Azərbaycan azad və demokratik seçki keçirmək ənənəsinə sadiqdir TƏHLİL

15 Avqust 2024 13:24 (UTC+04:00)

Azərbaycan xalqı o xalqlardandır ki, dövlət müstəqilliyini yüzlərlə oğul və qızını şəhid verməklə qazanıb. Bu baxımdan müstəqillik millətimiz üçün çox şirindir. Təəssüflər olsun ki, qanımız və canımız bahasına əldə etdiyimiz müstəqilliyimizin ilk illəri də asan keçməyib. Torpaqlarımızın erməni işğalına məruz qalması qəlbimizi göynədən, ürəyimizi yaralayan məqamlar idi. Bu ağrılı-acılı illər 30 il çəkdi. 30 il yurd həsrəti ilə yaşadıq, ağrılar-acılar çəkdik. Lakin sonda haqq-ədalət zəfər qazandı. Xalqımız Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməklə torpaqlarımızı erməni işğalından azad etməyə nail oldu. Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır, hər yerdə quruculuq-abadlıq, bərpa, tikinti işləri həyata keçirilir. Prezidentimiz İlham Əliyev demişkən, "biz Qarabağı cənnətə çevirəcəyik". Bəli, işğaldan azad edilən ərazilərimiz böyük tikinti, quruculuq meydanına çevrilib. İnsanlar öz doğma yurd-yuvalarına qayıdır və əvvəlki normal həyatlarını bərpa edirlər. Bu uğurlu proseslərin fonunda 30 ildən sonra ilk dəfə ölkəmizdə suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəraitdə parlament seçkiləri keçiriləcək. Bu baxımdan ölkə əhalisi daha fəal və sevinclidir. Hər kəs seçkilərdən danışır və müxtəlif seçki yığıncaqlarına qatılmaqla seçki prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan cəmiyyəti seçkiləri qanunvericiliyin tələblərinə uyğun, yüksək səviyyədə keçirilməsi üçün zəngin təcrübəyə malikdir. Parlament seçkilərində də əhalinin xüsusi fəallıq göstərəcəyi şübhəsizdir. Eyni zamanda, dünyanın müxtəlif dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları da Azərbaycanda sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə xüsusi diqqət ayırırlar. Seçki prosesini 80 minə yaxın müşahidəçinin izləməyə hazırlaşması da təsdiq edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək müşahidəçilərin sayı 80 minə çatır. Məzahir Pənahovun sözlərinə görə, xarici müşahidəçilərin sayı isə 300-ə yaxındır. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib ki, MSK 26 ölkənin seçki qurumuna müşahidəçilik üçün dəvət göndərib. Bundan əlavə, MDB Parlamentlərarası Assambleyası (MDB PA) sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri izləmək üçün müşahidəçilər qrupu formalaşdırır: "Hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən müşahidəçilər qrupu yaradılır". ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda keçiriləcək 1 sentyabr parlament seçkilərində daha böyük heyətlə müşahidə aparmaq niyyətindədir. ATƏT/DTİHB Аzərbaycanda parlament seçkilərini 300-dən çox müşahidəçi ilə uzunmüddətli missiyası üçün 30, qısamüddətli missiya üçün 280 müşahidəçi olmaqla, monitorinq aparacağını bildirib.

Naxçıvan seçkilərə tam hazırdır

Seçki hazırlıqları Azərbaycanın bütün bölgələrində qanunvericiliyin tələbinə uyğun olaraq aparılır. Naxçıvan Muxtar Respublikasında seçici siyahıları tam şəkildə baş çatdırılıb, seçki məntəqələri fasiləsiz elektrik enerjisi və internetlə təmin olunması həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında 6 dairə üzrə 310 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı isə 280 minə yaxındır. Seçilər arasında maarifləndirmə işləri yüksək səviyyədə təşkil olunub. Bu da əhalinin seçki prosesi haqqında geniş və əhatəli bilgilər almalarına yeni imkanlar yaradır. Vaxtaşırı olaraq muxtar respublikada treninqlər də təşkil olunur ki, bu da seçki seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlıq səviyyəsinin artırılmasına yardımçı olur. Avqustun 13-dən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri üçün treninqlərə başlanılıb. Treninqlərdə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və digər məsələlər ilə bağlı ətraflı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib. Diskussiya şəklində təşkil olunan treninqlərdə məntəqə seçki komissiyalarının üzvlərini maraqlandıran suallar cavablandırılır. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Çingiz Həsənli bildirib ki, treninqlərdə dairə üzrə 42 məntəqədən 252 əməkdaş iştirak edəcək. Treninqlərin gedişini izləmək üçün xarici müşahidəçilər də dəvət olunub. Treninqlər gün ərzində iki dəfə olmaqla, 4 gün davam edəcək. 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 44 min 727 seçici qeydə alınıb ki, onlardan 503-ü ilk dəfə səs verəcək. Dairənin 10, 12, 15 və 17 saylı məntəqələrində veb-kameraların quraşdırılması nəzərdə tutulub. Dairə üzrə növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa 7 namizəd qeydə alınıb. Bunla yanaşı Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyasının iclasında Naxçıvan MSK-nın tərkibində dəyişiklik edilməsi barədə məsələ də müzakirə olunub. Naxçıvan MR Ali Məclis sədrinin müavin, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov qeyd edib ki, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçilib. Cari il iyulun 22-də keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib. Bu il iyulun 24-də komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürüb. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının üzvü ola bilməz.

1 sentyabr növbəti tarixi gün olacaq

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 15-də Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub. MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib. Məzahir Pənahov həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 516 567 seçki bülleteni hazırlanacağını bildirib. MSK sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.

Məlumat üçün qeyd etmək lazımdır ki, seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.

Bütün bu və digər görülən və həyata keçirilən işlər bir daha onu deməyə əsas verir ki, parlament seçkiləri yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə baş tutacaq. Bununla Azərbaycan bir daha bəşəriyyətə hüquqi, demokratik dövlət quruculuğuna və azad, şəffaf seçki keçirmək ənənəsinə sadiq olduğunu nümayiş etdirəcək.

İLHAM ƏLİYEV