Rusiyanın ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

27 Avqust 2024 00:25 (UTC+04:00)

...Bazar ertəsi Omsk neft emalı zavodunda baş verən partlayış onun gücünün demək olar ki, yarısını sıradan çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, Reuters vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hadisə nəticəsində zavodda ən məhsuldar olan AVT-11 ilkin neft emalı qurğusu sıradan çıxıb və dayanıb.

Qeyd edək ki, 2023-cü ildə istifadəyə verilən AVT-11 ildə 8,4 milyon ton neft və 1,2 milyon ton qaz kondensatı emal edir və Omsk Neft Emalı Zavodunun gücünün 41 faizini təmin edirdi. Zavod Rusiyanın ən böyük zavodudur və ölkədəki bütün yanacağın təxminən onda birini istehsal edirdi.

...Reuters mənbələrinin məlumatına görə, AVT-11-də neft emalının dayandırılması Omsk NEZ-də hidrokrekinqin tamamilə dayandırılmasına səbəb ola bilər, çünki zavod xammalla birbaşa AVT-11-dən təmin olunur.

Onu da qeyd edək ki, Omsk Neft Emalı Zavodunda ikinci ən məhsuldar ilkin blok - AVT-10 (ildə 8,6 milyon ton, NEZ-in gücünün 37 faizi) avqustun 1-də baş vermiş yanğın səbəbindən əvvəllər fəaliyyətini dayandırmışdı.

Reuters mənbələrinin məlumatına görə, zavod dayandığı müddətdə bəzi köhnə ilkin qurğuları yenidən işə salıb.

Keçən il Omsk Neft Emalı Zavodu 21,28 milyon ton neft emal edərək 5,07 milyon ton avtomobil benzini (Rusiya Federasiyasında istehsalın 11,5 faizi), 8,1 milyon ton dizel yanacağı (9,2 faiz) və 1,63 milyon ton təyyarə yanacağı istehsal edib (15 faiz).

Yeri gəlmişkən, ilin əvvəlindən Rusiyanın neft emalı zavodları və neft bazaları ən azı 40 dəfə Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qalıb və bir sıra iri neftayırma zavodları yanğınlar və avadanlıqların zədələnməsindən sonra hasilatı dayandırmaq məcburiyyətində qalıb.

...Yanvar-may aylarında Rusiyada benzin istehsalı, Rosstatın məlumatına görə, dekabrın sonu ilə müqayisədə 20 faiz, dizel yanacağı isə 11 faiz azalıb.

İyunun əvvəlində Rusiya hakimiyyəti sanksiyaları və bazarın “manipulyasiyası” təhlükəsini əsas gətirərək yanacaq istehsalı statistikasını təsnif edib.

Əli Babayev