Günəş qüruba enirdi. Adəti üzrə Lənkəran növbəti axşamını qarşılayırdı. Bu gün ən əziz axşamlardan biri – Cümə axşamı idi. Həmişə olduğu kimi yenə də qəbristanlıqda xeyli adam vardı. Dünyasını dəyişmiş məşhur həkim-ginekoloq Sevil xanımın ziyarətinə gələnlər daha çox idi. Bu, ölü sahiblərini təəccübləndirsə də, çox da intizarda saxlamadı. Ziyarətə gələnlərdən kimsə dillənib:
-Təəccüb etməyin, - dedi – Biz Sevil həkimin xəstələriyik. Onun hesabına yaşayırıq. İndi isə həyatımızı borclu olduğumuz xilaskarımızın ziyarətinə gəlmişik...
İnsanlar bərabər doğulsalar da bərabər yaşamırlar. Həyatda tutduğu mövqelər fərqli olur. Bu da onların düşüncələrindən, həyata baxışından, el-oba təəssübkeşliyindən irəli gəlir. Adam var, öz peşəsinə sığınır, yalnız ondan umur. Adam da var, peşəsi ona sığınır. Çox vaxt adi bir peşəni öz bacarığı, xeyirxahlığı ilə şöhrət tacına çevirir. İnsanların taleyində silinməz iz buraxan, sağlamlığına zəmanət verən və məhz buna görə də Hippokrat andına sədaqət nümunəsi göstərən həkimlərin işi isə daha da məsuliyyətlidir. Sevil xanım bu məsuliyyəti tibbi fəaliyyətə başladığı ilk gündən dərk etdi. Elə buna görə də həkim-ginekoloq saysız-hesabsız xəstələrə şəfa verdi, yeni həyat quranlara ailə xoşbəxtliyi bəxş etdi.
Sevil xanımın həyatında və tibbi fəaliyyətində unudulmaz məqamlar çoxdur. Bunu vaxtilə həyata qaytardığı xəstələr dəlil-faktlarla bizə dönə-dönə danışıb, fikirlərini bölüşdülər. Xəstələrindən biri isə dedi ki, müalicə üçün Bakıya getmişdim. Respublika xəstəxanasında Lənkəranlı olduğumu biləndə buraya gəldiyimə görə məni qınadılar. Dedilər ki, doktor Sevil xanım orada ola-ola buraya nahaq gəlmisən...
Başqa bir xəstə isə tanınmış həkim – ginekoloq haqqında çox təsirli bir epizod danışıb dedi: - Sevil xanım çox xeyirxah insan idi. Yadımdadır, ağır xəstəliyimə görə Sevil xanıma müraciət etdim. Onda həkim-ginekoloq Şürük kənd xəstəxanasında işləyirdi. Məni tibbi müayinədən keçirib resept yazdı. Ondan soruşdum: - Həkim, təxminən bu reseptə aptekdə nə qədər pul alarlar. Doğrusu, o, bu sualı bəlkə də, gözləmirdi. Bir az fikrə getdi və nəhayət dedi ki, vəziyyətin ağırdır, bahalı dərmanlar yazmışam, tezliklə sağalasan. Mən resepti yazı masasının üstünə qoyub: - Həkim, sizi narahat etdiyimə görə məni bağışlayın, ölməyə gedirəm, - deyib otağından çıxıb evə tərəf götürüldüm. Lakin aradan bir saat keçməmiş gördüm, qapımız döyülür. Açanda Sevil xanımı gördüm. Dərmanlarımı alıb gətirmişdi. Üstəlik mənə ürək-dirək verdi. Dedi ki, narahat olma, dərmanları qəbul edəndən sonra yenə yanıma gələrsən...
...Əhədova Sevil Heydər qızı 26 iyul 1947-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. 1965-ci ildə Lənkəran şəhət 1 nömrəli orta məktəbini qızıl medalla bitirərək elə həmin il N.Nərimanov Adına Azərbaycan Tibb İnstitutuna daxil olub.1971-ci ildə ali tibb təhsilinin fərqlənmə diplomu ilə başa vuraraq Lənkəran səhiyyəsinə təyinat alıb və rayon Mərkəzi Xəstəxanasındakı doğum şöbəsində mama-ginekoloq kimi fəaliyyətə başlayıb.15 il mama-ginekoloq şöbəsində fasiləsiz rəhbərlik edib.İşlədiyi müddətdə “səhiyyə əlaçısı” medalına və müxtəlif fəxri fərmanlara layiq görülüb. Ailədə 8 uşaq – 4 bacı, 4 –qardaş olublar. Onların hamısı fəal həyat mövqeyi qazanıb. Aralarında rəhmətə gedənlər də var, yaşayanlar da. Müxtəlif peşə sahibləri kimi təkcə özlərini deyil, el-obanı düşünüblər, bacardıqları qədər cəmiyyətə fayda veriblər.
Əslində Sevil xanımın ürəyində həkimlik peşəsinə hədsiz sevgi olsa da atası onu təhsilini davam etdirməyə razılıq vermirdi.Lakin, bu işdə Ulu öndər Heydər Əliyevin bacısı Lənkəran şəhər 1 nömrəli orta məktəbində işləyən Şəfiqə xanım Əliyevə sevimli şagirdinə yardımçı olub.Şəfiqə müəllimə şagirdinin təhsilini davam etdirməsi üçün atasını da razı sala bilmişdi.Təsadüfi deyil ki, Sevil xanım həyatda qazandığı uğurlara görə sevimli müəllimi Şəfiqə xanıma həmişə minnətdar , borclu olduğunu dönə-dönə bildirərdi.İndi onların ikisi də həyatda yoxdur, Lakin xatirələr yaşayır.
