“Azərbaycan heç kimin sözü ilə oturub-durmur“ - ŞƏRH EDİLDİ

23 Avqust 2024 12:22 (UTC+04:00)

“Azərbaycanın bu gün COP29 kimi önəmli, vacib və qlobal bir tədbirə ev sahibliyi etməsini həzm edə bilməyən bəlli qüvvələr var. Onlar Azərbaycan əleyhinə bəzi sosial şəbəkə xidmətlərində və beynəlxalq medianın erməni lobbisinin əlində oyuncağa çevrilmiş platformalarında anti-Azərbaycan mövqeyini gücləndiriblər. Təbii ki, burada Azərbaycanın qlobal güc olaraq COP29 kimi BMT-nin ən vacib tədbirinə ev sahibliyi etməsini həzm etməmək faktoru var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, çox zaman COP29 əleyhinə aparılan çirkin dezinformasiya kampaniyasında radikal müxalifətin ünsürlərindən istifadə edilir: “Azərbaycan əleyhinə informasiya müharibəsinin təbliğatçısına çevrilən radikal müxalifət ünsürləri COP29 əleyhinə kampaniyada fəal iştirak edir. Bu bir daha göstərir ki, bu gün Azərbaycan heç kimin sözü ilə oturub-durmur. Azərbaycanın özünün dövlət prinsipləri var və müstəqil gücdür. Dövlətimiz bu gün təkcə öz regionu ilə bağlı deyil, dünya ilə əlaqədar da ən vacib məsələlərin müzakirə edildiyi platformadır. Təbii olaraq bütün bunlar da Azərbaycanın güclü olması faktorunu qəbul etməyən qüvvələr tərəfindən yaxşı dəyərləndirilir. Bu baxımdan Azərbaycan əleyhinə saxta ittihamlar, uydurma məlumatlarla hər hansı fon yaratmağa çalışırlar. Amma bunların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan COP29 tədbirinə də ləyaqətlə ev sahibliyi edərək, dünyanı narahat edən bir sıra məsələlərdə nəticə əldə olunmasına çalışacaq”.