21-ci əsrdə bitməyən müharibələrin səbəbləri TƏHLİL

12 Avqust 2024 16:56 (UTC+04:00)

21-ci əsr başlayanda insanlar hesab edirdilər ki, bəşəriyyət zorakılıq və müharibədən dərslərini çıxarıb və öz problemlərini dinc müzakirə yolu ilə həll edə bilər. Ancaq modern dünyada belə insan xislətinin qana susadığını və bu aclığın müxtəlif üsullarla qan tələb etməyə davam etdiyi aydındır. Beləliklə, ətrafımızda çoxlu sayda böyük, kiçik və sonu bilinməyən müharibələr var.

Bu müharibələrdən biri də ölçüsünə görə ən böyük olan Ukrayna-Rusiya müharibəsidir. Hər iki tərəfdən kütləvi insan tələfatına və infrastruktura gələn ziyana məhəl qoymayan şiddətlənən müharibə qızğın olaraq qalır və hər həftə daha da öz əhatəsini gücləndirir. Belə olan məqamda aydındır ki, hər iki tərəfin müharibəyə getmək qərarı uzaqgörənliyə əsaslanmayıb. Daha önəmlisi odur ki, Qərbin var gücü ilə dəstəklədiyi bu müharibə indi astronomik rəqəmlərə və beynəlxalq narazılıqlara görə uzun sürməyəcək. Belə ki, Rusiya kimi xammal idxalatçısının sanksiyalara məruz qalması ilə qlobal iqtisadiyyatda yaranan qeyri-müəyyənlik tarazlığı Ukraynanın əleyhinə poza bilər. Bununla belə Ukrayna və Rusiyadan sonra artıq qərbə də sərf etməyən müharibənin nə vaxt və hansı şərtlərlə bitəcəyi bəlli deyil.

Eyni zamanda deyə bilərik ki, tərəflərin kompromis həllər təklif etmək cəhdləri uzun zamandır ki, uğursuzluqla nəticələnir. Beləliklə, bu müharibə geri çəkilənin çox şeyini itirəcəyi və getdikcə daha da pisləşən qalibin olmadığı müharibədir.

Ukrayna və Rusiya münaqişəsindən daha uzun tarixə malik olan müharibə isə İsrail- Fələstin arasındadır. Buradakı vəziyyət də öz növbəsində qeyri-müəyyəndir. Belə ki, bu müharibə bir az da davam edərsə, 100 yaşına çatacaq. Son aylarda isə, hər gün artan fələstinli ölümlərinin sayı da şiddətli xarakter alıb. Bu rəqəmlərin sayı İsrail hökumətinin tətbiq etdiyi şiddətin dərəcəsini göstərir. Beləliklə, bu iki tərəf arasında kimin güclü olduğu dəqiq məlumdur. Buna görə də İsrail, heç bir sülh yolu ilə maraqlanmır və qazandığı müharibəyə davam edir. Bu müharibəsi isə Ukrayna- Rusiyadan münaqişəsindən fərqli olaraq qazananı olan müharibədir.

Rusiya- Ukrayna müharibəsini çıxaran əsas səbəb rus rejiminin narahatlıqları idi. Belə ki, Rusiya tərəfi öncədən də xəbərdarlıq etdiyi kimi, ətrafındakı NATO üzvlüyü proseslərindən narahat idi. Rusiya tərəfinin açıqlamasına görə Ukrayna Rusiya ərazisinə bitişik olan stratejik bölgədir və buna görə də burada baş verən proseslər Rusiyaya da təsir edir.

Məsələnin daha dərininə getsək görərik ki, bütün bu qərəzləri yaradan əsas məsələ Ukrayna daxilində baş verən demokratikləşmə idi. Demokratik yolla seçilmiş hökumətin hakimiyyətə gəlməsi ilə nəticələnən “narıncı inqilab” (2004-2005) Ukraynanın və Ukrayna- Rusiya münasibətlərinin taleyini kökündən dəyişdi. İllər ötdükcə bu dalğa təkcə Rusiyaya deyil, Belarus kimi onun yaxın ətrafına da təsir etməyə başladı. Moskva isə bütün bu prosesləri və ətraf ərazilərə yayılan xoşagəlməz hərəkatı yatırtmaq üçün müharibəyə getməyə qərar verdi.

İsrail- Fələstin məsələsindəki problem isə bir qədər fərqlidir. İsrailli seçiciləri ekstremistləri seçməyə, İsrail siyasətçilərini isə ekstremizmə yönəlməyə vadar edən, sionizm bütün bu qərəzlərin başında gəlir. İsrail dövləti və xalqında belə bir inanc var ki, təhlükəsizlik ancaq Fələstin xalqının “məhv edilməsi” ilə əldə edilə bilər. Onların fikrincə, Fələstin xalqı bu torpaqlarda birgə yaşamağa qarşıdır. Bu səbəbdən fələstinlilərin sülh təklifi ilə bağlı tələbləri nə qədər mülayim olsa da, İsrailin təhlükəsizlik məsələlərindəki paranoid davranışı onların rasional düşünməsinə mane olur. Buna görə də Fələstinin hər hansı bir hərəkəti birbaşa “terrorizm” kimi qiymətləndirilir.

Bu iki münaqişənin oxşar cəhəti isə ABŞ-ın havadar kimi iştirakıdır. Belə ki, dünyadakı bütün münaqişələrdə dünyanın maraqlarına xidmət edən tərəfə havadarlıq edərək münaqişəni qızışdıran ABŞ dünya sülhü üçün böyük təhdidlərdən biridir. Belə olan məqamda Trampın seçilməsi ilə ABŞ-nin "Dünyanın jandarmı" vəzifəsindən təqaüdə çıxmasına ümid etmək olar. Yanlız bu yolla müharibəni həll yolu hesab edən tərəflər özlərinə dayaq tapa bilməyib bu yoldan geri dönəcəklər.

Ətrafımızda baş verən bu müharibələr, böhranlar siyasət elminə daha çox təcrübə qatacaq. Belə ki, çox az hallarda yanılan siyasət teoriyaları artıq daha da püxtələşib. Nəticə olaraq insan təbiəti və dövlətlərarası qarşılıqlı güvənsizlikdən bəhs edən realizm teoriyaları bədbin səslənsə də, günümüzün gerçəyidir.