Xüsusən də yay aylarında uşaqlar və ya gələcək analarda ərik, badam, kal ərik, albalı, şaftalı və alma toxumlarının istehlakı zəhərlənməyə səbəb ola bilər. Bəs, buna səbəb nədir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bir çox meyvələrin toxumlarında olan son dərəcə zəhərli maddə olan "Amiqdalin" bağırsaqlarda əriyir və sianid birləşməsi olan "sianid"in yaranmasına səbəb olur. Çox sürətli zəhərli təsir göstərən bu maddə hətta ani uşaq ölümlərinə də səbəb ola bilər. Memorial Kayseri Xəstəxanası Uşaq Endokrinoloji Bölümündən həkim Səlim Kurtoğlu bəzi meyvə toxumlarının istehlakı nəticəsində yaranan sianid zəhərlənməsi ilə bağlı məlumat verib.
Əriyin acı toxumları zəhərli ola bilər
Bəzi meyvələrin toxumlarında olan “amigdalin” adlı maddə bağırsaqlarda əriyir və son dərəcə zəhərli olan “sianid"in yaranmasına səbəb olur. Kimyəvi yollarla istehsal oluna bilən sianid birləşmələri təbiətdəki bəzi canlılar tərəfindən də müxtəlif yollarla istehsal edilə bilər. Həyati təhlükəsi olan sianid zəhərlənməsi ağır klinik təzahürlərlə baş verə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Uşaqlarda ani zəhərlənmə ilə bağlı xəstəliklərə səbəb ola biləcək bu vəziyyət, gələcək analar bunları istehlak etdikdə körpədə hidrosefaliya və mənfi böyrək inkişafına da yol açır. Bəzi ərik növlərinin hətta 5-25 acı toxumunu istehlak etmək zəhərlənməyə səbəb ola bilər.
Zəhərlənmə əlamətlərinə diqqət yetirin!
Qida borusu və mədədə yanıqlara səbəb olan ərik toxumları mədədən bağırsaqlara keçərək 10 dəqiqə ərzində qələvi mühitdə həll olur. Həll yolu ilə ayrılan sianid bağırsaqlarda sürətlə udulduqdan sonra bütün toxumalara, xüsusən də qan hüceyrələrinə, dalağa, beyinə, ağciyərə və ürəyə yayılır və hüceyrələrin oksigen istifadəsinə mane olur, ağır klinik mənzərəyə səbəb olur. Zəhərlənmənin ilkin mərhələsində üzün qızarması, tərləmə, ürək döyüntüsü, sürətli nəfəs alma, ağızda ifrazatın çox olması, baş ağrısı, başgicəllənmə, qusma kimi əlamətlər meydana çıxır. Zəhərlənmənin ortaya çıxması ilə sürətlə inkişaf edən tənəffüs pozğunluğu, qan təzyiqinin düşməsi, huşunu itirmə, qızdırma, qıcolmalar, iflic, göyərmə və nəticədə tənəffüsün dayanması qaçılmaz olur. Nəfəs dayanana qədər dərinin rəngi qırmızıya çevrilir və işığa reaksiya yox olur.
Xəstənin nəfəsindəki acı badam qoxusu müəyyənedici faktordur
Zəhərlənmə baş verərsə, şəxs təxirə salınmadan xəstəxanaya aparılmalıdır. Burada ailənin həkimə verdiyi məlumat çox önəmlidir. Bundan əlavə, qəfil kliniki pisləşmələr də zəhərlənmədən xəbər verir. Xüsusən də xəstənin nəfəsində acı badam qoxusunun gəlməsi, götürülən qan nümunəsinin qırmızı rəngdə olması, qanda şəkərin artması zəhərlənmədən xəbər verir.
Nələrə diqqət edilməlidir?
- Ağızdan zəhərlənmə hallarında insanı heç vaxt qusdurmaq olmaz.
- Zəhərləyən qidanın nə olduğunu öyrənməyə cəhd edilməlidir.
- Xüsusilə uşaqların ailə üzvlərinin xəbəri olmadan meyvə toxumlarını çıxarıb yeməsi riski nəzərə alınmalı və lazımi tədbirlərlə qarşısı alınmalıdır.
