"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri qeyd olunmuşdur. Belə ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
Turan Abdullazadə sözlərinə belə davam edib: "1) hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
2) xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan HOVUZLARIN;
3) hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
4) hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
5) bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
6) tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
7) fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
8) təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
9) yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
10) hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların".
Ayşən Vəli