Xəzər-sərvətimizdir - COP29-a daha bir töhfə

10 Avqust 2024 10:31 (UTC+04:00)

Xəzəri sevən biri kimi, mən istəyirəm ki, o yaşasın, o təmiz olsun və onun təbiəti qorunsun.
Mən Xəzəri sevirəm...
Heydər Əliyev

12 avqust “Xəzər günüdür”

Hər ötən gün bizi Bakıda keçiriləcək COP29 Beynəlxalq Sammitinə yaxınlaşdırır. Əslində ölkəmiz bu mühüm tədbirə hərtərəfli hazırlıqla gedir, yəni demək istəyirəm ki, qarşıdakı sammitə qədər ölkəmiz artıq öz ekoloji problemlərini əsasən həll edib və bu sahədə qazandığı təcrübəni dünya birliyi qarşısında nümayiş etdirəcək.Qeyd edək ki, füsunkar və ecazkar təbiətinə, flora və faunanın zənginliyinə görə Azərbaycan çoxdan dünya ekoloqlarının marağındadır. Dəfələrlə ölkəmizdə olan turistlər, ekokoloq-alimlər bunu öz gözləri ilə görmüş və burada təbiətin insanla daha canlı təmasda olması barədə öz fikirlərini bölüşmüşlər...
Bildiyimiz kimi, Azərbcan Xəzəryanı ölkələrdən biridir. Təbii ki, Xəzər dənizinin də öz ekoloji problemləri var. Qarşıdakı COP29 Beynəlxalq Sammiti məsuliyyətimizi daha da artırır. Əgər biz öz ekoloji təcrübəmizi dünya qarşısına qoyuruqsa, Xəzər dənizinin problemləri haqqında da ciddi düşünməliyik. Belə ki, hər həftənin şənbə günləri bir qayda olaraq Ekologiya və TəbiiSərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü və bilavasitə iştirakı ilə müvafiq qurumlarla birgə müntəzəm olaraq Xəzər sahilində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təmiz ölkəm“ devizi altında ekoloji aksiya həyata keçirilir. Bu aksiyalar getdikcə kütləvi xarakter daşıyır. Təbii ki, qarşıdakı mühüm tədbirə Lənkəranın da öz tövhəsi var.Çünki şair demişkən:

Burdadır ən gözəli
Bağçanın da, bağın da.
Lənkəran bir gözəldir,
Bəzənir Xəzər adlı
Güzgünün qabağında

Xəzər dənizinin şaha qalxan dalğaları, qızıl qumlu sahilləri, dənizin üstündə uçuşan qağayıların həzin,kövrək nəğmələri həmişə şairlərin ilhamına qol-qanaq verir.
Füsünkar təbiətə malik Lənkəran Xəzər dənizin sahilində yerləşir. İri su hövzəsi olan bu dəniz bütün sərvətləri ilə xalqın xidmətindədir.

Xəzər dənizinin və onun təbii sərvətlərinin qorunması, ölkə prezidenti Cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə başçısı Ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncam və fərmanlar bunun bariz nümunəsidir. Ekoloji durumun saflaşdırılmasında göstərdiyi qayğı və diqqət bütün ekoloqların, bütövlükdə bütün Azərbaycan xalqının həyatında əlamətdar bir hadisə kimi qeyd olunmuşdur.

