IDEA: Baxımsız qalmış fayton atı reabilitasiyaya cəlb olunub

14 Avqust 2024 20:27 (UTC+04:00)

Baxımsız halda qalmış və ayaqları zədələnmiş fayton atı Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın göstərişi ilə müvafiq qayğı tədbirləri üçün reabilitasiyaya cəlb olunub. Bu barədə IDEA İctimai Birliyindən SİA-ya məlumat verilib.

Qeyd edək ki, at xüsusi nəqliyyat vasitəsilə IDEA Heyvanlara Qayğı Mərkəzinə gətirilib, burada ilkin baytarlıq müayinəsindən keçirilib və təyin olunmuş müalicəsinə başlanılıb. Hazırda atın həyatına hər hansı təhlükə yoxdur. Mərkəzdə baxımsız qalmış atın tam sağalması üçün zəruri baytarlıq tədbirləri davam etdiriləcək.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qız qalası yaxınlığından “Azneft” meydanı istiqamətində turist daşımaq üçün istifadə edilən fayton atının baxımsız qalması ilə bağlı məlumat yayılmışdı.