Filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızının “Çağdaş ədəbiyyata baxış (məqalələr toplusu)” kitabı işıq üzü görüb. Nəşrdə Ş.Tahirqızının müxtəlif illərdə qələmə aldığı ədəbi və portret yazılarının bir qismi toplanıb.
Bildirək ki, kitabda “Çağdaş ədəbiyyatımızın qələm əhli”, “Sevimli türkülərimin sevilən şairi”, “Toxunmasa qələm daşa”, “Vətəndə vətənsizlik tablosu”, “Nargindən Boraltana”, “Şuşanın taleyində üç 8”, “Bir tələbənin xatirəsi”, “Ərk qalası” və s. başlıqlarda yazılara yer verilib.
Kitabın ərsəyə gəlməsi haqqında Ş.Tahirqızı BAYRAQDAR MEDİA-ya məlumat verib: “Uzun müddət idi ilk qələm təcrübələrimdən bu yana yazdığım məqalələri bir araya toplayıb kitab halına gətirmək istəyirdim. Nəhayət ki, buna qərar verdim və bu yay həmin istəyi gerçəkləşdirdim. Bu kitabda müxtəlif illərdə qələmə aldığım ədəbi yazılarım yer alır. Həmçinin nəşrdə bəzi müəllimlərimin yubileyləri ilə bağlı müxtəlif vaxtlardakı yazılarımı da “Müəllimlərimə ehtiramla” başlığı altında toplamışam. Ümid edirəm ki, ədəbi nəsillər arasında körpü rolu oynaya biləcək bir toplu ərsəyə gətirə bilmişəm”.
Qeyd edək ki, ədəbiyyatşünaslar və bu sahədə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş toplunun ön sözünün müəllifi yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Kənan Hacı, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Dos. Aygün Bağırlı, rəyçisi isə Əməkdar jurnalist, yazıçı Yunis Orucovdur.