Xəzər dənizini dənizlər dənizi adlandırsaq heçdə səhv etmərik.Yer kürəsində dənizlər çoxdur ,hərəsinin öz iqlim şəraiti,təbii mənzərəsi ,ekoloji baxımı və qoynunda bəslədiyi canlı aləmiylə bir birindən fərqlənir.Bizim Xəzərimiz isə çatanı yoxdur.Sahilindəki uzanıb gedən zəngin komponentlərə malik olan qara qum aləmi,dünya quşlarını cəlb edən mənzərəsi, bir birindən qiymətli balıq növləri hansı dənizdə var?Hələ onun heç bir okeanda və dənizdə mövcud olmayan qiymətli sərvətləri.
Bioloji varlıq üçün su ən vacib ekoloji amillərdən sayılır. Həyat verən və həyatı məhv etməyi bacaran su!Sözümə həyəcanlı notlarla başlamağım heç də təsadüfi deyil. Biz indiyə qədər hər şeyə nikbin yanaşmışıq. Təbiətin səxavətinin sonu olmadığını düşünmüşük. Təəssüf ki, bu arxayınçılıq qlobal problemə çevriləndə narahat olmağa başlayırıq. Yəni vaxtında elm adamlarının, ekoloqların tövsiyələrinə ciddi yanaşmadığımızdan indi təbiət bizi ciddi sınağa çəkir. Mehriban, səxavətli, bərəkətli, qüdrətli Xəzərimizdən danışmazdan əvvəl onun dəniz qardaşı Aral gölünün taleyinə baxaq. İnsanların gözü qabağında “mum kimi əriyib çöpə dönən” Aral bütün dünya təbiətsevərlərinə, ekoloqlarına göz dağı olub. Aralı yad etməklə üzümüzü Xəzərə çevirib hələlik təskinlik tapmalıyıq. Nə yaxşı ki, Xəzər var,nə yaxşı ki, Xəzər yaşayır, suyu ilə, balığıyla, yeraltı sərvətiylə, havasıyla!

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi ənənəvi olaraq hər il bir-birindən daha maraqlı tədbirlər həyata keçirir. Belə mühüm ekoloji əhəmiyyətli tədbirlərin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini dənizlərin və onların bioresurslarını qorumaq, onların yaşayışına və inkişafına əngəl törədən maneələri aradan qaldırmaq, dəniz sahillərini təmiz saxlamaq, məişət tullantıları ilə çirkləndirməmək, çirkab suların dənizə axıdılmasının qarşısını almaq və digər antropogen təsirlərdən mühafizə etməkdir. ETSN-yi və onun yerli qurumları dəniz günü ilə bağlı Xəzər dənizi sahilində ekoloji aksiyalar keçirir. Ötən aylar və illərlə müqayisədə Dəniz günü ilə bağlı keçirilən tədbirə cəlb olunan dövlət və özəl qurumların, könüllülərin sayı da artmaqdadır. Artıq belə vacib Ekoloji tədbirlər proqram xarakteri daşımayacaq. Vətənini sevən, təbiətini sevən hər bir insanın gündəlik iş fəaliyyətinə çevriləcək.

Ən böyük su hövzəsi olan Xəzər dənizi haqqında oxucularımızı məlumatlandırmaq biz ekoloqların borcudur. Xəzər elə bir coğrafi varlıqdır ki, onu heç vaxt unutmaq olmaz. Obrazlı desək Xəzər 5 ölkənin bir övladıdır. Xəzərin sahillərində 5 dövlət qərar tutub. Azərbaycan Respublikası, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Türkmənistan Respublikası, İran İslam Respublikası. Xəzər dənizi bu beş ölkənin iqtisadiyyatında mühüm rol oynayır. Dənizin sahəsi 271 min kvadrat kilometrdir. Uzunluğu şimaldan cənuba 1204 kilometr, orta eni 320 kilometrdir. Orta dərinliyi 184 metrə çatır. Sahil xətlərinin uzunluğu 7 min kilometrdir. Ən dərin yeri Lənkəran rayonu yaxınlığındadır -1025 metr. Xəzərə 130-dan çox çay axır. Bunlardan ən böyüyü Volqadır. Mənbələrə görə, tarixin müəyyən dönəmində Xəzər dənizi Qara dənizlə bitişik olmuşdur. Zaman keçdikcə Xəzər ayrıca dənizə çevrilmişdir. Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən sonra onun suyu dəfələrlə qalxıb enmiş, bununla əlaqədar onun sahəsi də dəyişmişdir. Xəzərin səviyyəsinin qalxması, bunu yaradan amillər mütəxəssislər tərəfindən öyrənilir. Qeyd etdiyimiz kimi Xəzər mühüm balıqçılıq hövzəsidir, onun dibi neft, qaz və başqa xammal ehtiyatları ilə zəngindir. Mühüm su nəqliyyatı yoludur. Ona görə də belə bir hövzənin hərtərəfli qorunması, tədqiqi sahilyanı dövlətlərin, beynəlxalq təşkilatların dərin marağındadır.

