İsrailli politoloqdan təxribatçı erməniyə ağır cavab - ŞTRİX

15 Avqust 2024 13:24 (UTC+04:00)

Erməni aparıcı İsrail politoloquna verdiyi yersiz suala görə peşman oldu

Son bir neçə gündür ki, Ermənistanın istər hakimiyyət, istərsə də müxalif media orqanları, politoloqları, habelə sosial şəbəkələri guya Qarabağda İsrailə məxsus hərbi bazaların mövcudluğu ətrafında hay-həşir salır, İran-İsrail qarşıdurmasında qonşu İranı Azərbaycana qarşı kökləməyə, bu vasitə ilə regiondakı sabitliyi pozmağa cəhdlər göstərirlər. Onlar tamamilə fərqli informasiya qismində yayılan xəbəri necə deyərlər, feyk halına salaraq "həqiqət" kimi göstərməyə çalışmaqla saxta və təxribat məqsədli hansısa "İsrail media qurumuna" "istinad" olaraq göstərirlər. Daha dəqiq desək, İsrailin öz hərbçilərini "Azərbaycan və Gürcüstandan" çıxma "çağırışları" ətrafında, sözün əsl mənasında, oyunbazlıq sərgiləyirlər.

Qeyd edək ki, İsrail Knessetinin sabiq deputatı Aleksandr Sinker erməni aparıcı Nver Mnasakyanın mövzu ilə bağlı sualına cavab deyil, zərbə endirib və yalan informasiyanı ifşa edib. Məhz bu baxımdan, müsahibənin həmin hissəsini təqdim edirik:

Mnatsakyan: Belə bir qiymətləndirmə var ki, İsrail yerüstü əməliyyatlar üçün Azərbaycanın ərazisindən istifadə edə bilər. Burada əsasən Qarabağ istiqaməti nəzərdə tutulur və bu, nə qədər mümkündür?

Sinker: Mən başa düşmədim, niyə məhz Qarabağ? Necə yəni, orada İsrail ordusu dayanıb ki?

Mnatsakyan: Hə, orada hansısa obyektlər var.

Sinker: Mən bunu sizdən ilk dəfədir eşidirəm. İsrail ordusu yalnız İsrailin ərazisində mövcuddur. Azərbaycanda hansısa israilli məsləhətçilər ola bilərlər və bu da ölkələr arasındakı ticari əlaqələrlə bağlı mümkündür, lakin Azərbaycanın ərazisindən İrana hücum etmək... İnanmıram ki, Azərbaycanın özü buna icazə versin, üstəlik, orada heç bir İsrail vasitələri də yoxdur ki, iranlılar onlara hücum etsin. Mən İsrailin Azərbaycan üzərindən İrana hücum edəcəyi ətrafında gəzən məlumatlara inanmıram.

Mnatsakyan: Axı İsrail öz hərbçilərinin Azərbaycandan geriyə dönmələri ilə bağlı çağırış edib.

Sinker: Bu, belə səslənməyib. Deyilib ki, müxtəlif səbəblərlə Azərbaycanda və Gürcüstanda məzuniyyətdə, yaxud hansısa digər işlərlə bağlı olan İsrailin hərbi mükəlləfiyyətli vətəndaşları geriyə dönməlidirlər. Orada hansısa hərbçilərin olması barədə mən eşitməmişəm.

Və ən maraqlısı budur ki, orada Ermənistan göstərilməyib və mən belə düşünürəm ki, bu ona görədir ki, onlar İsraillə Ermənistan arasındakı münasibətlərin aşağı səviyyədə olduğunu düşünürlər. Hakimiyyət hesab edir ki, ora çox cüzi şəkildə səfərlər ola bilər.

Afət Tahirqızı

P.S. Beləliklə, müsahibədən də göründüyü kimi, hər hansı bir informasiyanı feyk şəklinə salıb suyu bulandırmağa cəhd edən erməni jurnalistinə kifayət qədər lazımi cavablar verilib və onun susmaqdan başqa heç bir çarəsi qalmayıb. Daha doğrusu, israilli siyasətçi və Knessetin sabiq deputatı Sinker Mnatsakyanı verdiyi sualına görə peşman edib.