Tərlan Əhmədov "Qarabağ", "Zirə" və "Sabah" FK haqqında NƏLƏRİ DANIŞDI? - AÇIQLAMA

15 Avqust 2024 15:54 (UTC+04:00)

"Qələbə gözlənilən idi, hamımız gözləyirdik ki, "Qarabağ" Futbol Klubu qələbə qazanacaq". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədov deyib.

Tərlan Əhmədov sözlərinə belə davam edib: "Bəli, çətin olacağını bilirdik. Mən də müsahibələrimin birində demişdim ki, "Qarabağ" bu oyunda səhvsiz oynasa, müdafiədəki boşluğu düzəldə və hücumdakı aqressivliyi çoxalda bilsə qalib gələ bilər. Yəni buradakı oyunda hiss olunurdu ki, müdafiədə boşluqlar həddindən çox idi. Hansı ki komanda standart və əks-hücumda rəqib "Qarabağ"ı yaxalayıb qalibiyyət əldə etmişdi. Amma oradakı oyunda əlbəttə ki rəqib çalışacaqdı həm qol vursun, həm də qalibiyyəti saxlaya bilsin. Amma indi ilk dəqiqələrdə məcbur etdilər birinci topda rəqibin müdafiə xəttində səhvə yol verdilər. Yəni aqressivlik davam etdi. Amma sonra yenə gördüyünüz kimi müdafiədəki boşluqlar və "Qarabağ"ın boşluğu iki topun buraxılmasına səbəb oldu. İki top məğlub olduqları halda ikinci hissədə artıq demək olar ki, yavaş-yavaş "Qarabağ" oyunu öz üzərinə götürüb, təzyiq altında saxlayıb qolların davamını gətirdi və qalib gəldi. Bu da gözlənilən idi. İstər-istəməz hamımız bunu gözləyirdik, arzu edirdik və bilirdik ki, "Qarabağ"ın böyük təcrübəsi var. "Qarabağ"ın itirəcəyi bir şey yoxdur və bütün variantları istifadə edib. Mükəmməl oyundan "Qarabağ" qalib gəldi.

O ki qaldı "Zirə" və "Sabah"a açığı deyim ki, "Zirə" hər halda səfərdə heç-heçə idi, artıq burada da ehtiyatlı olmalıdır. Yəni, belə oyunlarda arxayınlıq heç vaxt uğur gətirmir. Diqqətli olmaq lazımdır. Komanda özünə görə komandadır. İstər-istəməz çalışacaqlar ki, burada da uğurlu nəticə əldə etsinlər. "Zirə" hər halda öz oyununu oynasa düşünürəm ki, bu mərhələni keçəcək.

Açığı deyim ki, hər halda Xorvatiyanın "Osiyek" klubu indiki vəziyyətdə əvvəlki "Osiyek" deyil. Baxmayaraq ki, Konfrans Liqasında çıxış edirlər. Yəni hər halda "Zirə" və Rəşad Sadıqovun növbəti mərhələyə çıxması üçün şansdır. Yəni bundan maksimal istifadə olunmalıdır.

Bir balaca "Sabah"da məğlub olub. "Sabah" demək olar ki, çempionatda da uğursuz çıxış edib və bu baxımdan da istər-istəməz düşündürən məsələ odur ki, "Sabah" həm daxili çempionatda bir balaca axsaqlıq edir, həm də hansısa problemlər yaşayır və ilk oyunda da səfərdə 2-1 məğlub olub. Bu baxımdan komandada hansısa bir problem yaşana bilər. Ümid edək ki, "Sabah" da bu imtahandan üzü ağ çıxacaq. Yenə deyirəm belə oyunlarda çalışmalıdır komandalarda səhv minimuma ensin və hücum xəttində də aqressiv olunsun. Necə ki "Qarabağ" ikinci hissədə aqressiv oynayaraq rəqibi səhv etməyə məcbur etdi və hər hansı bir vəziyyətdən komandanın uğurlu nəticəsini əldə etmək üçün çıxış yolları tapmaq lazım idi. Bu baxımdan düşünürəm ki, hər halda bu oyunları analiz edirlər, rəqiblər artıq bir-birlərini aşağı-yuxarı tanıyırlar, hər halda komandalarımızın keçmək şansı böyükdür. Bundan sonra da Azərbaycan klublarından hansısa şikayət etmək, və yaxud da bizə zəif rəqib, və yaxud güclü zəif düşdü və s. artıq bunları biz unutmalıyıq. Biz artıq futbolun elə bir nöqtəsinə gəlib çatırıq ki, artıq nəticələr əldə olunmalıdır, qrup mərhələlərinə düşülməlidir. Yəni indiki məqamda bu şeylərə şans var. Çox rahat ardıcıllıqla gəlir, yəni qrupa düşmək üçün hər halda bunun üçün böyük bir proqram hazırlanmalıdır, işlər görülməlidir və komanda oyunu mükəmməl olmalıdır".

Ayşən Vəli