Xəzər canlı aləmlə zəngin hövzədir. Onun canlı aləmi mütəxəssisləri yaxşı mənada heyrətləndirməkdədir. Balıqlar, quşlar, su bitkiləri, onurğasız heyvanlar... Xəzərin sərvətidir. Dənizdə 1400-ə qədər fauna növü, 110 balıq növü vardır. Burada nərə, uzunburun, ağ balıq, Xəzər qızılbalığı, ağ qızılbalıq, çəki, xəşəm, kütüm və s. kimi qiymətli balıq növləri yaşayır. Dünyada ağ balığın 70 faizi, Qara kürünün demək olar ki, hamısı Xəzəryanı dövlətlərin hesabına istehsal olunur. Ona görə də Xəzəryanı dövlətlər ağ balığın çoxaldılması qayğısına qalmalıdır. Ölkəmizdə balıqyetişdirmə zavodları bu sahənin inkişafı ilə məşğuldur. Balıqyetişdirmə texnologiyasının indiki səviyyəsindən, təəssüf ki, maksimum istifadə edilmir. Əgər Xəzəryanı dövlətlər ciddi şəkildə əlbir olaraq bu sahənin inkişafına diqqət yetirməsələr tezliklə bu qiymətli nemətdən, əvəzolunmaz sərvətdən məhrum ola bilərik. Dənizin yeraltı sərvətlərinin ölçüsüz istismarı öz mənfi təsirini göstərməkdədir.

Xəzərin balıq xəzinəsinin artırılmasında Kür çayının təmiz saxlanılmasının böyük ekoloji əhəmiyyəti vardır.Alimlərin məlumatlarına əsasən 1951-ci ildə Kür çayında 1299 sentener , Xəzər dənizində 233 sentener qızıl balıq tutulduğu halda, 1958 ci ildə bu rəqəmlər müvafiq olaraq 79 və 21 sentenerə enmişdir. Bununda əsas səbəbini ilk növbədə Xəzərin və oraya tökülən çayların ciddi zibillənməsində axtarmaq lazımdır, məhz çirklənmə səbəbindən Azərbaycan sularında balıq ovu 1931 ci ilə nisbətən 4 dəfə o cümlədənn qızılbalıq 20 dəfə ,nərə balığı 3 dəfə qiymətli balıqlar 7 dəfə , şamayı balığı 11 dəfə azalmışdır.

Alimlərin dediklərinə əsasən son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişikliyi , dəniz səviyyəsinin qalxıb-enməsi çirklənmə və digər antropogen və təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişmişdir.Xəzəryanı ölkələrin mütəxəssisləri qeyd etdiyi kimi təkcə nərəbalıqlarının deyil, digər qiymətli balıqların da bütün ehtiyatı azalıb.

Azərbaycanda adam başına balıq və balıq məhsullarının istehlakı ildə 7.3 kq təşkil edir və dünya üzrə orta göstəricidən xeyli azdır.
Dənizdəki su quşları da təbiətin bizə bəxş etdiyi möcüzədir. Qızılağac qoruğunun nadir iqlimi buranı su quşlarının daimi məskəninə çevirmişdir. Onlar Xəzərin balıqları və sahil bitkiləri ilə qidalanır. Mən bir ekoloq kimi quşların yuvaları, yuvada təzə pərvəriş tapan balaları ilə mütəmadi üz-üzə gəlirəm. Təbiətin bu möcüzəsinə sevinirəm.

Xəzərdə müxtəlif su bitkiləri vardır. Bu bitkilər dəniz heyvanlarının, su quşlarının inkişafında mühüm rol oynayır.

