tək burun, dodaq deyil ha?
-Dahası da var niyə?
-Bəli, var. Həm də necə. İndi artıq qalıcı olaraq qaşların formaya salınması və kirpiklərin uzadılması, saçların istənilən uzunluğa çatdırılması da qadınlarımız arasında dəbə çevrilib. Bax elə bütün bunlara görə də tez-tez bir-birinə oxşar qadınlarla qarşılaşmaq olur. Burunlar , dodaqlar, qaşlar, kirpiklər, saçları... eyni olan qadınlarla. Hələ başqa əməliyyatlar da var, ancaq gərək məni bağışlayasınız, sizinlə bu barədə danışa bilmərəm.
-Niyə?
-Çünki yer ayrılar, içinə girərəm.
-Ay bala, adamın ağlı-huşu olar. Bir qadın üçün özünəməxsusluqdan gözəl nə ola bilər? Özünə məxsus burun, dodaq quruluşu, özünə məxsus saçlar, qaşlar, kirpiklər... Qadınlarımız əsrlərlə bütün bunlarla bir-birindən fərqli olmayıblarmı? Bir-birilərindən bu gözəllikləri ilə seçilməyiblərmi?
-Əlbəttə, Molla əmi. Amma təəssüflər olsun ki, biz müasirləşdikcə, özümüzdən uzaqlaşırıq. Allahın verdiyi qaşları ləğv edib yerinə şahə qalxan qaş döydürürük? Püstə ağzımızı qarpıza çeviririk. Qıvrılıb yuxarı qalxan, gözlərimizə işığın düşməsini əngəlləyən kirpiklərlə gəzməli oluruq. Hələ ceyrangöz xanımları deyim ey sizə. Gedib həkimə bir ətək pul verib gözlərini dartdırırlar yana-yuxarı. Deyirlər ki, olduq ceyrangöz. Həqiqətən də ceyrangöz olurlar ha, Molla əmi. Baxırsan ki, gözlər o qədər dartılıb ki, artıq yumulmur, kirpik kirpiyin üstünə gəlmir.
-Maşallah, bərəkallah. Mən də deyirəm, o qədər yazdıq, dedik, indi çoxdan səsimizi eşidib müsəlmanlar, avamlığın daşını atıblar. Gəlib buralara baş çəkməyimə peşman oldum. O dövrdə dərd bir-iki idi. İndi sizin dərd-sərinizin sayı-hesabı yoxdur ki. Rəhmətliklər sağ olsaydı da, bu qədər cızığından çıxan insanlarla baş edə bilməzdilər. Heyf bu millətdən...
Mətanət Məmmədova