Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Universitetdən bildirilib ki, bakalavriat səviyyəsində 6 ixtisas – coğrafiya, coğrafiya müəllimliyi, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, hidrometeorologiya və davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Coğrafiya ixtisası üzrə məzunlar landşaftın təkamülü və dinamikası, təbiətin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların səmərəli istifadəsi, təbiət proseslərinin tədqiqi, sosial infrastrukturun və istehsalın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, dünyada və ölkəmizdə baş verən demoqrafik proseslərin öyrənilməsi sahələrində biliklərə yiyələnirlər. Bu ixtisas üzrə məzunlar müxtəlif dövlət qurumlarında, institutlarda, yaşıllaşdırma idarələrində mütəxəssis kimi işləyə bilərlər.
Coğrafiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) Coğrafiya fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.
Davamlı inkişafın idarə edilməsi ixtisası üzrə məzunlar geosiyasət, davamlı inkişafın məqsədləri, iqtisadi, sosial və ekoloji tarazlıq, makroiqtisadi sabitliyin qorunub saxlanılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi haqqında biliklərə malik mütəxəssis kimi bir çox müəssisələrdə çalışa bilərlər.
Turizm işinin təşkili ixtisası üzrə məzunlar xarici və daxili turların təşkili, partnyorlarla əlaqə və işgüzar yazışmalar, müştəri sorğularının cavablandırılması, aviabilet əməliyyatları, operativ marketinq təkliflərinin hazırlanması, mehmanxana və sosial-ictimai sahədə xidmətlərin təşkili, xidmət keyfiyyətinə nəzarət sahələrində, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətləri və beynəlxalq turizm təşkilatlarında, Dövlət Turizm Agentliyi və digər qurumlarda işləyə bilərlər.
Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə məzunlar mühəndis, topoqrafik və mədən ölçmələri, coğrafi informasiya sistemləri (CİS), geodeziya şəbəkələrinin müşahidəsi, təhlili və qiymətləndirilməsi, nivelirləmə, geoməkan analizi, məsafədən zondlama, şəhər planlaşdırılması və ətraf mühitin monitorinqi sahələrində işləyə bilərlər.
Hidrometeorologiya ixtisası üzrə məzunlar hidrometeoroloji müşahidələrin təşkili və aparılması, Xəzər dənizinin hidrometeoroloji rejiminin və iqlim xüsusiyyətlərinin öyrənilməsi, müasir iqlim dəyişmələrinin, hidrometeoroloji hadisə və proseslərin təhlili, su ehtiyatlarının qiymətləndirilməsi, hidrometeorologiyada CİS-in tətbiqi sahələrində işləyə bilərlər.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.