MGH-də ikitərəfli qasıq yırtığı əməliyyatı uğurla icra edilib

15 Avqust 2024 15:20 (UTC+04:00)

12 avqust 2024-cü il tarixində qarnın aşağı nahiyəsində ağrılardan şikayətlənən 39 yaşlı pasiyent Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Müayinələr zamanı hər iki qasıq nahiyəsində şişkinlik müəyyən olunub və xəstəyə ikitərəfli qasıq yırtığı diaqnozu qoyulub.
SİA-nın xəbərinə görə, Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov tərəfindən icra edilən əməliyyat zamanı ikitərəfli qasıq yırtığı laparoskopik yolla ləğv olunaraq hər iki nahiyəyə özü yapışan sintetik prolen torlar yerləşdirilib.
Dr.Namiq Novruzovun sözlərinə görə, “qarının aşağı nahiyəsində - qasıqda şişkinlik, ağrılar, gərgin fiziki iş zamanı isə kəskin ağrılardan əziyyət çəkən xəstənin vəziyyəti əməliyyatdan sonra yaxşıdır. Belə xəstələrdə vaxtında cərrahi müdaxilə olmazsa, yırtıqlar böyüyür, sidik ifrazında və bağırsaqların fəaliyyətində problemlər yarana bilir, belə vəziyyət insanın normal fiziki həyatına mane olur, bəzi hallarda isə yırtıq kisəsində boğulma baş verir ki, bu da kəskin ağrılarla müşayiət edilir. Belə olduğu halda təcili əməliyyat etmək lazım gəlir”.