Temperaturun bir gün yüksək, digər gün isə aşağı olması bu vəziyyətə hazır olmayan insanların sağlamlığını təhlükə altına qoyur. Ani hava dəyişiklikləri insan orqanizminin uyğunlaşma və müdafiə mexanizmlərini pozduğu üçün xəstəlikləri də dəvət edir.

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Hava şəraitinin və temperaturun qəfil dəyişməsi viruslara qarşı həssaslığı artırır, orqanizmin müqavimətinin azalmasına səbəb olur ki, bu da yuxarı tənəffüs yollarının xəstəliklərinə yol açır. Yaz aylarında ən çox rast gəlinən xəstəliklərdən biri də xalq arasında “qrip” kimi tanınan burun yoluxucu virus infeksiyalarıdır. Xəstəlik virusun mənimsənilməsindən 1-2 gün sonra baş verir və burun tutulması, burun axması, asqırma, bəzən isə hərarətin yüksəlməsi kimi əlamətlərə səbəb olur. Xüsusilə uşaqların və yaşlıların xəstəliyə qarşı ani temperatur dəyişikliyindən qorunaraq soyuqdəymə keçirənlərdən uzaq durmaları tövsiyə edilir.

Hava dəyişikliyinin təsirləri nələrdir?
- İmmunitet sisteminin zəifləməsi ilə xüsusilə tənəffüs sistemimiz və qan dövranı sistemimiz təsirlənir.
- Yuxarı tənəffüs yollarının infeksiyaları, yəni burun və boğaz infeksiyaları çox yayılmışdır.
- Qan dövranı sistemimiz təsirləndikdə qan təzyiqində problemlər yaranır. Təzyiq dəyişikliyi ilə infarktların artdığı müəyyən edilmişdir.
- Yeni hava axınlarına görə miqren tutmaları baş verə bilər.
- Havanın qəfil dəyişməsi insanın əhval-ruhiyyəsinə təsir edərək əsəbilik, narahatlıq və həssaslığa səbəb ola bilər.
- Mənfi hava dəyişikliyi, yəni daha az günəşli, yağışlı mühitlər depressiyaya səbəb ola bilər.
- Həddindən artıq temperatur artımı allergik xəstəliklər və yoluxucu xəstəlikləri artıra bilər.
- Hava dəyişiklikləri yorğunluğa və yuxu rejiminin dəyişməsinə və bu da iştahın dəyişməsinə səbəb ola bilər.
- Xroniki xəstəlikləri olan insanlarda və yaşlılarda uyğunlaşma daha çətindir. Bu insanların daha diqqətli olması tövsiyə olunur.
.jpg)
Həkim-terapevt Sübhan Hacıyev: "Ümumiyyətlə, insan təbiətlə çox sıx əlaqədədir və təsadüfi deyil ki, təbiətdə olan bütün makro-mikro elementlər insan orqanizmində də öz yerini tapıb. Eyni zamanda, təbiətdə baş verən bütün hidrometeoroloji amillər də orqanizmimizə təsirsiz ötüşmür. Lakin bir çox insanlarda, xüsusilə də gənc nəsil insanlarda uyğunlaşma prosesi dediyimiz adaptasiya çox sürətli getdiyi üçün biz bunları ciddi şəkildə narahatlıqla keçirmirik. Lakin uşaqlar və yaşlı insanlarda bu bir qədər fərqli keçir.
Uşaqlarda daha çox immun sisteminin və digər sistem orqanlarının tam formalaşmadığı üçün, yaşlı insanlarda isə bir çox xroniki xəstəliklərin, xüsusilə də ürək-damar xəstəliklərinin olması ilə adaptasiya prosesləri ləngiyir və nəticədə havada olan dəyişkənlik, xüsusilə də məsələn əgər bir havada 12 dərəcədən çox dəyişkənlik olarsa bu birbaşa qan-damar sisteminə təsir göstərir. Məsələn, bir insan çox sərin bir yerdən qəflətən isti bir yerə keçərsə damarlarda ciddi şəkildə genişlənmə baş verir, təzyiqin düşmələri, soyuq tər, ümumi qan dövranının və beyin qan dövranının pozulması ola bilər. Eləcə də əksinə çox isti yerdə olmuş insan qəflətən soyuq bir yerə girərsə damarlarda bir sıxılma, daralma baş verir ki, aterosklerotik xəstəliklərin və yaxud da ki tromboz xəstəliklərinin olması nəticəsində orqanizmdə çox ciddi fəsadlarla özünü göstərə bilər.
Hava şəraitinin dəyişməsi eyni zamanda tənəffüs yolları allergiyasından əziyyət çəkən insanlarda da bu xəstəliklərin daha çox aqressivləşməsi və aktivləşməsi ilə özünü göstərir. Bu cür insanlarda gözlərdə yaşarma, burun axması, burun tutqunluğu, asqırmalar, ümumi qaşınmalar, xüsusilə də ağız içi qaşınmalar çoxalır".