- Toxum zəhərlənməsinin müalicəsində edilən ilk prosedur mədənin boşaldılmasıdır. Mədə yuyulur və bu proses sianid qoxusu yox olana qədər davam edir.
- Xəstədə baş verən klinik mənzərə üçün də xüsusi müalicələr tətbiq olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov: "Meyvədən zəhərlənmə meyvə çürümüş olduqda, orada artıq kif və göbələklər əmələ gətirdikdə, yəni pis saxlanıldıqda baş verə bilər. Eləcə də meyvənin yetişdirilməsində pessisitlərdən, nitratlardan çox istifadə edildikdə (pessisitlər həşəratları qovmaq üçün səpilir) həmin pessisitlər səpiləndən sonra yağış yağmazsa, meyvə yuyulmadan yeyilərsə belə halda zəhərlənmələr baş verə bilər.
Eləcə də meyvələrin böyük olması üçün əgər nitratlardan istifadə olunubsa (onlar meyvələrin tərkibində olur) və müəyyən dozadan artıq istehlak olunarsa insanlar meyvələrdən də zəhərlənə bilər.
Zəhərlənmənin diaqnozu çox mürəkkəbdir. Ola bilər ki insan elə bir qida yesin ki, hansısa bir meyvə ilə, hətta tərkibində gübrə olmayan meyvə ilə onu yedikdə o qidadan zəhərlənmə əmələ gəlsin. Bunların hamısını həkimlər müəyyən edə bilər və yaxud da heç müəyyən edə bilmirlər".
Hansı meyvə zəhərlidir?
Sevdiyimiz yeməklərin bəzilərində ciddi sağlamlıq problemləri yaradan zəhərli maddələr ola bilər. Bunların arasında yemişan və kartofu nümunə göstərmək olar.
Dünyanın ən zəhərli meyvəsi hansıdır?
Ackee və ya ackee alma Yamaykanın milli meyvəsi və eyni zamanda bütün dünyada ən zəhərli qidalardan biri kimi tanınır. Bu meyvənin tərkibində güclü qusmaya səbəb olan hipoqlikin kimi tanınan zəhər var. Yetişməmiş akeyi yemək ölümə səbəb ola və ya sizi komaya sala bilər.
Zəhərlənmədən sonra üçün hansı meyvələr yaxşıdır?
Kaliumla zəngin olan banan qida zəhərlənməsi nəticəsində yaranan ürəkbulanma, qusma və ishal əlamətlərini azaltmağa kömək edir. Qatıq, sarımsaq və limon kimi antibakterial xüsusiyyətlərə malik qidalar qida zəhərlənməsinə səbəb olan bakteriyalarla mübarizə aparır.
Müxtəlif xəstəliklər
Araşdırmalar göstərir ki, meyvə və tərəvəzlərdə olan kimyəvi zəhərlər, xüsusən də hormon pozğunluqları xərçəng xəstəliyinin yaranmasında böyük rol oynayır. Tədqiqatlar göstərir ki, pestisid qalıqları Alzheimer və Parkinson xəstəlikləri riskini artırır. Depressiya və böyrək xəstəliklərinə səbəb olduğunu göstərir. Xüsusən də toksinlər uşaqların orqanizmində daha uzun müddət qaldığından bu onlara ciddi zərər verə, hətta uşaqların beyin kimyasını poza bilər. Üstəlik, uşağın orqanizminə daxil olan kimyəvi maddənin nisbəti daha yüksəkdir.
Meyvə və tərəvəzlərdə olan zəhərli maddələr məhsulun növündən, istehsal olunduğu ölkə və ya bölgədən, istehsal üsulundan asılı olaraq dəyişir. Məsələn, ABŞ-da Çilidən alınan gavalı və Braziliyadan gətirilən manqoda ciddi kimyəvi maddələr var. Yaşıl lobya ABŞ-da ən çox pestisid ehtiva edən tərəvəz kimi müəyyən edilmişdir. Bizdə hələ ki, ictimaiyyətə açıqlanacaq belə hesablamalar və məlumatlar yoxdur.
Mütəxəssislər orqanik şaftalı, naringi, nektarin, çiyələk, qovun, yaşıl lobya, şirin bibər, acı bibər, şirin kartof və yerkökü istehlak etməyimizi tövsiyə edir.
Ayşən Vəli