"COP29 yaxınlaşdıqca müxtəlif xarici mərkəzlərə bağlı sosial şəbəkə və informasiya orqanlarında qaralama kampaniyası güclənir. Bu təsadüfi deyil. Biz bunu COP29 barədə ötən ilin sonlarında qəbul olunmuş qərarın əleyhinə dünyada bəzi ölkələrin apardığı kampaniyanın davamı kimi baxırıq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Aydın Quliyev sözlərinə belə davam edib: "Ötən ilin axırlarında Azərbaycanın COP29-a ev sahibliyi hüququnun tanınması zamanı bəzi ölkələrin və mərkəzlərin özlərini necə apardıqlarını hər kəs bilir. Onlar bütün vasitələrlə COP29-a Azərbaycanın ev sahibliyi etməsinin əleyhinə çıxırdılar və görsənir ki, onların bir çoxunun mövqeləri bugün də dəyişməyib. Həmin COP29-la əlaqədar Azərbaycanı qaralama kampaniyası davam etdirilir. Bu kampaniyanın adı altında Azərbaycan üçün müxtəlif qaralayıcı fikirlər və ideyalar ortalığa atılır.
O cümlədən COP29 adı altında artıq Azərbaycanda kökü kəsilmiş separatizmin ocağı olan Arsax ideyasının yenidən gündəmə gətirilməsinə və Bakıda həbsxanada layiq olduqları məhbusluq həyatını yaşayan separatçı canilərin guya azadlığa buraxılmasına nail olmaq üçün kampaniya gedir. Əlbəttə, bunların kökü, mahiyyəti və formaları bizə yaxşı bəllidir. Biz yaxşı bilirik ki, həm Arsax separatizminin dirçəldilməsi, həm bu separatizmə görə layiq olduğu məhbusluq həyatını yaşayan canilərin azadlığa buraxılması bu qüvvələr üçün hədəf deyil, sadəcə bir vasitədir. Yəni, Arsax ideyasının gündəmə gətirilməsi və separatçı canilərin guya azadlığa buraxılması şüarları əslində onlar üçün bir vasitədir. Əsas hədəf COP29-u qaralamaq və COP29-a hazırlıq çərçivəsində Azərbaycanın həyata keçirdiyi böyük işlərə kölgə salmaqdan ibarətdir. Görürlər ki, bu nə qədər genişmiqyaslı və ağır bir iş olsa da ancaq Azərbaycan COP29 hazırlıqlarını yüksək səviyyədə həyata keçirir. Görürlər ki, bu sonda Azərbaycanın həm bu cür irimiqyaslı tədbirlərin təşkilatçılığını nə qədər yüksək səviyyədə həyata keçirə bildiyinin daha bir nümayişi olacaq, həm də Azərbaycanın həqiqətən alternativ enerjiyə keçidlə bağlı iradəli dövlət siyasətinin sahibi olduğunu nümayiş etdirəcək. Buna görə də onun müsbət nəticələrinin Azərbaycanın dünyada mövqelərinin güclənməsinə əlavə xal gətirməsinin qarşısını almaq üçün indidən belə qaralama kampaniyalarına rəvac verirlər. Amma nə COP29-a hazırlıq prosesini zəiflədə bilərlər, nə COP29-u yüksək səviyyədə keçirilməsinə mane ola bilərlər, nə COP29-un uğurlu keçirilməsindən sonra bunun Azərbaycandakı mövqeyinin daha da möhkəmlənməsinə mane ola bilərlər, nə də ki cinayətkar separatçıların əsas olmadan azadlığa buraxılmasına nail ola bilməyəcəklər".
Ayşən Vəli