Xəzər həm də “Qırmızı kitab”a düşən köçəri quşların məskənidir. Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən Qızılağac Milli Parkı belə nadir quşların məskənidir. Tanrının bizə bəxş etdiyi bu əvəzolunmaz neməti qoruyub mühafizə etmək hamımızın müqəddəs borcudur. Buna görə də dünyanın əlaqədar təşkilatları hər il”Xəzər günü “ və sentyabr ayının son günlərini Dəniz günü kimi qeyd etməklə bununla Ekoloji durumun saflaşmasına səy göstərirlər. İnamla qeyd etməliyəm ki, Xəzərin lap ləpədöyənində yerləşən, həm də yam-yaşıl örtüyə bürünən ərazilərdə də abadlıq və təmizlik işləri məhz bu günlərdə bütün müəssisə, təşkilatlar və elmi ocaqlar tərəfindən həyata keçirilir. Eyni zamanda Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları dənizkənarı ərazilərdə ekoloji aksiyalarını genişləndirirlər. Onlar aksiya zamanı Xəzər Gününün mahiyyətindən, onun dünyəvi xarakterindən və başqa Ekoloji faktorlardan insanlara bir-birindən maraqlı məlumatlar verirlər. Bir daha başa düşürük ki, cəmiyyətdə Ekoloji vəziyyətin qorunub mühafizə edilməsi hər şeydən əvvəl insana və onun sağlamlığına xidmət edir. Qeyd etməliyəm ki, ərazimizin dəniz ətrafı sahələrinin təmiz saxlanılması üçün çox ciddi işlər görməlidir. Tanrı tərəfindən bizə göndərilən bu nadir nemətləri qorumaqla onu gələcək nəsillərə ötürməliyik.

Xəzərin müəyyən problemlərinin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olan müəssisələrindən biri də Kapital Bankdır.

Kapital Bank, ətraf mühitin mühafizəsində yaxından iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır Tullantı Həmrəylik Marafonu"na start verib. Qeyd edək ki, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur. Belə ki, Qırmızı Ürəklər Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kapital Bankın tərəfdaşlığı ilə baş tutan təmizlik aksiyası Lənkəran şəhərində Xəzərin sahilində “Lənkəran-Astara iqtisadi rayon”larını əhatə edən filial şəbəkələrindən 50-yə yaxın əməkdaşın könüllü iştirakı ilə həyata keçirilib.Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsinə cəlb etmək və hər kəsi öz atdığı tullantıları toplamağa sövq etmək, Xəzərətrafı sahillərin çirklənməsinin qarşısını almaq, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov tədbirdə çıxış edərək: “Xəzər günü” ilə bağlı keçirilən tədbirdə fəal iştirak edərək ətraf mühitin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və əməkdaşlara göstərdikləri dəstəyə görə təşəkkür edib, göstərib ki, marafon iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Təmiz ölkəm” ümumrespublika təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında iştirak edəcəklər." O, həmçinin digər təşkilatları da sosial məsuliyyət strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən, cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib.

Könüllülərin iştirak etdiyi tədbirdə sahilə yaxın ərazi 628 kq plastik və digər tullantılardan təmizlənib. Möhtərəm Prezidentin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində qarşıdan Beynəlxalq sammitə daha bir tövhədir.

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

1 saylı Regional ETSİ-nin rəisi Ceyhun Hüseynov Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşıdan COP-29 ərəfəsində keçirdiyi ekoloji tədbirə və göstərdiyi mənəvi dəstəyə görə Qırmızı Ürəklər Fondunun rəhbərliyinə təşəkkürünü bildirdi.Axırda aksiyada fərqlənən marafon iştirakçılarına yazıçı-ekoloq Bəxtiyar Hüseynovun

COP-29 Beynəlxalq sammitinə həsr olunan və yenicə işıq üzü görən “Yaşıl dünya naminə” kitabı hədiyyə kimi təqdim edildi.
Xəzər dənizi mühüm su yolları qovşağıdır. Ölkələr bir-biri ilə dəniz vasitəsilə ticarət-nəqliyyat əməkdaşlığı edirlər. Yük dövriyyəsi ildən-ilə artır.
Bəs dəniz sahilinin əsrarəngiz qumları, sanatoriya-kurort imkanları?! Ola bilər ki, dənizimizin bu imkanları mineral resurslardan bizə qat-qat artıq xeyir verər. Ekologiya təmizlənər, insanlar dincələr, sağlamlıq qazanar, maddi xeyri də ki, öz yerində.

Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi sahəsində əhalinin məlumatlandırılması və maarifləndirilməsi xüsusi önəm daşıyır.İndiyə qədər Nazirliyin tərtib etdiyi iş planına əsasən hər il 12 avqust “Xəzər günü” və sentyabrın son həftəsi ilə bağlı ümumtəhsil məktəblərində, ali təhsil ocaqlarında, texnikumlarda, bələdiyyələrdə bir sıra dövlət və özəl qurumlarında Dəniz bioresurslarının zənginliyinin qorunub saxlanılmasının əhəmiyyətindən və hər bir vətəndaşın iştirakının vacibliyini özündə əks etdirən mühazirələr, seminar və təbliğat işləri həyata keçirilir.

Ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində, Lənkəran və Astara kolleclərində, bələdiyyələrdə, müxtəlif idarə və müəssisələrdə “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar “Xəzər dənizinin sahillərində” iməciliklərin keçirilməsinin Ekoloji əhəmiyyəti, “Xəzər sərvətimizdir”, “Xəzəri çirkləndirmədən qoruyaq”, “Xəzərin canlı aləminə təsir edən ekoloji amillər”, “Xəzərin Ekoloji mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və perspektivlər”, “Xəzərin qiymətli sərvətləri və ekoloji problemləri haqqında ümumi məlumat” və s. mövzularda mülahizələr oxunmuşdur. Eyni zamanda teleekranlarda,KİV-də, habelə ekoloji mözvularda qələmə aldığım kitablarda, xüsusilə yenicə işıq üzü görən və COP29 Beynəlxalq Sammitinə həsr olunan, Cənab Prezidentin Sərəncamı ilə həyata vəsiqə alan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu sahədə hazırlıqla əlaqədar görülən işlərdən, həyata keçirilmiş tədbirlərdən bəhs edən “Yaşıl dünya naminə” kitabımda da

Xəzərin problemlərini önə çəkmiş və diqqəti bu problemlərin aradan qaldırılmasına yönəltmişəm.
Ətraf mühitə qeyri-humanist münasibət, amansız zərbə insanın özünə, onun sağlamlığına qarşı çevrilir. Ətraf mühitə qeyri-insani münasibət təbiətin bizdən nə vaxtsa qisas almasına gətirib çıxarır.

Son illərdə Xəzərin suyunun azalması ciddi narahatlıq doğurur. Alim-ekoloqların rəyinə əsasən Xəzərin səviyyəsinin proqnozlaşdırılan həcmdə azalması, çirklənmə və həddindən artıq istismarla əlaqədardır. Dənizdə balıqların kütləvi tələf olmasının səbəbi də açıqlanıb. Ekologiya və Təbii Sərvətlə Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevin dediyinə görə Xəzər dənizinin Hövsan və Türkan sahillərində nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə baxış keçirilib. Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib. Müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək azalıb bu səbəbdən balıqlar tələf olub.

Xəzərin suyunun azalmasına da bir çox ekoloji faktorlar səbəb olur. İqlim dəyişiklikləri ilə bağlı başlıca su mənbəyi olan Volqa, Ural, Terek və Kür çaylarında suvarmalarla əlaqədar xəzərə tökülən suyun miqdarı azalıb.

Artıq insanlar başa düşürlər ki, dəniz bizim üçün təbii sərvət və həyati tələbatdır. Bu gün Xəzəri çirkləndiririksə, orada yaşayan bioresursların inkişafına böyük zərbə endirmiş oluruq. Xəzərin nemətlərindən istifadə ediriksə, onun ətrafına zibil töküb çirkləndirməyə heç kimin mənəvi haqqı yoxdur. Mavi Xəzəri təmiz saxlamaq, onun sərvətlərini göz bəbəyi kimi qorumaq ümumxalq işinə çevrilməlidir. Gəlin unikal sərvətlərlə zəngin olan, Xəzərə laqeyd münasibət bəsləməyək!
Xəzər dənizi bu gün insanların qayğısına, isti münasibətinə ehtiyac duyur. Əslində bu qayğıları elə insanların özünə görə istəyir, onlara qaytarmaq üçün istəyir.
Bildiyiniz kimi hər il Azərbaycana, o cümlədən Xəzərin sahil ərazisinə on minlərlə turist gəlir. Onların diqqətini ilk baxışdan Xəzər dənizi cəlb edir. Xəzər dənizinin sahillərində istirahət zonaları yaradılıb. Dənizin sahili nə qədər təmiz olsa da, orada istirahət edən və yaşayan insanların vaxtı da səmərəli keçər.

BəxtiyarHüseynov,
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
1 Saylı Regional İdarəsinin əməkdaşı,
Yazıçı-ekoloq