ABŞ Yaxın Şərqə nüvə sualtı qayığı göndərəcək

12 Avqust 2024 08:04 (UTC+04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi barədə göstəriş verib. SİA xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Ostin israilli həmkarı Yoav Qallant ilə telefon danışığında ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu təsdiqləyib və həmçinin ölkəsinin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini bəyan edib.

Ostin vurğulayıb ki, o, “Abraham Lincoln” aviadaşıyıcısının F-35C qırıcıları ilə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına yerləşdirilməsini sürətləndirməyi əmr edib. Eyni zamanda, “Teodor Ruzvelt” aviadaşıyıcı gəmisi artıq regiondadır. Bundan əlavə, Pentaqon rəhbəri qanadlı raketlərlə təchiz edilmiş “Corciya” sualtı qayığını CENTCOM-un məsuliyyət zonasına yerləşdirməyi tapşırıb.

Bəyanatda qeyd olunub ki, Ostin və Qallant İsrail hərbçilərinin Qəzza zolağındakı hərəkətlərini və orada atəşkəs razılaşmasına nail olmaq səylərini müzakirə ediblər.

Pentaqon hərbi mövcudluğun artmasını bölgədə gərginliyin artması ilə izah edib.