Həkim-pediatr Aygün Cəfərli: "Fəsil dəyişkənliyində uşaqlarda müxtəlif problemlər yarana bilər. Məsələn, yay fəslində uşaqlar həm qidalar, həm günəş, həm də dənizdən bol vitamin alırlar. Bunlar hamısı sağlamlıq üçün çox önəmlidir. Amma buna baxmayaraq avqust aylarının sonlarından payız dönəminə keçdiyimizə, havalarda temperatur fərqli olduğuna görə orqanizmimizə təsir edir. Bununla əlaqədar fəsil dəyişikliyi xəstəlikləri meydana çıxır. Bunlardan əsası tənəffüs və mədə-bağırsaq sistemi xəstəlikləridir.
Biz kiçik yaş qrupundan olan uşaqlarda hər zaman peyvəndlərin olmasını tövsiyə edirik. Çünki onlara peyvənd vurulması bədəndə immunitet yaradır. Bu da kəskin virus infeksiyalardan qorunmaq imkanı yaradır və uşaqda xəstəliyə qarşı bədəndə antitellər olur. Uşaq bu xəstəliyə ya yoluxmur, ya da yoluxsa belə çox yüngül keçirir.
Fəsil dəyişikliyi zamanı uşaqlarda qidalarla bağlı da immunitet düşə bilər. Bununla bağlı olaraq uşaqlara bol vitaminli və balanslaşdırılmış qidalar hazırlanmalıdır. İstər uşaq olsun, istər böyük hər bir orqanizm individualdır. İstidən-soyuğa, ya da əksinə soyqudan -istiyə keçilməsini hər bir orqanizm fərqli qarşılayır. Əksər insanlar bunu fəsadsız keçirir. Amma insanlarda immunitet düşməsi səbəbindən insan kəskin bakterial infeksiyalara yoluxa bilər. Bu iqlim, temperaturla bağlıdır.
Bəzən sağlam orqanizm fəsil dəyişikliyinə allergik reaksiya verir. Məsələn, uşaqlarda gözlərdə qızarma və qaşınma olur. Bunlar çox müşahidə olunur. Eyni zamanda bura mədə-bağırsaq problemləri də aiddir. Bunun səbəbi insan bədənində temperaturla əlaqədar ümumi müqavimətin aşağı düşməsidir.
Yay fəslinə keçiddə biz çox istəyirik ki, uşaqlar açıq haavda bol zaman keçirsinlər. Valideynlər bəzən uşaqlarını havaya uyğun geyindirmirlər. Uşağı düzgün geyindirmək lazımdır ki, bədəninə D vitamini daxil olsun. Çünki D vitamini bədəndə immunitetin qalxmasına səbəb ola bilər.
Son zamanlar uşaqlarda ən çox qarşılaşdığımız hallar bədən müqavimətinin aşağı düşməsi, boğaz ağrısıdır. Mütləq, şəxsi gigiyenaya mütləq diqqət etmək lazımdır".

Bu hallarda xəstəliklər qaçınılmazıdr. Bəs, necə qorunmalıyıq?
- Yaxşı vitamin və mineral dəstəyi təmin edilməlidir.
- Düzgün qidalanma proqramı qəbul edilməli və qida müxtəlifliyi vurğulanmalıdır.
- Bədənin maye ehtiyacını ödəmək üçün bol su istehlak etmək çox vacibdir. Hazır meyvə şirələri, çay, qəhvə və turşulu içkilər maye ehtiyacını ödəmək üçün kifayət etmir. Bitki çaylarına həm təbii, həm də sağlam olduqları üçün üstünlük verilə bilər.
- Siqaret və spirtdən qaçınmaq lazımdır. Siqaret çəkmək immunitet sisteminə mənfi təsir göstərir və xəstəliklərin yaranmasına şərait yaradır. Həddindən artıq spirt istehlakı da siqaretlə birləşdirildikdə daha çox zərər verə bilər.
- İmmunitet sistemi yaşa və sağlamlıq vəziyyətinə görə idman etməklə gücləndirilməlidir. Gəzinti, velosiped sürmək və üzgüçülük ümumiyyətlə hər kəsin edə biləcəyi fəaliyyətlərdir.
- Nizamlı və keyfiyyətli yuxu sizə gün boyu canlılıq verir.
- Səhər, günorta və axşam saatlarına uyğun geyinməyə diqqət yetirilməlidir. Mümkünsə, nazik təbəqələrdən ibarət geyim kombinasiyası hazırlanmalıdır.
- Daxili mühit yaxşı havalandırılmalı və təmizlənməlidir. Qapalı mühitlərdə xəstəliklərin daha sürətli yayılmasına səbəb olur.
- Kondisionerlə sərinləməyə çalışarkən diqqətli olmaq lazımdır. Xüsusən də günorta saatlarında hava isti olanda kondisioner fasiləsiz işə salınır və xəstəliklər qaçılmaz olur.
- İmmunitet sistemini gücləndirən əlavələr qəbul edilə bilər. Bunların arasında arı polenini, B-karotini, vitamin komplekslərini, koenzimi və yaşıl çayı saymaq olar.
- İnfeksiya əlamətləri varsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
Ayşən Vəli