İnsanların əksəriyyəti zəkalarının dəqiq elmləri üzrə deyil, humanitar istiqamətdə inkişaf etdiyini düşünür. Lakin riyazi məsələləri həll edə bilməmək zəkanın buna uyğun olmadığı anlamına gəlmir. Maraqlıdır ki, riyazıyyatla məşğul olarkən insanın ürəyi daha sürətlə döyünür, qəribə hallar keçirir. Fikir dağınıqlığı ilə əlaqədar olaraq diqqəti cəmləmək çətinləşir. Yəqin ki, “riyazi narahatlıq” sindromu adlandırılan bu hiss çoxlarına tanışdır.
Tədqiqatçıların fikrincə, dünya əhalisinin 20 faizi həmin sindromdan əziyyət çəkir və riyaziyyatdan zəif olma səbəblərindən biri də budur. Yaranan gərginlik yaddaşı zəiflədir. Riyazi çalışmaları həll edə bilməmək qorxusu uğursuz nəticələr əldə etməyə səbəb olur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova SİA-ya bildirib ki, buna səbəb kimi valideyn və müəllimlərin uşaqlara təzyiqi göstərilir. Onun sözlərinə görə, bəzi mədəniyyətlərdə bu elmi yaxşı bilmək ağıllı olmaq kimi qiymətləndirilir: "Tədqiqatlar göstərir ki, rahatlama texnikası, nəfəsalma məşqləri şagirdlər arasında riyazi çalışmaları həlletmə göstəricilərini artırır. Beyinin riyazi zəkanı ehtiva edən hissəsi həmişə inkişafda ola bilər. Cinsindən asılı olmayaraq dərketmə qabiliyyəti eynidir. Müəllimlər də şagirdləri potensialına görə ayırmadan hər birində eyni dərəcədə özünə inam hissini formalaşdırmağı bacarmalıdır”.
Afət Tahirqızı