"Geopolitik rəqabət güclənib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

19 Avqust 2024 14:50 (UTC+04:00)

"Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərindən 6 il keçib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oktay Qasımov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində dünyada və regionumuzda çox ciddi hadisələr və dəyişikliklər baş verib: "Altı il öncə Cənubi Qafqazda mövqələri kifayət qədər möhkəm olan Rusiyanın hazırda bölgədə Rusiya-Ukrayna savaşından dolayı mövqeləri xeyli dərəcədə zəifləyib.

ABŞ başda olmaqla kollektiv Qərb bölgədə Rusiya ilə geopolitik rəqabəti gücləndirib və Rusiyanı bölgədə sıxışdırmağa çalışır. Buna xeyli dərəcədə Ermənistanın əli ilə Rusiyanı zəiflətməyə macal tapıb. Putinin Azərbaycan səfəri təbii ki, iki ölkə arasında münasibətlərin səviyyəsinin güclənməsindən xəbər verir. Belə ki, Azərbaycan Prezidenti də aprel ayında Rusiyada səfərdə olub və yüksək səviyyəli görüşlər keçirmişdir.

Rusiya Prezidenti Vladimir Putin və İlham Əliyevin müzakirə edəcəyi çox ciddi gündəlikdə duran məsələlər var. Belə ki, tərəflər həm siyasi, həm də iqtisadi, humanitar, mədəni, ticarət, energetika, təhlükəsizlik, logistika, kommunikasiya, nəqliyyat və s məsələləri müzakirə edəcəklər. Təbii ki, bununla bərabər həm regional, həm də qlobal mövzulara da toxunulacaq".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, son dönəmlər Rusiyanın müttəfiqi sayılan Ermənistanın Qərblə yaxınlaşması və Rusiyadan uzaqlaşma meyllərinin güclənməsini müşahidə edirik: "Rusiyanın özünün marağında olduğu Zəngəzur dəhlizi ilə bağlı yaranmış vəziyyət və digər məsələlər İlham Əliyev və Vladimir Putin arasında müzakirə olunacaq. Kremldən verilən məlumat da ondan ibarət idi ki, tərəflərin müzakirə edəcəyi məsələlər arasında Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması, sərhədlərin delitimasiya və demarkasiya prosesinin həyata keçirilməsi, o cümlədən, bölgədə nəqliyyat və kommunikasiya sistemlətinin açılmasının zəruriliyi vurğulanmışdı. Putin bu proseslərin 2020-2022-ci illərdə Rusiyanın moderatorluğu ilə keçirilən üçtərəfli görüşlərdə əldə olunmuş razılıqlar və imzalanmış sənədlər əsasında həyata keçirilməsini istəyir. Bu o deməkdir ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliyə aparılmasında iştirak edərək yenidən moderatorluğu əlinə almaq istəyir".

O.Qasımov fikirlərini sonlandıraraq deyib: "Görünür, Zəngəzur dəhlizi ilə bağlı yaranmış məsələdə Amerikanın Rusiyanı prosesdən kanarlaşdırmaq cəhdi suya düşdü. Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin dinamikasına müsbət təsir edəcək. Xüsusi ilə 3+3 formatında və ikitərəfli formatda bölgədə öz fəaliyyətlərini kordinasiya edəcəklər. Hər halda Rusiya dünyada və bölgəmizdə əsas güclərdən biridir".