"Yeni formalaşan Milli Məclisin Qərbi Azərbaycana qayıdış üçün..." - Cəlal Allahverdiyev

12 Avqust 2024 15:46 (UTC+04:00)

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ölkəmizin gələcəyi üçün ciddi əhəmiyyət kəsb edir. İnanırıq ki, yaradılmış demokratik şəraitə uyğun olaraq, yeni parlamentdə xalqımızın milli kimliyini, mədəni irsini, tarixi yaddaşını dərindən dərk edən nümayəndələr yer tutacaqlar. Bu seçkilər nəticəsində formalaşan Milli Məclis azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı və inteqrasiyası üçün şəraitin təmin edilməsində, onların hüquq və mənafelərinin bütün səviyyələrdə qorunmasında əsas rol oynayacaq”. SİA xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib.

O qeyd edib ki, növbədənkənar seçkilər bütün Qayıdış planlarının uğurla həyata keçirilməsi üçün zəruri olan milli birliyin və həmrəyliyin daha da möhkəmlənməsini ifadə edir: “Güclü, vahid ideyalara söykənən xalq öz doğma torpaqlarına qayıtmaqla bağlı bütün çətinlikləri dəf etməyə, ədaləti bərpa etməyə qadirdir. Bu kontekstdə parlamentin rolu Azərbaycanın maraqlarının beynəlxalq aləmdə qorunmasına və təşviqinə yönəlmiş milli strategiyanın tərkib hissəsinə çevrilir”.