Sevil xanım isə həkimlik peşəsini seçdi. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirdikdən sonra Lənkərana təyinat aldı. Mərkəzi Rayon Xəstəxanasında, Şürük kənd xəstəxanasında və bir çox başqa tibbi müəssisələrdə ixtisası üzrə işlədi. Öz səmərəli tibbi fəaliyyəti ilə qısa müddətdə nəinki Lənkəranda, qonşu rayonlarda da tanındı.
Analarının gündən-günə artan nüfuz və hörməti övladlarından da təsirsiz ötüşmədi. Sevil xanımın öz ailəsində iki uşaq ərsəyə çatıb. Onlar anasının şərəfli həkimlik peşəsinə yiyələnməyi, əhalinin sağlamlığı keşiyində durmağı qarşısına məqsəd qoydular. Hər ikisi ali təhsilli həkim oldu. Hazırda Cəbrayıl həkim-stomotoloq, Nuranə xanım isə həkim-radioloq kimi öz nümunəvi tibbi xidməti ilə mənsub olduqları nəslin, soy kökünün şərəf və ləyaqətini uca tuturlar.
İllər keçdikcə nəslin davamçıları həyata göz açır, babalarının, nənələrinin həyat yolunu özlərinə örnək götürürlər. Sevil xanımın 8 nəvəsi və 2 nəticəsi var. Ən böyük nəvəsi Namik Axundovdur. Atası Kənan tanınmış iş adamı və xeyriyyəçidir. Anası isə yuxarıda adını çəkdiyimiz Sevil xanımın yeganə qız övladı Nuranə xanımdır. Namik məhz bu ailədə ərsəyə çatıb. Orta məktəbi bitirəndən sonra peşə seçimində tərəddüd etməyib, həm nənəsi Sevil xanımın, həm də anası Nuranə xanımın şərəfli həkimlik peşəsini seçib. İxtisasca həkim-radioloq olan Namik Axundov hazırda Lənkəran şəhərində iki il əvvəl istifadəyə verilən Medlandia Özəl Tibb müəssisəsinin direktorudur.
Medlandia Özəl Tibb müəssisəsi tanınmış həkim-ginekoloq Sevil xanımın şərəfinə və bilavasitə onun təşəbbüsü ilə tikilsə də təvazökarlıqdan öz adının müəssisəyə qoyulmasına razılıq verməyib. Sevimli nəvəsi Namik Axundov tibb müəssisəsinin fəaliyyətinə rəhbərlik edir. Gənc həkim-radioloqun ciddi səy və yüksək təşkilatçılıq bacarığı sayəsində müəssisədə kardiologiya, urologiya, nevrologiya, radiologiya, revmatologiya, ginekologiya, travmatologiya və s. şöbələr fəaliyyət göstərir. Burada bütün tibbi ixtisaslar üzrə peşəkar həkimlər çalışır və əhalinin sağlamlığına öz töhfələrini verirlər. Eyni zamanda tibbi müəssisəyə Bakıdan da xarici ölkələrdə təhsil almış və təcrübə keçmiş məşhur həkimlər də dəvət olunur. Tanınmış cərrah-endokrinoloq Xaqani Həsənov, kök-hüceyrə həkimi Vüsal Eyvazov və başqaları dəfələrlə bu müəssisədə olmuş və xəstələri qəbul etmişlər.
Təbii ki, Medlandia Özəl Tibb Müəssisəsi hələlik ilk uğurlu addımlarını atır. Ən müasir tibbi avadanlıqla təchiz edilmiş müəssisədə hazırda xəstələrin dəqiq müayinə və müalicəsi üçün hər cür şərait vardır.
Sevil xanım artıq həyatda yoxdur. Yaşasaydı bu il 77 yaşı olacaqdı. Lakin ölüm o qədər amansızdır ki, saysız-hesabsız xəstələrə həyat bəxş edən, ömürlərə ömür qatan bir insan da qarşısında aciz olur, öz həyatını qoruya bilmir. Cəsarətlə demək olar ki, Lənkəran səhiyyəsi həkim-ginekoloq Sevil xanımın simasında öz peşəkar və mahir bilicilərindən birini itirib. Lakin Sevil xanım həyata qaytardığı xəstələrinin taleyində, kövrək, şirin xatirələrdə yaşayır...
İllər keçəcək, deyəcəklər, vaxtilə Lənkəranda məşhur həkim-ginekoloq Sevil xanım yaşayıb. Minlərlə xəstəyə həyat versə də, özü isə həyatda yoxdur. Onun yeri boş qalır.
Sevil xanım nəinki yaxınlarının, həyatları ondan keçən bütün insanların gözlərində yaş, ürəklərində əbədi bir həsrət qoyub getdi. Yaxşı ki, onun yolunu davam etdirən övladlar, nəvələr var... Həyat davam edir. Ruhun şad olsun, Sevil xanım!
Bəxtiyar Hüseynov,
Xudaverdi Cavadov