...Yapon kişi 2011-ci ildəki sunami zamanı öldüyü güman edilən həyat yoldaşının qalıqlarının axtarışını davam etdirir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə South China Morning Post yazır.
Aydınlaşdırılıb ki, 67 yaşlı Yasuo Takamatsu həyat yoldaşı Yukonun yoxa çıxdığı yerdə onun izlərini tapmaq ümidi ilə 650 dəfədən çox okeana dalıb.
...Hamısı sevimli həyat yoldaşının son mesajında ona yazdığı arzusunu yerinə yetirmək üçün: “Mən evə qayıtmaq istəyirəm”.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində 9,0 bal gücündə zəlzələ və ondan irəli gələn sunami baş verdi. Takamatsu ailəsi təbii fəlakətdən ən çox zərər çəkən Miyaqi prefekturasının Onaqava kəndində yaşayırdı.
...Yasuo özü o gün sunamidən xilas olan qonşu şəhərə iş üçün gedib. Bu vaxt həyat yoldaşı Onaqavada, bankdakı iş yerində idi. Müəssisə direktoru altı metr hündürlüyündə ola biləcək sunami barədə xəbərdarlıq edib, ona görə də 13 əməkdaşın hamısı yerdən təxminən on metr hündürlükdə yerləşən binanın damına keçib.
Təəssüf ki, proqnoz qeyri-dəqiq olub və hündürlüyü 15 metrdən çox olan dalğa 12 nəfəri damdan çıxarıb. Onlardan səkkizi, o cümlədən Yuko tapılmayıb.
Həyat yoldaşı son mesajında Yasuodan harada olduğunu soruşdu və evə getmək istədiyini söyləyib. Xilasedicilər iki il sonra Onaqavada bankın xarabalıqlarını təmizləyərək Takamatsuya arvadının telefonunu verəndə, kişi onun üçün göndərilməmiş başqa bir mesaj tapıb.
Həmən mesajda Yuko dəhşət içində ərinə yazıb: "Tsunami böyükdür".
Yasuo arvadının nə qədər qorxduğunu təsəvvür edə bilmədiyini deyib.
Kişi Yukonun son arzusunu yerinə yetirmək və onu evə gətirməkdə qərarlıdır. Məhz elə buna görə də, Takamatsu sualtı dalğıc dərsləri almağa başlayıb və 2014-cü ildə lisenziyasını aldıqdan sonra həyat yoldaşı axtarmağa başlayıb.
...Kişinin sözlərinə görə, Yukonu sağ-salamat tapmayacağını anlayır, məqsədi heç olmasa onun qalıqlarını evə qaytarmaqdır. Takamatsu kifayət qədər gücü olduğu müddətdə axtarışları davam etdirmək niyyətindədir.
Xatırladaq ki, 2011-ci il sunami Yaponiyada 19 759 nəfərin həyatına son qoydu. Onlardan 2553-ü hələ də itkin düşüb.
Nazlı Almuradova