Məktəbli formaları, ləvazimatları - problemlər və çatışmazlıqlar NƏLƏRDİR?

19 Avqust 2024 11:08 (UTC+04:00)

Yay mövsümünün son ayını yaşayırıq. Belə ki, yeni dərs ilinin başlanmasına artıq az vaxt qalıb. Valideynlərin hər il təkrarlanan məktəb qayğıları da artır. Məktəbə hazırlıq həmişə bir çox problemlərlə yanaşı, çətinliklər də yaradır. Bu çətinliklər xüsusilə məktəbli geyimi ilə bağlı olur. Məktəbli formalarının keyfiyyəti, qiyməti, dizaynı hər zamakı kimi bu il də diqqət mərkəzindədi.

SİA məsələnin aktuallığını nəzərə alaraq, məktəbli formaları və ləvazimatlarındakı çatışmazlıqlar barədə təhsil eksperti Elnur Aydının münasibətini öyrənib. Ekspertin fikrincə, məktəbli forması problemi tədris ilinin əvvəlində aktuallığını artırır: ”Hazırda bundan həm valideynlər, məktəb rəhbərliyi, həm də şagirdlər özləri narahatdır. Məktəbli formaları istehsalı ilə məşğul olan istehsal müəssisələrinin sayı azdır və istehsal gücü aşağıdır”.

E.Aydının sözlərinə görə, istehsal olunan məktəbli formalarının keyfiyyəti yaxşı deyil. Belə ki, yuxarı sinif şagirdləri təklif olunan məktəbli forması dizaynını bəzi hallarda uyğun hesab etmir. Xaricdən də məktəbli forması idxal etmək Azərbaycan kimi potensial imkanları güclü olan ölkə üçün yaxşı hal deyil: “Sənaye üsulu ilə işləyən istehsal gücü yüksək olan, müasir avadanlıqlarla təmin olunan və peşəkar işçi heyəti olan tikiş fabrikləri arasında rəqabətqliliyi artırmaq, məktəbli forması ilə keyfiyyətli və vaxtında təminata mühüm töhfə verə bilər. Qanunvericilikdə də məktəbli forması ilə bağlı müəyyən yumşaq məqamlar var. Sərt yanaşma tətbiq etmək də olmur, ona görə ki, bəzi çoxuşaqlı, aztəminatlı ailələrdə valideynlər məktəbli formasını ala bilmir”.

E.Aydın bildirib ki, xeyriyyəçilər, müəyyən şəxslər ianələr formasında bəzən məktəb ləvazimatları ilə bağlı imkansız ailələrin uşaqlarına dəstək olur: “Düşünürəm ki, məktəbli forması ilə bağlı çoxuşaqlı və aztəminatlı ailələlərin övladları üçün müəyyən bir formada dövlət dəstəyinin olması yaxşı olar”.

Məktəb ləvazimatlarına münasibət bildirən ekspert deyib ki, pulu olan ailələr üçün çeşidli ləvazimatlar var. Pulu olmayan valideynlər isə həmin çeşidli vitrinlərə həsədlə baxır. İmkanları daxilində birini alanda, o birisini ala bilmir: “Şair Nüsrət Kəsəmənlinin sözləri ilə desək,
Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox”.

Gülnarə Həsənova