"COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın nəticəsidir" - MÜNASİBƏT BİLDİRİLDİ

19 Avqust 2024 16:04 (UTC+04:00)

“Bu ilin noyabrında Azərbaycan mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişiklikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına - COP29-a ev sahibliyi edəcək. Bu konfransın həm ölkəmiz, həm də dünya üçün böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Elman Cəfərli sözlərinə belə davam edib: "COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycan Paris razılaşmasına sadiqdir, qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxalq səyləri dəstəkləyir. Ölkəmizdə karbon emissiyasının azaldılması, yaşıl enerjiyə keçid istiqamətində mühüm addımlar atılır. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın nəticəsidir. Qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə ayrıca götürülmüş bir ölkənin görəcəyi iş deyil. Bu məsələdə birlik və həmrəyliyə ehtiyac var. Azərbaycan hər zaman zəif inkişaf etmiş dövlətlərə yardım siyasətinə sadiq qalıb. Koronavirus pandemiyası zamanı da Azərbaycan zəif inkişaf etmiş dövlətlərə maliyyə və humanitar yardımlar göstərmişdi.

Ölkəmiz yaşıl enerji keçid məsələsində də ədalətli yanaşmanın tərəfindədir. COP29-da qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində mühüm təşəbbüslərin, çağırışların ediləcəyi gözlənilir. Yəni Bakıda dünyanın gələcəyini müəyyən edən mühüm qərarlar çıxarılacaq. Bu tədbirə ev sahibliyini son 4 ildə ərazisində olan etnik münaqişəni təkbaşına həll etmiş, Cənubi Qafqazda bölgəsəl gücə çevrilmiş Azərbaycan edir. Azərbaycanın Qarabağ zəfəri bölgədə iştahı olan qlobal gücləri, Fransa, Almaniya kimi dövlətləri narahat edir. “Siyahi məhbuslara azadlıq”, “Vardanyana azadlıq” kimi şüarlara Azərbaycanı ləkələməyə, COP29 kimi mötəbər bir toplantıya kölgə salmağa çalışmaları gözlənilən idi. Çünki 4 ildə aparılan anti-Azərbaycan kampaniyası keç bir nəticə vermədi. Əksinə Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. İndi 30 il sivil dünyanın göz qarşısında tar-mar edilmiş azad Qarabağ bərpa edilir, bölgədə ekoloji layihələrə dayanan ağıllı kəndlər, qəsəbələr salınır, şəhərlər tikilir. Sosial şəbəkələrdə qarayaxma kampaniyası onların ölkəmizə qarşı son uğursuz cəhdi hesab edilə bilər. Buna qədər bir neçə mühüm beynəlxalq tədbirlərə evsahibliyi etmiş Azərbaycan bu konfransı da yüksək səviyyədə təşkil edəcək”.

Ayşən Vəli